QİRAƏT SAATInda “Eşq mələyi” Featured

  “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

32-ci hissə

 

Dərd basqısı

 

Dərd həmişə tək gəlmir, heç qoşa da gəlmir, saysız-hesabsız həmlələrlə, qoşun halında gəlir. Ülkəri nə əvvəl işlədiyi məktəbə, nə də bağçaya götürdülər, Nazəndə xanımın çabaları da boşuna oldu, münasib iş tapılmadı ki, tapılmadı.

Üzü yaya doğruydu, söz vaxtına çəkər, may ayıydı, Ülkər idarə və müəssisələrin qapısını döyməkdən usanırdı, ya təəssüflü, ya turşumuş üz ifadələri, “yox” kəlmələri sıraya düzülürdü. Elə obyekt də olurdu ki, sahibi aşkar deyirdi ki, səni işə götürərəm, amma gərək mənimlə yatasan.

Həyatının otuzuncu ilində bu sayaq çətinliklə üzləşəcəyi ağlına belə gəlməzdi. Anası xəstəydi, pensiyası dava-dərmana gedirdi, bacısı Leyliyə həyat yoldaşı Ülkər evə qayıtdıqdan sonra anasına baş çəkməyi qadağan etmişdi, “o pozğun olan evə ayağın dəyməsin” kəlmələri Leyli üçün tabu olmuşdu, Xəyal da anasına kömək etmək fikrindən uzaq idi. Evin dolanışığı, kommunal xərclər, Aylinin təhsili – bütün bunlar maddi vəsait tələb edirdi, vəsait isə yox idi.

Bir gün Ülkər “20 Yanvar” metrosu ətrafında divarlara, işıq dirəklərinə, hasarlara vurulmuş iş elanlarına göz gəzdirərək münasiblərini axtarırdı, birdən arxadan iyrənc bir səs eşitdi, Namiq idi, Namiqi görcək sanki bədənindən cərəyan keçdi. Namiq həyasızcasına “Səndən aldığım kayfı daha heç kəsdən ala bilməmişəm. Gecən neçədir, artıqlaması ilə verim, yenə mənimki ol, kam verib kam alaq” söyləyəndə Ülkər qeyri-ixtiyari qışqırdı, dedi, get ananla, bacınla yat.

Daha bir neçə gündən sonra qəfildən Gülgün zəng etdi. Rəşid müəllim olayından sonra Gülgünlə əsla əlaqələri olmamışdı, Ülkər onun zənginə təəccübləndi də.

Gülgün dedi:

-- Rəşad müəllimin sürücüsü Namiqdən eşitdim ki, metrolarda elanlara baxıb iş axtarırsan. Ürəyim ağrıdı. İndiki zamanda işsiz qalmaq çox çətindir. Bir ailəvi tanışımız var, anaları Bilgəhdə bağda yaşayır, əlil arabasında gəzir, ona qulluq etmək lazımdır. Ayına beş yüz manat verirlər.

Ülkər “Rəşad müəllimin sürücüsü Namiqdən eşitdim ki” kəlmələrindən diksinsə də, hər halda Gülgünün bu təklifini xilası saydı, ona da dil-ağız elədi ki, bu yaxşılığını heç zaman unutmayacaq.

Ertəsi gün Gülgün Ülkəri Nərimanovda bir mənzilə apardı, ev sahibləri gənc kişi və xanım onu yaxşı qarşıladılar. Eynəyindən elmli adam olduğu sezilən mədəni kişi elmi tədqiqat institutunda işləyirmiş, fizik idi, qadını da öz yanında laboratoriyaya düzəldibmiş, güzəranları yaxşı idi, məvacibləri yüksək olduğundan kişinin yaşlı anası üçün “sidelka” – yəni baxıcı, qulluqçu tutmaq qərarına gəlmişdilər.

Ülkər bu mədəni insanlarla dərhal dil tapdı, anlaşdılar. Deməzsənmiş, Bilgəhdə yaşayırmışlar, şəhərə get-gəl çətin olduğundan şəhərdəki bu mənzili kirayələmişdilər, Ülkər qadına Bilgəhdə baxasıydı, kişi ayrıca Ülkərə yolpulu da verirdi. Başı açılanda Bilgəhdəki evi satıb şəhərin mərkəzindən iri bir mənzil almağı da planlarına salmışdı ev sahibi.

Düzdür, gedib həftənin altı günü Bilgəhdə yaşlı qadının yanında qalmaq, yalnız bir gün evinə -- balasının yanına dönmək rejimi ağır rejim idi, amma çarəsi nə idi, barışmalı idi reallıqla.

Beləcə, anasına məqsədini bildirib, kişidən aldığı yüz manat avansı da anasına verib Bilgəhə yollandı.

Onu danışdırmayan anası “Barı bu dəfə yeni hoqqa çıxarma” dedi ardınca.

Heç oralarda olmamışdı. Dəniz kənarıyla onu aparan avtobus ləng gedirdi, imkan verirdi ki, Xəzərin maviliyindən, təkrarsızlığından zövq alsın. Sahil boyu düzülmüş evlər, ləpədöyəndəki kölgəliklər, xırda tikililər gilavarın üz oxşamasından ilhamlanıb sanki adama gülümsəyirdilər.

Qalacağı mənzilə yetişdi, evin qadını onu qayınanası ilə tanış etdi, evin səmtini agah etdi, tapşırıqılarını verib getdi.

Ülkər Bəsti xalayla tanış oldu. Qadının dilinin sözü “oğlum İqbal” idi. Oğlunu “böyüy nəçənniy” adlandırırdı. Olduqca mehribandı, Ülkərə ilk dəfəsindən “canım” deyə müraciət edirdi.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)