QİRAƏT SAATInda “Eşq mələyi”

  “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

31-ci hissə

 

Ayrılıq

 

Ertəsi gün Tural evə dönmədi, Ülkərlə Banu narahatlıq içində səhəri dirigözlü açdılar, dost-tanışdan Turalı soruşdular. Heç kəs bir xəbər bilmirdi. İki qadın bir-birinə qoşulub polis idarələrinə, morqlara belə baş çəkir, gözləri yaşlı halda hətta küçədən keçənlərdən əlamətlərini deyərək Turalı sorurdular.

Beşinci günün tamamında Ülkərin mobil telefonuna uzun bir zəng gəldi, xışıltıdan sonra Turalın səsini eşidəndə sanki gözləri işıqlandı. Tural tələsik bir neçə kəlməni izhar edib dərhal da sağollaşdı.

-- Ülkərcik, salam. Necəsiz? Məndən nigaran qalmayın, Suriyadayam. Şəriət naminə vuruşuruq. İnşallah, qayıdıb gələrəm, yenə birlikdə olarıq. Banuya və Aylinə salamlarımı çatdır. Səni çox sevirəm. Hələlik.

Vəssalam. Bu, Turaldan eşitdiyi son kəlmələr oldu. Ardı gəlmədi. Ülkər hönkürərək ağladı, dükanda idi, müştərilər təəccüblə ona baxırdılar. Banu çıxmışdı ki, nahara perajki alıb gətirsin, içəri girəndə Ülkərin vəziyyətini görəndə donub qaldı, perajkilər əlindən yerə töküldü.

 

***

“Mən deyirdim də, deyirdim, Tural radikal müsəlmanların qurbanı olacaq, gedib Suriyada vuruşacaq. Deyirdim də, bunların ayrılığına səbəb yalnız bu ola bilər”. Süleyman öz-özünə ucadan dedi, sonra saata (03.45) və gecənin lal sükutuna diqqət etdi. Sonra da yenidən acışan gözlərini romana dikdi.

 

***

Suriya barədə Ülkər az eşitməmişdi, bilirdi ki, ora getmək ölümə getmək kimi bir şeydir. Axı niyə, niyə?

Ülkər göz yaşları içində özünü də, Banunu da qınayırdı.

-- Tural düz yolda deyildi, radikallara qoşulmuşdu, o, Suriyadan, cihaddan danışanda biz onun qarşısını kəsə bilərdik hələ, amma biz bunu eləmədik, ağlımıza belə sığışdıra bilmədik ki, Tural Suriyaya gedəcək. Ağzıma daşlar, amma o yol gedər-gəlməz yoldur.

Əslində Turalın qayıdacağına Ülkər də, Banu da ümid edirdilər. Hər dualarında Allahdan Turalı geri qaytarmağı diləyirdilər. Cümə namazında məsciddə bəzən hamı çəkilib getsə də, o ikisi əlləri göydə gözlərindən bıldır-bıldır yaş axıdaraq əzizlərinin geri dönüşünü təvəqqe edirdilər.

Həyatları tam solmuşdu. Birgə söhbətlər, çayiçmə mərasimləri, gəzintilər, Aylinlə görüşlər – indi bunların heç biri yox idi və Ülkər başa düşürdü ki, gör necə xoşbəxt anları, günləri olubmuş bir zamanlar. Adam büllur vazın dəyərini ancaq onu yerə salıb çilikləyəndə bilirmiş.

Qara gəlmiş Novruz bayramından heç bir ay belə keçmədi ki, Turalın ölüm xəbərini birgə namaz qıldığı Söhbət gətirdi, dedi, buradan on iki nəfər qardaş getmişdi, hamısı bir döyüşdə şəhid oldu. Ardınca da nələrsə dedi, Həyyat Təxrir aş-Şam dedi, Bəşir Əsəd dedi, Ərəb baharı dedi, Xalid Xoca dedi, mücahidlər heç vaxt ölmür, onlar əbədiyyətə qovuşur dedi. Nə dediyini Ülkər daha anlaya bilmirdi.

Beləcə, Ülkərin ürəyinin daha bir damarı qırıldı.

O, yenidən, artıq neçənci dəfə tək qaldı.

Banunun təkidlərinə və göz yaşlarına baxmayaraq, əşyalarını, zoğalı rəngli çamadanını yığışdırıb anasının evinə qayıtdı. Zöhrə onun yenə də üzüqara dönüşünə biganə qala bilmədi, saatlarca hönkürüb ağladı.

Yenə üçlükdə yaşamağa başladılar.

Arada bir dəfə Xəyal gəldi, onsuz da qəlbi qırıq olan Ülkərin qəlbini bir daha qırdı, onu “fahişə” deyə çağırdı. Bu sözlər Ülkərin içini silkələdi, cərəyan kimi bütün bədənindən keçdi. Bəli, o, Madarla, Rasimlə, Rəşid müəllimlə, Namiqlə, Turalla – artıq beş nəfərlə yatmışdı, üçünün halal arvadı olmuşdu, Rasimə sevgisi ucbatından, ailə quracaqları vədinə aldanaraq təslim olmuşdu, Namiq oğraş isə onu zorlamışdı. Fahişə deyildi axı o. Fahişə -- pulun müqabilində bədənini satana demirlərmi?

Həmin gün Ülkər “qulaqlara qurğuşun” deyib bu fahişə aşağılığına heç vaxt düşməyəcəyinə bir əminlik izhar eləmişdi.

Yeni həyat başlayırdı. Tural yox idi deyə “Ulduz”metrostansiyasının yanındakı ətriyyat dükanına mal gətirilməyəcəkdi, bu səbəbdən dükanı da bağlamalı olmuşdular. Ülkər özünə iş tapmalıydı, ayaqda durmağa çalışmalıydı. Onu elədən-eləyə, belədən-beləyə atan həyatla vuruşmaqda israrlı idi. Çünki balasını böyütmək kimi bir məsuliyyəti və borcu var idi.

 

 “Ədəbiyyat və incəsənət”

(15.01.2024)