Unudulmaz sevgi şeirləri - Nigar Rəfibəyli, “Sənsiz” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün rubrikamda gözəl şairəmiz Nigar Rəfibəylinin yaradıcılığına müraciət edəcəyəm. Və onun çox məşhur “Sənsiz” şeirini sizlərə təqdim eləyəcəyəm. 

Bilməyənlər üçün deyim ki, Nigar xanım bu şeiri ömür-gün yoldaşı Rəsul Rzaya həsr edib. O vaxtlar sevgilər saf, səmimi olardı, indiki kimi təmənnalı olmazdı. Nigar-Rəsul sevgisi isə dillər əzbəri idi. 

 

Nigar Rəfibəyli 

SƏNSİZ

 

Bir son bahar da düşdü

ömrümün təqvimindən,

Nə sənə məhəbbətim,

nə həsrətim azaldı.

 

Özüm də heç bilmirəm

niyə bir ömür boyu

Gözüm uzaq yollarda -

sənin yolunda qaldı.

 

Bir qocaman dağ olsan

səni vurub yıxardım.

Ürəyimdən ən incə

teli necə qopardım?

 

Dünyada gözəl də çox,

gözəl ürəklər də çox.

Şirin-şirin arzular,

incə diləklər də çox.

 

Bir sən oldun könlümün

yaxın dostu, həmdəmi.

Sən olmazsan tutmazdı

bəlkə əlim qələmi.

 

Sən olmazsan baharın

yazın ətri olmazdı.

Sən olmazsan bir dünya

sevinc belə çox azdı.

 

Baharın çiçəkləri

açıb solmasın sənsiz.

Ömrüm sənsiz olmasın,

şerim olmasın sənsiz.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2024)