O mütləq zənglə qayıdacaq… -HEKAYƏ

Fatimə Sadıqova, “Ədəbiyyat və incəsənət” üçün

 

-Salam, Fatiməm, necəsən ? 

-Adilə nənə...

-Hə mənəm, canın-başın necədi ?

-İnana bilmirəm. 

-Mənim sevimli nəvəm, mənim kuklam.  

-Elə darıxmışam sənin üçün, burnumun ucu göynəyir, varlığın varlığımın ocağı, yoxluğun varlığımın sönmüş ocağının közü kimi qaradır. Sən gedəndən sonra göz yaşlarım güclü leysana dönüb, ruhumu palçığa bulaşdırıb, daxili aləmimi pis günə qoydu . 

-Mən həmişə sənin yanındayam, yuxularına qonaq gəlməyə can atıram.

-Hə, təki sən həmişə mənim yuxularıma gəl, heç olmasa ümidim, təskinliyim, arxayınlığım odu, nə olar məni yuxularımda tək qoyma , çox üzülürəm sənsiz. Ürəyim səndən sonra buz salxımına dönmüş, üzüm sadəcə gülür , səninlə birlikdə həyəcanım, titrək qəlbim torpağa basdırıldı sanki. 16 iyun havanın isti olduğu gün sənin yoxluğunla mənə qışın soyuq şaxtasını gətirdi, elə bir soyuqdur ki , səndən başqası gəlsə onu sənin varlığın kimi isidə bilməyəcək, Adilə nənə. İndi isə sənsiz keçən soyuq qış günlərindən biridir, fəqət, sənsiz "cəhənnəm istiliyi" yaşayıram. Təsəllim sənin qucağına başımı qoyub bütün kədərimi unutmaq idi bir zamanlar. İndi isə ...

-Mən hər zaman sənin xəyalında, döyünən qəlbində olacam. Səni əsla tək qoymaram. Mənim indiki yerim çox yaxşıdı, məndən narahat olma. Sən mənsiz də bacararsan. Sən möhkəm qızsan. 

-Səni itirdiyim gün ən çətin semestr imtahanıma 2 gün qalmışdı, nənə. Bir əlimdə imtahan suallarının cavabı olan mühazirə , digər əlim hönkürtü ilə tökülən göz yaşımı silməkdə. Axı sən həmişə mənim oxumağımın tərəfində olmusan. Sənin yoxluğun isə mənim həyatımın ən ağır, ən çətin, ən keçilə bilməyəcək qədər ən müşkül imtahanı oldu .

-Mən burdan sənin uğurlarını izləyirəm . Fəxr edirəm ki, sənin kimi nəvəm var, Fatiməm.

-Bilirəm, yaxşı ki, mənim də sənin kimi nənəm var. Nə olar, imkanın olsa mənə yenə zəng et, dərdləşək. Özün gələ bilməsən də səsin burda olsun. Səsin qəlbimin bəzmi - istirahətidir. Özün isə ruhumun aynasısan. Əgər elə bir imkanın olarsa bu dünyada ruhumun aynası olmağa gəl, Adilə nənəm. Həyatımın şansı olduğun üçün sənə təşəkkür edirəm. Nənə...

-.....

-Nənə ...

-....

(Zəng artıq bitmişdi) 

Fatimə isə Adilə nənənin şəklini bağrına basıb otağın küncünə qısılıb ağlamadı , çünki Adilə nənə Fatimənin ağlamağını, üzülməyini, boynu bükük dayanmağını sevməzdi. 

Fatimə gözünü diqqətlə yerə dikib fikrə daldı. "O, zəng edəcək, yenə mütləq... Ruhumu dincəltmək üçün, ürəyimə dəva olmaq üçün, məni özümə qaytarmaq üçün, o mütləq ZƏNGlə  qayıdacaq!"

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)