POETİK QİRAƏTdə Rəfail İncəyurdun “Adamlar, adamlar…” şeiri

Poetik Qiraətdə bu gün sizlərə Qazax şairlərindən olan Rəfail İncəyurdun "Adamlar, adamlar" şeirini təqdim edəcəyik. 

Adamlar, adamlar...

 

Necədi kamın, vüsalın?

Neçədi sevgi əmsalın?

Gəlin, haqqı razı salın,

Özündən razı adamlar.

 

Ad olunan ada çatır,

Ona baxır, o da çatır.

Hoya çatır, dada çatır,

Əltutan, ruzi adamlar.

 

Süzüldülər sənələrdən,

Gah ürəkdən, gah da sərdən.

Töküldülər sinələrdən 

dəftərə yazı adamlar.

 

Şikayətlər çoxdu – baxaq,

Çoxalmasın tənbəl, qorxaq.

İtilənir haq-ya nahaq

Millətin pazı adamlar.

 

Hələ çox şər atacaqlar,

Aralığı qatacaqlar.

Hara getsə tutacaqlar 

dovşanı tazı adamlar.

 

Sevgi də sızlar oyunda,

Gözəl, gözdən qaç, yayın ta...

Hamı canının hayında,

Neynir ki, nazı adamlar?

 

Teyləməz böyük naxırı,

Teyləsə çıxar paxırı.

Noolardı qurdun axırı 

olmasa quzu adamlar?

 

...Müşkül sizdən çözələnsin,

Ümidlərə iz ələnsin.

Gəlin, Yer-Göy təzələnsin,

Dünyanın yazı adamlar.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)