QİRAƏT SAATInda “Eşq mələyi” Featured

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

30-cu hissə

Turallı günlər

 

Günlərin yaxşısını, pisini yaşayanda elə də fərqləndirmirik, elə ki yaşadıq, bitdi, illər sonra fərqinə varırıq ki, filan vaxt necə də xoşbəxt olmuşuq, filan vaxt necə də bədbəxt olmuşuq.

Turallı günlərdə Ülkər çox xoşbəxt idi. Banu onların rahatlıqları üçün ev kirayələyib köçüb getmək istəmişdi, amma Ülkər buna razı olmamışdı.

Tural öz işləri ilə məşğul olurdu, məscid, dindar dostların əhatəsi, bir də metronun yanındakı nöqtələrinə ətriyyat qutuları gətirmək. Ülkərlə Banu isə ətriyyatı satır, qazandıqları pulları üst-üstə yığıb Turala təhvil verirdilər. Ərzaq, təsərrüfat malları, pal-paltar almağa da üçlükdə gedərdilər. Büdcələri tam şəffaf idi, sanki üç bədəndə bir can kimi yaşayırdılar.

Banu ilə Ülkər həyatın vəfasızlığından saatlarca danışardılar, insanların etibarsızlığı, kişilərin azğınlığı aparıcı mövzu olardı.Təkcə Turaldan danışanda hər ikisinin gözləri gülərdi. Turalın mənfi bir yönü yox idi gileylənməyə.

Həftəsonları isə üçlükdə gedib Aylini nənəsinin yanından götürər, gəzməyə çıxarardılar. Karusellər, zoopark, sirk, uşaq teatrı – hər dəfə Aylini yeni bir əyləncə ilə sevindirərdilər. Hər gəzintinin sonunda da ona mütləq bir oyuncaq hədiyyə edərdilər.

Ülkər qızıyla ayrı yaşamağa əsla dözə bilmirdi, amma onu yanına – Əhmədliyə gətirmək istəmirdi. Əvvəla, ev Zöhrənin evindən fərqli olaraq şəraitsizdi, darısqaldı, dörd nəfərə burada yaşamaq çətin olacaqdı, mütləq uşağın öz guşəsi olmalıydı. İkincisi, bura Əhmədliydi, Aylini hər gün şəhərin digər başına məktəbə aparıb-gətirmək zülm olacaqdı. Üçüncüsü isə, Ülkərin bu yeni izdivacını top-tüfənglə qarşılayan Zöhrə “Sən qızışmısan, get kefini çək, Aylinə isə toxunma, getdiyin o xarabada körpənin nə iti azıb” deyərək Aylinin Ülkərlə getməsinin qəti əleyhinə çıxmışdı.

Tural Ülkərin xiffət çəkdiyini görcək deyirdi, Ülkərcik, inşallah, Allah qismət eləyər, səbəb salar, evimizi böyüdərik, Aylin balamızı da gətirərik yanımıza, birlikdə şad-xürrəm yaşayarıq.

Bəzən üçlükdə Nazəndə xanımı da yoluxmağa gedərdilər. Rəşid müəllimlə bağlı olaydan sonra qəlbinin sındığını etiraf etsə də, Nazəndə xanım onları gülərüzlə qarşılayır, süfrə açırdı. Nazəndə xanım tez-tez Zöhrəgilə getməyi, Aylini yoluxmağı əsla gündəmdən çıxarmamışdı, iki nənə bir nəvələri ilə təsəlli tapırdı.

O arada Madar tam itib-batmışdı, son dəfə narkomaniyadan əziyyət çəkdiyi, yaşadığı ukraynalı qadın tərəfindən evdən qovulduğu xəbərini almışdılar, vəssalam. Harada idi, nə işlə məşğuldu, bilən yoxdu. Sağ-salamat olmasına heç əminlik də yox idi.

Düzdür, Nazəndə xanım ağlayar, canından can verdiyi Madarın bədbəxt taleyinə üzülərdi. Hər halda balasıydı axı. Amma insanlıqdan uzaq olan, bu fikirsiz-düşüncəsiz, bu ürəksiz, hissiz-duyğusuz varlığın xilası yox idi, bunu da gözəl bilirdi. Övladlar bəzən valideynlərinin ölüm epikrizinə çevrilirlər nədənsə. Allah Madarı, deməzsənmiş, bəla olaraq vermişdi valideynlərinə.

Bir gecə Ülkər dedi ki, Tural, istəyirəm bir oğlumuz olsun, Aylinimizə qardaş gərəkdir. Adını da artıq düşünmüşəm. Adını Elvin qoyaq.

Gözləyirdi ki, Tural da ona qarşılıq verəcək, fikrinə şərik çıxacaq. Amma Tural gözlənilməzləri dedi, dedi, Ülkərcik, mənim bir çətin səfərim gözlənilir, qoy gedib sağ-salamat qayıdım, ondan sonra balamızı dünyaya gətirərik.

Ülkərin damarında qanı dondu. Necə yəni çətin səfər, necə yəni sağ-salamat qayıtmamaq ehtimalı?

Tələb etdi ki, Tural ona açıqlama versin.

-- Sən nə danışdığının fərqindəsən, Tural? Necə yəni çətin səfərin var? Neçə yəni qoy gedim, sağ-salamat qayıdım, sonra? Sənin nə səfərin ola bilər ki, ordan sağ-salamat qayıtmağa belə gümanın azdır? Yalvarıram, bəlalardan məndə can qalmayıb. Bir yeni bəlaya da sən salma məni.

Tural onu sakitləşdirməyə çalışdı:

-- Yoxe, Ülkərcik, narahat olma, sözgəlişi dedim, əlbəttə, gedib sağ-salamat qayıdacam, oğlumuz da olacaq.

Ülkər nə illah eləsə də, Tural məqsədini açıqlamadı. Ülkər göz yaşları içində Turalın sözlərini Banuya çatdırdı, Banu da Turaldan izahat tələb etdi, amma Tural ona da planını açıqlamadı.

O gündən Ülkərin simasına qara buludlar qondu. Nə yediyinin, nə içdiyinin fərqində oldu. Hiss edirdi ki, haradasa lap yaxında bir təhlükə var, onların üstünə şığımaqdadır. Səksəkə içində idi.

Novruz bayramı ərəfəsində Tural harasa hazırlaşdığını hiss etdirirdi, daim məşğul görsənirdi, sübh namazında gedirdi, bəzən gecədən xeyli keçmiş qayıdıb gəlirdi, dükana ətriyyat gətirməsi də, uzun-uzadı dini söhbətlər, məşvərətlər də kəsilmişdi, amma hər gecə Tural Məhəmməd peyğəmbərdən (c), Həzrəti Əlidən, Ömərdən, Mövlanədən qiymətli kəlamlar səsləndirərdi. Bu kəlamlar Ülkərin şüuruna yazılırdı.

Quranla insan əkiz qardaşdır.

Sənə edilən hər yaxşılıq Allahdandır. Pislik isə nəfsindəndir.

Niyyəti pis olanın atdığı ox özünə qayıdar.

Ədalətsizlik edən ədalətsizliyə uğrayandan daha bədbəxtdir.

Yaxşılığı gizlətmək pisliyi gizlətməkdən üstündür.

Eyni dildə danışanlar yox, eyni duyğuları paylaşanlar anlaşa bilərlər.

İnsanı çox dil bilməsi deyil, könlün dilini bilməsi dəyərli edər.

-- Ülkərcik, bunları şüuruna yaz, elə yaz ki, heç vaxt pozulmasınlar. Tamammı?

-- Tamam.

-- Ülkərcik, burnunu sallama. Hər şey yaxşı olacaq. Hələliksə qoy bu müqəddəs fikirlər səninçün təsəlli olsun. Tamammı?

-- Tamam.

-- Qurandan ayrılmayın, onu özünüzə imam və öndər seçin.

Minnət ağır yükdür, heç kim daşımaq istəməz.

Qurani-Kərimi güclü olmaq üçün oxuyun.

Allah qarşınıza Allah qorxusu olanları çıxarsın, gerisi təfərrüatdır.

Allahım, yalnız Səni sevməyimin dərdiylə doldur məni.

Hər insanın qiyməti əxlaqının gözəlliyi qədərdir.

Sonuncu gecə səhərə qədər yatmadılar. Tural hey danışdı, danışdı, içindəki Allah sevgisini izhar etməkdən doymadı, dedi, Ülkərcik, Allah tək olmasın deyə özünə bab insanları da yaratdı, amma onları eyni cür xəlq etmədi, onlara seçim azadlığı verdi ki, biri ədalətli, biri zalım olsun, biri güclü, biri zəif olsun, biri ağıllı, biri savadsız olsun, biri imanlı, bir əyyaş olsun.

Dedi, Allah dini yaratdı ki, insanlar etiqad etsinlər, düz yoldan sapınmasınlar, bir də dinə bərabər tutduğu sevgini yaratdı. Sevgi insan mənəviyyatını korşalmağa qoymayan, çirklənməkdən uzaq saxlayan ən qiymətli məfhumdur.

Səhər işıqlaşanda Tural sübh namazına duranda bu kəlmələri iki dəfə təkrarladı, dedi: “Sevgilinin dəyəri onu sevənin sevgisi ilə ölçülür”.

 

 

 “Ədəbiyyat və incəsənət”

(12.01.2024)