QİRAƏT SAATInda “Eşq mələyi” Featured

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

33-cü hissə

 

Bilgəhli günlər

 

Ev birmərtəbəli idi, iri artırması vardı, üç yataq otağı, bitişikmətbəxlə qonaq otağı, bir də hamam otağı. Ülkərə kənar otağı vermişdilər, səliqəli otaqdı, taxt çarpayısı var idi, təyinatına görə ev sahibi və xanımının yataq otağı olmuşdu, ortada uşaqlar üçün nəzərdə tutulmuş kiçik otaq idi, evin tək övladı – yeddi yaşlı oğlan uşağı orada yatırmış. Sonra da Bəsti xalanın otağı gəlirdi.

Həyət elə də böyük deyildi, uzağı dörd sot olardı, yığcam idi. Yerə metlax döşənmişdi, bir hissəsi qazon idi. Bir neçə qızılgül kolu var idi, bir dənə də çox da böyük olmayan tut ağacı. Həyətin ən əsas özəlliyi isə hovuz idi. Ülkər hovuzu görcək ağlına gələn ilk fikir o olmuşdu ki, kaş mövsümü olaydı, elə paltarlı-paltarlı atılıb o sərinlikdən ləzzət duyaydı.

Ülkər həm yemək bişirib-düşürməli, Bəsti xalaya qulluq eləməli, həm evin təmizlik işlərini görməliydi, üstəlik, həyət-bacaya da əl gəzdirməliydi. Əslində, beş yüz manat üçün deyildi bu qədər iş, ev sahibi xəsislik etmişdi maaş təyin edəndə, amma Ülkər əlacsızdı, yolpulunu verirdilər, yeyib-işməyi buradan idi, tam beş yüz manatı toxunulmadan qızına və anasına xərcləyə biləcəkdi.

Bəsti xala 67 yaşındaydı, İqbaldan savayı daha iki oğlu var idi, Ukraynada yaşayırdılar, orada güzəran qurmuşdular, ikisi də ukraynalı xanımla ailə qurmuşdu, birinin bir, digərinin iki övladı vardı, ildə bir dəfə gəlib analarına, qardaşlarına baş çəkirdilər. Özü də Yeni il bayramında. Bu dəfə də dekabrın otuzu gəlib 2016-cı ili hamısı birlikdə keçirmişdi, yanvarın beşində də geri dönmüşdülər.

Qadın iflic idi, nə səbəbdən bu hala düşmüşdü, neçə müddətdi gəzə bilmirdi, -- Ülkər bunlardan xəbərsiz idi, arada-bərədə söz salsa da, qadın bu mövzuda danışmağı sevməzdi. Ancaq öz İqbalını tərifləyərdi, İqbaldan Ukraynadakı oğullarına keçərdi, sonra nəvələrinə tərif qoşardı, axırda da keçərdi gəlinlərinə. Əsla bir kəsdən, bir şeydən şikayətlənməzdi.

Hətta bir dəfə Ülkər məsuliyyətsiz edib isti çayı qadının üstünə dağıtmışdı, qadın özünün incidilməsini bir kənara qoyub Ülkərin təşvişə düşməsindən narahat olmuşdu, “Bir şey deyil” deyərək Ülkəri toxtatmağa çalışmışdı. Həftəsonu oğlu, gəlini və nəvəsi bir günlük gələndə isə hey Ülkəri tərifləyər, “Mənə çox yaxşı qulluq eləyir, elə bil doğma qızımdır, onun donluğunu artırın” deyərdi.

Qadın köhnə admlardan idi, “donluq” deyəndə əməkhaqqını nəzərdə tuturdu, Ülkərin əməkhaqqını artırmasını xahiş etsə də, oğlu bunu qulaqardına vururdu.

Ülkər həvəsliydi, burada çalışmaq həm ailəsinin xilası idi, çünki pulsuz qalsaydılar, məhvə məhkum ola bilərdilər, həm başını qatırdı. Turalın ölüm xəbərindən sonra əsla özünə gələ bilmir, hey fikir çəkirdi. Üstəlik, Bəsti xalanın timsalında rastına yaxşı adam çıxmasına da sevinirdi, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə inanırdı.

Bəsti xala məxsusi yemək sifariş verməzdi, Ülkər nə bişirsə, bəh-bəhlə yeyərdi. İqbal bazarlıq gətirəndə meyvə-tərəvəzi bol eləyirdi, deyirdi, “mamanın vitaminini bol eləmək lazımdır”. Ülkər kələm qovurur, badımcandan həftəbecər hazırlayır, lobya qaynadır, pencər bişirib üstünə yumurta vururdu. Hərdən də parda kotlet bişirir, ya da toyuq soyutması hazırlayırdı. Qadını yedirdir, özü də yeyir, sonra qab-qacağı yuyub evə əl gəzdirirdi, qadın günorta iki-üç saat yatanda isə artırmadan dənizə tamaşa edirdi. Dəniz nə qədər ülviliyi bəsləyirmiş sinəsində. Gah dalğalanırdı, əsib-coşurdu, gah mülayimləşirdi, ləpələrində günəş şüaları bərq vururdu.

Ülkər dənizlə söhbətləşirdi, keçmiş günlərini birər-birər xatırlayır, başına gələnlərdən dənizə acı-acı şikayətlənirdi. Ömründə yalnız acılar çəkmişdi, sanki tale əli qılınclı onunla cəngə çıxmışdı, qəsdinə durmuşdu.

Amma ümidlərini də dilə gətirirdi, gözəl-göyçək Aylini dərs əlaçısı idi, məktəbin fəxriydi, onun tanınmış bir hüquqşünas olmasını istəyirdi Ülkər. Deyirdi, anan öz hüquqlarını qoruya bilmədi, sənsə həm öz hüquqlarını qoru, həm də bütün haqqı tapdalanmışlara dəstək ol.

Bazar günləri evə gedəndə İqbalın verdiyi yolpulundan elədiyi qənaətlə qızına şirniyyat alırdı hər dəfəsində. Ana-bala bir-birinə sarmaşırdılar.

Qızıyla kəlmə belə kəsmək istəməyən Zöhrənin səhhəti get-gedə pisləşirdi. Bir dəfə Zöhrə Ülkəri yanına çağırıb dedi:

-- Mən neylədimsə, sənin xoşbəxtliyinçün elədim. Amma öz əlimlə səni oda saldım. Allah Madarınevini yıxsın, necə ki yıxdı, heç öldüsü-qaldısı da bilinmir. O səni və balanı xoşbəxt edə bilərdi, ləkəli bir yerin yox idi, sakit, başıaşağı, mehriban, qulluqda duran, gözəl-göyçək gəlin idin, başqaları bunu ancaq arzu edər, səndə isə bütün bu keyfiyyətlər var idi. Ancaq o rəzil adam bunları qiymətləndirmədi, səni dəyərsiz edib atdı getdi. Adətən bütün böyük səhvlər ilk kiçik səhvdən törəyər. Birinci səhvi səni zorla o nadürüstə ərə verəndə biz elədik. Amma bu səhvi guya düzəldirmiş kimi sonrakı səhvləri də dalbadal sən elədin. Özündən beş-altı yaş kiçik olan o matuşka gədəyə necə uydun axı?.. Görmədin ki, ondan kişi çıxmaz, arvad kimi elə hey hırıldamağı var? Eləsi anasının, atasının qabağında sözmü deyə bilər, sevdiyini müdafiəmi edə bilər? Yanıram, cızdağım çıxır, necə aldandın, necə özünü bada verdin. Boşanan azdımı, gəlib oturacaqdın atanın xarabasında, birtəhər yaşayacaqdıq, necə ki indi yaşayırıq. Amma xəyalın göylərdə gəzdi, sevgi, nə bilim eşq, bu kimi murdarlıqlar səni aldatdı. Amma yenə bu, sənə dərs olmadı. Gedib atan yaşda o iblisə uydun, noolsun kəbinlisi oldun, sənin boyda oğlanları olan o köpəyoğlunun həmin o qoluzorba oğullarının, qancıq arvadının razılığı olmadan bu işə niyə qol qoydun, bilmədim, bir gün də xəbər tutub hamısı birləşərək səni rüsvayi-cahan elədilər. Döyülüb, söyülüb, tapdanıb üstümə qayıtdın. Bilirsənmi, bu məsəli sənə yüz dəfə çəkmişəm, camış bir dəfə palçığa girdiyi yerin palçıq olduğunu duyub da daha ora girməz. Sənsə o boyda universitet oxumuş adam hətta bu rüsvayçılıqdan sonra da dinc qalmadın, sonra da o namazqılanın dalıyca düşdün. Mən axı sənə dedim, ay bədbəxt qızı bədbəxt, vəhhabi deyirlər, nə deyirlər, o gədə ondandır, dedim ondan sənə ər çıxmaz. Gördünmü, elə də oldu. Bu qədər zülmdən sonra barı ağlını başına yığ, başını salla, işini işlə, balanı böyüt. Sənə Allah kişi yazmayıbdır, ailə yazmayıbdır, bil və agah ol. Ona görə də bu vəziyyətinlə barış və yaşa. Qardaş-bacının da dilini gödək eləmisən, səndən üz döndəriblər, heç kəsin yoxdur. Mən də bugün-sabahlığam. Balanı böyüt, onsuz da sənin daha nə gələcəyin ola bilər, bir daha özünü düşünmə, balanı düşün, onun gələcəyi üçün yaşa.

Zöhrə bunları deyib neçə müddətdə ilk dəfə Ülkəri qucaqladı, hönkür-hönkür ağladı. Doğrudan da, bala baladır, neyləsə də,ana balasını çölə ata bilməz.

İlk əməkhaqqı günü Nazəndə xanımı da dəvət elədilər, Ülkər qəşəng bir süfrə açdı, iki cür dolma bişirmişdi, həm yarpaq, həm kələm. Tort da almışdı.

Yedilər, içdilər, dərdləşdilər. Ülkər işindən razı olduğunu söylədi, qulluq etdiyi ağbirçəyin alicənablığından, müdrikliyindən, əsla heç nədən şikayətlənməmək kimi böyük ürəklilərə xas xasiyyətindən danışdı.

Nazəndə xanım təqaüdündən Aylinə qəşəng bir yumşaq oyuncaqayı almışdı, Ülkər özünü saxlaya bilmədi, hönkürdü. Yadına Turalla, Banuyla birgə Aylini gəzməyə aparmaları, ona hədiyyə almaları düşdü. Amma bu xəyalı başqa bir xəyal qırdı. Rəşid müəllimin Aylinin on yaşının tamamında aldığı nəhəng ayını necə unutmaq olardı?

Düzü, Rəşiddən ayrılması ən çox Aylini üzürdü, tez-tez anasından “Biz niyə yekə evimizə qayıtmırıq, mən o pəmbə otağımdan ötrü darıxmışam” deyə sorğu edirdi.

Həmin gün ilk dəfə Ülkəri fərqli düşüncələr öz məngənəsinə aldı. O, başa düşdü ki, hətta Madar pis adam olmasaydı belə, hətta Rasimlə ailə qursaydı belə, hətta Rəşid müəllimin ailəsi onların izdivacına mane olmasaydı belə, hətta Tural öldürülməsəydi belə, yəni istənilən halda o, xoşbəxt ola bilməyəcəkdi. Onun xoşbəxtliyi Rüfətdəydi. Allah ilk kəz qarşına məhz səni xoşbəxt edəcək adamı çıxarır. Bəs niyə bu qədər dadlı olur, unudulmaz olur ilk məhəbbət? Onun qədrini bilmədin, onu əldən buraxdınsa, bir də heç vaxt xoşbəxt olmayacaqsan, demək ki...

Gecə Rüfətin bağışladığı açarqabını köksünə sıxıb doyunca ağladı.

Kim bilir, Rüfət haradaydı. O vaxtlar xəbər tutmuşdu ki, yaxşı iş-güc yiyəsidir, şəxsi biznesi var. O cür gözəl qəlbli insan, çox yəqin ki, indi xoşbəxt bir ailə sahibi idi. Dünyanın ən xoşbəxt qadınına sahib idi.

Həmin istirahət günündən Bilgəhə qayıdanda hətta Bəsti xala da Ülkərin bolluca ağladığını duymuşdu, bax onda ana kimi Ülkərin başını dizi üstə qoyaraq Bəsti xala onun tale hekayətini dinləmək istəmişdi.

-- Danış mənə həyatını, canım. Danış, bir az yüngülləşərsən həm də.

Ülkər də danışmışdı. Hətta bu uzun hekayət onları vaxtında nahar etməyə də qoymamışdı.

Yayda məktəblər tətilə çıxanda ev sahiblərinin icazəsi ilə Ülkər Aylini də bura gətirdi, Aylin tut yedi, hovuzda çimdi, artırmada durub dənizin rəsmini çəkdi. Qızcığaz soruşdu ki, ana, niyə bizim belə bir bağımız yoxdur, niyə bizim maşınımız yoxdur?

Bu suallar elə də öldürücü deyildi, amma Aylinin növbəti sualı lap öldürücü oldu, soruşdu, ana, niyə bizim atamız yoxdur?

 

 “Ədəbiyyat və incəsənət”

(17.01.2024)