Unudulmaz sevgi şeirləri - Zəlimxan Yaqub, “Biz niyə sevməyək bir-birimizi” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bir naşir dedi ki, bu rubrikanın şeirlərini kitab kimi çap etmək istəyir. Gözəl fikirdir. Əminəm ki, bestseller olar. Çünki ən təsirli sevgi şeirlərini kim sevməz ki.

Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günü olduğundan, mən də öz rubrikamda sizlərə şairin “Biz niyə sevməyək bir-birimizi” şeirini təqdim edirəm.

 

Biz niyə sevməyək bir-birimizi 

 

Yer göyü, dağ dağı, daş daşı sevdi,

Tanrı naxış vurdu, nəqqaşı sevdi.

Göz gözə boylandı, qaş qaşı sevdi,

Biz niyə sevməyək bir-birimizi? 

 

Çəmənlər torpağa xalı çəkirsə,

Xalıda yaşılı, alı çəkirsə,

Arı çiçəklərdən balı çəkirsə,

Biz niyə sevməyək bir-birimizi? 

 

Ulduzlar sayrışıb göz vurur Aya,

Çeşmələr çağlayıb tökülür çaya.

Sevənlər gəlirsə hər gün dünyaya,

Biz niyə sevməyək bir-birimizi? 

 

Gül şehdən güc alır, mamır qayadan,

Köz oddan qızarır, çiçək həyadan,

Süzülüb gəlirsə kökdən, mayadan,

Biz niyə sevməyək bir-birimizi? 

 

Ömür göz qırpımı, fürsət azdısa,

Könül son nəfəsdə sınan sazdısa,

Uçub əlimizdən gedən yazdısa,

Biz niyə sevməyək bir-birimizi? 

 

Ömrün həm sevinci, həm ahı varsa,

Pərvanə yanğısı, şam ahı varsa,

Adəmin cənnətdə tamahı varsa,

Biz niyə sevməyək bir-birimizi? 

 

Yağış gözəllərin öpür üzünü,

Damla pıçıltıyla deyir sözünü.

Şəlalə qayadan atır özünü,

Tufan dağı sevir, dalğa dənizi

Biz niyə sevməyək bir-birimizi?

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)