“Kim bilir, bəlkə əcəl bəxtə fəlakət gətirib” - QƏZƏLLƏR

Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət”

 

 

GƏTİRİB

 

Bu yalan dünya bizə eşqi əmanət gətirib.

Çoxunun eybin açıb, qəlbə rəzalət gətirib.

 

Çəkib hər bir kəsi öz dünyasının mizrabına

Gözünü kor eləyib, dinə cəhalət gətirib.

 

Olsa dünya evi zindan sənə, gəl çaşma yenə

Yaradan haqısızı səhv yoldan hidayət gətirib.

 

Gör nə cür dövrü zamandı, azalıb dinə inam

Hansı mərdanədi dövranə şücaət gətirib.

 

Neçə mahirlərə sordumki nədir eşqə ziyan

Dedi məhv olmuşa sor, eşqə xəyanət gətirib.

 

Ya bu gün, bəlkə sabah dünya dağıldıqca gedir,

Quran öz bəndəsinə xeyli ədalət gətirib.

 

Çalış öz xislətinə boş yerə zillət boyama,

Axı rəbbin səni dünyaya nəzakət gətirib.

 

Ey yazar, yazma kədərdən, qəmə nöqsan  eləmə

Kim bilir, bəlkə əcəl bəxtə fəlakət gətirib.

 

 

AZAR OLDU

 

Yazanda dərdi qəmimdən, könül qəmdən azar oldu,

Nə sirdir bu çətin dünya, yaman məndən bezar oldu.

 

Könüldən bir nəva gəlməz ki, anlamaz görən dərdin,

Biçarə keçdiyim yollar, qaranlıq bir güzar oldu.

 

Güvəndiyim bütün yollar, cəfalıymış əzəlindən,

Biraz gec anladım deyə, ümidlərim məzar oldu.

 

Qəribdi dünyanın üzü, əzab verir gülənlərə,

Gülən çox insanın özü, məzarını qazar oldu.

 

Ümidlə getdiyim yollar, əzabu dərdli qəmlidi,

Ömürdə bir sınaq ikən, pul üstündən bazar oldu.

 

Azar olsun bu dünyanın yalanla dövr edən üzü,

Bu bəxti kəm olan insan, əlacsızca yazar oldu.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)