Sabah Sabirabadda kitab bayramıdır

 

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə əlaqədar olaraq, Sabirabad rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsi, “Hophopnamə” Kitab Mərkəzi və “Mücrü” nəşriyyatının təşkilatçılığı ilə yanvarın 12-də Sabirabad şəhərində “İKİNCİ HƏYAT” adlı kitab sərgisi keçiriləcək. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mil-Muğan Regional Mədəniyyət İdarəsindən məlumat verilib. 

“Hophopnamə” Kitab Mərkəzində  düzənlənəcək sərgi saat 11-dən 18-ədək fəaliyyət göstərəcək, sərginin məqsədi Regionlarda mütaliəyə olan marağın artırılmasıdır. 

Onu da qeyd edək ki, sərgidə nümayiş olunan bütün kitablar 1 (bir), yaxud 2 (iki) manat şərti qiymətlə satışa çıxarılacaq.

 

Təşkilatçılar hədəf qrupunda olan iştirakçılara bu mətndə müraciət ünvanlayıblar: 

“Əziz oxucular, kitabsevərlər, məktəblilər!

Siz hər kitab oxuyanda ağaclar ölümdən sonrakı həyata inanırlar, sizin oxuduğunuz hər kitab ağaclara yenidən can verir, onlara ikinci həyat bəxş edir və əbədiyyət qazandırır”.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)