“Yolun rəngi” - Sadıq Qarayevin yeni hekayəsi Featured

Bir saatdan çox idi ki, yol qırağında dayanıb gözləyirdi. Avtomobillər dayanır, sürücülər getdikləri rayonların adını, neçə nəfərlik boş yer olduğunu ucadan deyirdilər. Elə bil buradan hər yerə, lap Marsa da gedənlər var idi, bircə onun gedəcəyi istiqamətə bu gün heç kim getməyəcəkdi...

Gözləməkdən yorulsa da bunu hiss etmirdi. Əksinə, vaxt keçdikcə, əsəbləşir, intizarı artır və bundan sanki ayaqlarına güc gəlirdi, bəlkə də günlərlə burada dayanıb gözləyə biləcəyinə inanırdı. Axı birinci sinifdə oxuyan qızına söz vermişdi ki, üç saata onun yanında olacaq. Bu gün onun ad günüydü. Bura çatanda telefonla danışmışdılar..

- Ata, nə vaxt gəliysən?

- Bu gün, indi yola çıxıram. Uzağı üç saata çataram.

- Gözlüyüyəm ata..

Gedəcəyi yolun iki saat yarımlıq oduğunu, avtomobil gözləməyi nəzərə alıb, üç saat demişdi.

Geciksəydi Nigar ondan küsəcəkdi. O qəribə qız idi, bir ay öncə verilən sözü də unutmaz, atasının yadına salardı. Əməl edilməsini istəyərdi. Bu sözvermələr əsasən gəzməyə getmək, oyuncaq alma "sürpirizləri" olardı. Belə vaxtlarda ata həmişə öz- özünə deyərdi ki, daha söz verməyəcək. Çünki, Nigar sonra əl çəkmir.

     İndi də özünü qınadı ki, gərək vaxt deməyəydi, gedib çatanda sürpiriz olardı, həm də rahat gedib çıxardı, yol işini bilmək olmur axı. Dəqiq bilirdi ki, Nigar artıq bir saatdır ki, onu gözləyir, saata baxır, oynayır, özü öz başını qatır...

       Əslində günortadan yola çıxmışdı, vaxtının çoxunu bazarda Nigara don və şlyapa axtarmaqla keçirmişdi. Məsələ burasında idi ki, hər ikisi də gərək "pəmbə" rəngdə olaydı, Nigarın istəyi belə idi. O da donu tapırdı, rəngi uyğun gəlmirdi, pəmbə olanda da ölçüsü düz olmurdu. Bir qədər də vaxt doha uyğun şlyapanı tapmağa sərf olundu. 

     Niyə məhz "pəmbə" rəng? Bayaqdan özünə verdiyi sual yenə ağlına gəldi.  Nigarın, elə bir çox qız uşaqlarının niyə pəmbə rəngdən daha çox xoşu gəlir? Yaxşı bəs niyə cəmiyyətdə "qız uşaqlarına pəmbə, qırmızı rəngli paltarlar, oyuncaqlar almaq olar, oğlanlara isə yox" fikiri formalaşıb?  

- Ey, qardaş oğlu hansı tərəfə gedirsən?

Nisbətən kök, başı yarımçıq keçəl, qalın qaşlı, orta yaşlı sürücü boynunu elə uzatmışdı ki, sağ tərəfindəki oturacaq yerini keçərək, avtomobilin aşağı endirilmiş şüşəsi yerindən bayıra çıxmışdı.

Onunla eyni istiqamətə gedirmiş, qiymətdə çənə-boğaz etmədi, nə dedisə, razılaşdı. Qara rəngli Mersedes boş idi, qabaqda sürücünün yanında əyləşib, saata baxdı. Nigarla danışandan artıq saat yarım keçmişdi. Elə təsləsirdi ki, imkanı olsa, sürücünün yerinə keçib, radar zad bilməz, ən yüksək sürətlə sürüb gedərdi. 

-Hə, əmi, yolumuz açıq olsun, gedək.- Bunu deyib, sürücünün üzünə baxdı. 

   Sürücünün də üzü qırmızıya çalırdı, bilmək olmurdu ki, bu onun təbii rəngidi, ya dağ adamlarının sağlam, “qan daman" yanaqlarındandır, ya təzyiqi vardır, ya da pərt olub, pörtüb qızarıb?

      Sürücü onun üzünə baxıb gülümsədi, qızıl dişləri göründü. Bu an qızılı rəng, qırmızı rəng və topa qaşlarının qara rəngi yenə onun diqqətini cəlb etdi. Bir insanın simasında nə qədər rənglər olarmış...? Başı da üç rənglidir... keçəl yeri, ağ, qara tüklü yerləri. Gözləri isə göm-göy idi...

- Qardaş oğlu, mən xaltura eləmirəm. Sadəcə olaraq, yoldu gedirəm, Bakıda işim var idi. Dedim, qulaq yoldaşı olsa yaxşı olar. Daha keçib, sən rahat otur, düşüm aşağı, baxım görüm, gedən varsa bir nəfər də götürüm, gedək. Həm də savab işdir, bəlkə kimsə tələsir, yolda qalıb...5 dəqiqəyə gəlirəm, olar-olmaz gedərik...

     Heç nə deməyə üzü gəlmədi. Ağlına gələn o oldu ki, görəsən bu savab iş deyilən əməlləri canlandırsaydılar, nə rəngdə olardı? Əgər bunu bilsəydi, insanların rəngindən hansı əməllərin, düşüncələrin yiyəsi olduğu bəlli olardı. 

 

Saatına baxdı, iyirmi dəqiqə keçmişdi, sürücü hələ də yol qırağında o yan- bu yana gedir, müştəri axtarırdı. Az qala hamıya yaxınlaşıb, hara getdiklərini soruşmuşdu.

Aşağı düşüb, üzünü sürücüyə tutaraq:

- Ay əmi, getməyəcəyik?, - soruşdu.

- Budəqiqə gəlirəm, səbr elə, qardaş oğlu.

Doğurdan da o gəldi, yanında da çəlimsiz, əlində balaca bir selofan torba olan gənc oğlan.

- Otur bala, otur, yolda qalma. Bundan sonra çətin maşın olar, - deyib, arxadan sol qapını açdı, özü isə cəld sükan arxasında əyləşdi.

-A bala, niyə minmirsən? Nə gözləyirsən?

-Əmi, 5 manat verəcəm ha..

- Yox da bala, danışdıq axı, 7 manat.

- Yox, əmi, 5 manatım var, axı Sizə dedim.

- Yaxşı, eybi yox, 6 manat verərsən.

- Əmi, Vallah  yoxdu, fəhlə adamam. 5 manatım var, zəng ediblər, anam xəstədi, təcili rayona getməliyəm. Müdir pul vermədi, işləmişəm, alacağım da var. Vermirlər ki, birdən qaçarıq, bir də qayıtmarıq.

- Allah şəfa versin anana, amma 5 manata apara bilmərəm, 10 manatlıq yoldu e...

Bu söhbətə qulaq asa-asa bir az da əsəbləşdi, acıqla üzünü sürücüyə tutub:

- O bir manatı mən verərəm. Qoy əyləşsin gedək, -dedi. 

- Sən niyə verirsən, özü verər. 

- Sənə nə fərqi vardı, kim verdi?

- 5 manata yol olmaz, bilirlər axı. Ondansa götürmərəm, maşına nə qədər ağırlıq, güc düşür, sabah bir yeri qırılsa mən düzəltdirəcəm...

İstədi düşüb yerə qapını çırpıb: - Rədd ol get! - desin. Nigar gəldi gözü önünə, evdən gəlib darvazanın deşiyindən bayıra baxır, geri evə gedib bu dəfə də saata baxırdı.

- 5 manat o verir, 5 də mən qoyuram onun əvəzinə 10 edir, otursun gedək...

Qara Mersedes üzü qərbə, günbatana tərəf gedirdi. Qürubdakı günəş görsənirdi, elə bil batmağa azalmış daha da böyümüşdü. Günəşdən çox, o, üfüqə, dünyanın qurtaracağına qoyulmuş qırmızə kürəyə bənzəyirdi..

Çönüb arxaya baxdı, gənc oğlan yatmışdı, yorğunluq və gedişhaqqı söhbətinin nəticəsi olan pərtlik simasında cizgilər formasında donub qalmışdır. Ona nədənsə elə gəldi ki, oğlanın siması yetişməkdə olan açıq qızılı rəngli buğda dənəsi rəngindədir.

Oğlandan gözünü çəkib, sürücüyə tərəf baxdı, təəccübləndi, onun simasının ilk gördüyü qırmızımtıl rəngi getmiş, sarımtıl 5-lik kağız pul rəngi almışdı.

Sürücü onun baxdığını hiss edib, üzünü çevrib , gülümsəyərək dedi:

- Günəşi görürsən, elə bil yolumuzun üstündə dayanıb, doğma adam kimi bizi gözləyir. Bu yaxşı əlamətdir. Bu cür anı görmək, ona tərəf getmək hər vaxt adama nəsib olmur. 

- O niyə qırmızımtıl rəngdədir?- qəfil ağlına gələn sualı verdi.

Sürücü bir az susub, dedi:

- Mövcud olan hər şey öz rəngini mahiyyətindən alır. Zaman daxilində də tez-tez dəyişir. Bunun çoxlu səbəbləri var. Bu Allahın hikmətidir.

- Qızıl, eləcə də bir çox şeylərin rəngi dəyişmir axı, göy üzü və ya dəniz də həmişə mavidir.

Sürücü yola tərəf baxa- baxa, astadan gülərək dedi:

- işığı keçirsən, qızılı nə rəngdə görərsən? Və ya gecə göy üzünü gündüzdən fərqli görmürsən? Dəyişməzlik, sabitlik Allah məxsusdur.

Sürücü bu sözləri danışdıqca səsi mülayimləşir, elə bil elm, hikmət dolu, bir xəzinə sahibi danışırdı. Bir az əvvəl onun fəhlə oğlanla 1 manat söhbətini, eşitməsəydi, onu mömin bir adam sayardı. Xeyli təcüblənmişdi.

Araya sükut çökdü. Birazdan yenə maraq onu bürüdü. Yenə üzünü sürücüyə çevrib sual etdi:

- Niyə yarpaqlar məhz yaşıldır? Üzüm qorası göy olur, yetişəndə qara, sarımtıl, qırmızı olur?

- Hər hansı bir şey üzərinə düşən işıq şüalarının hamısın udursa qara, hamısını qaytarırsa ağ, hamısını udub, yaşılı qaytarırsa yaşıl, qırmızını qaytarırsa qırmızı görsənir. 

O, başı ilə sürücünün dediklərini təsdiq edib, dedi:

- Doörudur, bunları mən də bilirəm. Amma yarpaqlar niyə məhz yaşıl, qan qırmızdır? 

Sürücü yenə düşünə-düşünə yola tərəf baxmağa başladı. O isə başını çöndərib, sürücüyə tərəf baxdı. Təcübbləndi, heyrətdən gözünü yumub, açdı. Ona elə gəldi ki, sürücünün sükanı tutan əlləri, qolları ağ- appaq idi, sanki quş qanadlarını xatırladırdı. 

- Sənin bu sualının cavabını mən bilmirəm, bəlkə də elmin sərhəddir. Daha doğrusu, elm izah edər, yarpaq niyə yaşıl görsənir, ancaq onun məhz niyə yaşıl görsənən quruluşda olması, qanın qırmızı olması Allahın hikmətidir.

Yenə araya sükut çökdü. Sürücü avtomobilin sürətini azaltdı, yavaş-yavaş yolun sağ tərəfinə çəkərək, bir kafenin həyətində saxladı. 

-Qardaş oğlu, bir çay içək, yoruldum, həm də hara tələsirik ki?...

Nə deyəcəyini bilmədi, məcbur razılaşmalı oldu. Geri çönüb, oğlanı oyatmağa başladı:

- Qardaş, oyan, düşək bir çay içək.

     -Onu oyatma.

     - Niyə

     - Onsuz da pulu yoxdu. Qoy yatsın.

       Sürücünün bu sözündən yenə əsəbləşdi. Onun kafenin həyətindəki işıqlardan aydın görsənən simasına baxdı. “İlahi, bu nə əcaib sifətli adamdı. Gecə adamın qabağına çıxsa, nə qədər ürəkli olsan da qorxarsan"- deyə düşündü.

     - Eybi yox, onun çayının pulunu mən verəcəm.- dedi.

     

Yenə yollarına davam edirdilər. Fəhlə oğlan çaydan içib, dalbadal iki siqaret çəkib, yenidən yatmışdı. Bu dəfə xoruldayırdı. Elə bil dünya yaranandan o da yaranmış, bu ana qədər yuxusuz işləmişdir.

    - Çaya nə qədər verdin?- sürcü soruşdu.

     - 5 manat . Halal xoşunuz olsun.

      - Sağ ol. Halalıq nə rəngdədir, bilirsən?

       O təcübblə başını yırğalayıb dedi:

      - Bir az əvvəl ağlıma gəlmişdi ki, savab iş nə rəngdədir? İndi Siz halallığın rəngini soruşursuz.

       -Biz haradayıq?

        Arxadan səs gəldi, fəhlə oğlan yuxudan oyanmışdı. Heç cavab da gözləmədən dedi:

      - Əmi, zəhmət olmas yavaşlayın, o qabaqdakı yol keçidində saxlayarsız.

      - Hansı, o maşınlar dayanan yerdə? 

       - Bəli.

       Oğlan avtomobildən düşdü. Utana-utana sarı rəngli 5 manatlıq çıxarıb, sürücüyə uzatdı.

       - Onu ver bu qardaş oğluna, mən ondan pulu bir yerdə, kom alacam, - sürücü dedi. 

       Oğlan pulu ona verib, xeyli təşəkkür edib, sürücüyə "sağ ol" demədən çıxıb getdi.

      "Belə pulgir, qanmaz, insanlıqdan kənar adam olar?"- O ürəyində qəzəblə sürücü haqqında belə düşünürdü.

      - Sənə maraqlı bir söhbət edim?

       O acıqla, heç sürücünün üzünə baxmadan, könülsüz halda dedi:

        - Edin.

         - Rənglərin çox sirrli xüsusiyyətləri var. Bir gəlin dünyaya oğlan uşağı gətirir.  Bundan sonra gənc ailədə, qohum- əqrabada aləm dəyir bir-birinə. Niyə? Çünki ata, ana,  babalar, nənələr - hamısı qaraşin, uşaqsa sap-sarı, göygöz, elə bil rus balası idi.

         - Niyə, gəlin xəyanət etmişdi?

          Sürücü gülüb dedi:

          - Hamı belə düşünürmüş. Bir ağsaqqal kişi gəlib gəlindən soruşur:- Hamilə  vaxtlarında sarışın kimləsə söhbət etmisən?                

       Gəlin deyir:- Bəli, qonuşumuzda bir rus xanım var idi. Çox gözəl insan idi, həmişə peraşki bişirəndə məni çağırırdı. Məni peraşkiyə, çaya qonaq edirdi. Həm də onun söhbətlərindən doymurdum, saatlarla qulaq asırdım. Ən çox da anasından, qardaşlarından danışırdı. O qədər onları təsvir etmiş, haqlarında danışmışdı ki, mən sanki gözümün önündəymiş  kimi həmən insanları görürdüm.

      Bundan sonar ağsaqqal camaatı başa salır ki, bu uşağın sarışın və gözlərinin göy olması gəlinin həmən rus xanımla çoxlu söhbətləri, üzünə baxması və danışdığı hekayələrin təssüratının nəticəsidir. Bax oğul, kərtənkələ, çəyiritkələr yaşıl çəmənliklərdə yaşıl, bozqırlarda boz olurlar. Alimlər bunu təbii seçmə ilə izah edirlər, guya ki, boz və yaşıllar düşmənlər tərəfindən görünmürlər, mühitə uyğun rəngləri olanlar seçilib sağ qalır. Əslində isə onların hər gün gördükləri rənglər göz vasitəsilə vücuda keçir, öz rənglərinə təsir edir.

    - Çox maraqlıdır, necə?

      Sürücü gülüb dedi:

      -Necəsini biz bilmirik. Allah bilir. O yerdə və göydə hər nə varsa yaradıb, hər şey onundur və keçmişi, gələcəyi bilir.

    Sürücü danışdıqca çönub ona baxırdı. İndi lap heyrətə gəlmişdir. Ətrafda gecənin zil qaranlığı fonunda sürücü tərəf elə bil nurlu, işıqlı idi. Sükandan isə dörd ağappaq quş qanadına oxşar qollar tutmuşdu.

       Sürücü mülayim səslə söhbətinə davam etdirdi

     -Biz infraqırmızı və ultra bənövşəyi şüalar arasındakı rəngləri görürük. Amma bəzi həşəratlar ultrabənövşəyi, infraqırmızı şüaları da görürlər. Bax aləmlər, məxluqlar arasında pərdə var, ona görə biz insanlar mələkləri, cinləri, şeytanları, virusları və başqalarını görə bilmirik. Biz onları görə bilsəydik, sözün əsl mənasında aləm qarışardı bir-birinə. 20 herslə 20 min hers arasınada dalğa uzunluqlu səsləri eşidirik. Daha kiçik səsləri eşitsəyďik digər məxlulqların səsindən çaş- baş qalardıq, kainatın daha uca, bədheybət səslərini eşitsəydik lərzəyə gələrdik, dəhşətdən diz üstə çökər, bağrımız çatlayardı. Amma Allah  bizə yaxın göyü hər cür bəlalardan, pisliklərdən, o cümlədən bədheybət səslərdən qoruyur, qulağımızı və gözümüzü bizə zərər gəlməsin deyə sərhədləndirib. Sonsuz şükürlər olsun Allaha.

     Düzü, sürücünün danışdıqlarına lap mat qalmışdı. 

     -Qarşıdakı  döngədə saxlayın, mən çatmışam, - dedi.

      Sürücü heç nə deməyib, onun dediyi yerdə maşını saxladı.

      O, yuxu görürmüş kimi, nə deyəcəyini bilmədən sürücüyə tərəf baxdı, qap- qaranlıq idi, heç nə görümürdü.

      Aşağı endi, əlini cibinə salıb özünün və fəhlə oğlanın pulunu üst- üst qoyub, başını qaldırıb, avtomobilə tərəf uzatdı. Avtomobil çıxıb getmişdi...

       İndi xatırladı ki, elə arxada yatan yorğun fəhlə oğlan da avtomobildən düşdükdən sonar belə sakitcə yoxa çıxmışdı...

       Gəlib evə çatmışdı, Nigar onu görən kimi üstünə atıldı, çox sevinirdi. Pəmbə donunu və şlyapasını gördükdə sevinci, fərəhi daha da artdı, gülə-gülə: - Ata, vaxtında gəydin. Saata bax, düz üç saat keçib, - dedi. 

    O, başını qaldırıb, divardakı, sonra qolundakı saatına baxdı. Nigar düz deyirdi. O həmişə düz danışırdı...

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)