QİRAƏT SAATInda “Eşq mələyi” Featured

“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

28-ci hissə

“Ulduzlar da bu axşam...”

 

Gecə saat üçün yarısı.

Ülkər eyvana çıxdı. Zülmət səmada o qədər ulduz var idi ki... İrili-xırdalı, parıltılı-parıltısız...

Bir müddət onları seyr etdi. Haradansa lap uzaqlardan xatirələr gətirib Rasimi səmaya həkk etdi. Rasimlə bağlı xatirələr ayaq açıb yeridi. Rasim musiqi sevən idi, diş həkimi olsa da, musiqiyə getmişdi, ionika deyilən bir alət var, pianonun, sintezatorun balaca qardaşı, ondan çalmışdı. Ülkəri evlərinə aparanda mütləq ionikanın arxasına keçər, mahnı ifa edərdi. İlk dəfəsində bu mahnını ifa eləmişdi, Ülkər heç vaxt unutmaz. Korifey müğənni Şövkət Ələkbərovanın repertuarından idi, Rasim ifa etdikcə həm də zümzümə edirdi. İnsafən, səsi də gözəl idi.

Gecə keçir, hələ yanır işığın,
Odlanıram, aşiqinəm, aşiqin.
Ulduzlar da bu axşam səndən danışdı,
Ay da pəncərənizdə yandı, alışdı.
Yuxun şirin, sevgilim,
Eşqin var olsun!
Sənin eşqin, bəxtin
Sənə yar olsun!

Ulduzlar da bu axşam səndən danışdı,
Ay da pəncərənizdə yandı, alışdı.

 

Kövrəldi. Mahnılar xatirələri dilə gətirmək üçün ən effektiv vasitədir. Bir mahnı uşaqlığını yada salır, atalı-analı günlərini, biri gəncliyini yada salır, qayğısız-şən günlərini, biri sevib-sevildiyin dönəmi xatırladır...

Rüfətlə bağlı bir xatırlayası mahnı yox idi, yalnız sevgi şeirləri qalmışdı yaddaşında. Madarla bağlı ümumiyyətlə heç bir pozitiv xatirəsi yox idi. Qaramat basmış günlər idi, içki qoxulu mənfur nəfəs, kobud hərəkətlər, danlaq, təhqir, göz yaşları. Rəşid müəllim də romantikadan uzaq biriydi, hədiyyələr alır, robot kimi gəlib işini görüb gedirdi, sanki qarşısındakı canlı məxluq deyildi, hissiz-duyğusuz bir kuklayla münasibət qurmuşdu.

Sadəcə, Rəşid müəllimli günlərdən Səda Sayanın həmin o Bodrum konsertində şövqlə ifa etdiyi, qanları coşdurduğu “Gecələr” mahnısı qalmışdı.

Turalsa hamısından fərqli idi. Onda əksinə, cismani yaxınlığa meyil yox idi, yalnız mənəvi yaxınlıq aşiqi idi. Turallı günlərindən yadigar qalan mahnılar az deyildi, bəzən dini söhbətlərdən, Quranın şərhindən sonra çay içərək o, Tural və Banu – üçlükdə musiqi dinləyərdilər. Tural “Sarı gəlin” xalq mahnısının vurğunu idi, saatlarla dinləyərdi, doydum deməzdi.

Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin.
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim, aman, aman,
Neynim, aman, aman,
Sarı gəlin.

Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu.
Gün ola mən bir görəydim,
Nazlı yarımın üzünü.
Neynim, aman, aman,
Neynim, aman, aman,
Sarı gəlin.

 

Sonradan bu mahnını Ülkər harada eşitmişdisə, hönkürüb ağlamaqdan özünü saxlaya bilməmişdi.

Mahnılar sənin keçmişindir, nostalji duyğularının oyanmasıdır. Heç bir raket, təyyarə, sürət qatarı səni keçmişinə apara bilməz, mahnılarsa bunu asanca edir. Elə indi olduğu kimi. Eyvana çıxdı, səmaya baxdı, ulduzları gördü və Rasimi xatırladı, Rasimli günlərini xatırladı. Rasimi sonradan o idbar anası evləndirdi, iki uşağı da oldu.Bir dəfə Ülkər onları bulvarda görmüş, ürəyi qubar etmişdi onda. Kişilər necə də amansız, acımasızdırlar, bir gül kimi necə də qoxulayıb sonra tullayırlar qadınları. Bir şair demişdi, kişilər hamısı ovçudur, qadınlarsa ov. Yadına saldı ki, həmin şair Ramiz Rövşəndir. Bənd isə belədir:

 

Bir ov meydanıdır, şəhərlər, kəndlər,

Tüfəngsiz, gülləsiz bu necə ovdur?

Bir azca ovçudur bütün kişilər,

Qadınlar hamısı bir azca ovdur.

 

Ətraf pəncərələrin hamısı qaranlıq idi. İnsanlar yatmışdılar. Gecənin bu vədəsində kim oyaq qalar axı... Hamı sabahkı günə hazırlaşır. Kimisi işə gedəcək, kimisi təhsil ocağına. Kimisi alış-verişə yollanacaq. Biri qonaqlığa, biri xeyir, biri şər məclisinə gedəcək sabah. İndisə yatırlar, yatırlar ki, sabaha daha güclü olsunlar, enerji yığsınlar.

Ülkər də sabaha güclü olmalıydı. Sabah -- sabah deyəndə ki, saat yarıma artıq işıqlaşacaqdı, saat 11-də, 12 radələrində həyatının ən vacib bir qərarını təsdiqləməliydi. Hə, yoxsa yox.

Amma cavabı yox idi, bütün ruhu, hissləri “hə” demək istəsə də, beyni, əqli “yox” demək istəyirdi.

İçəri qayıtdı, güzgünün qarşısındakı yerini tutdu.

Saat 3:44 idi.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)