ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Coşqun Səfərov

Azərbaycan Yazıçılar Birliyinin üzvü,  şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Coşqun Səfərov ithaf olunub. 

 

COŞQUN ƏHMƏD OĞLU SƏFƏROV

(02.05.1997.-25.11.2020.)

Salyan rayonundan olan, SOCAR-ın ”Kompleks qazma işləri” trestinin əməkdaşı

Əhməd Səfərovun oğlu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

COŞQUN

Saf arzulu, diləkliydi,

Sevimliydi, istəkliydi,

Həssas qəlbli, ürəkliydi,

Yurdun cəsur oğlu Coşqun.

Məclslərin gözü idi,

Musiqisi, sözü idi,

Halallığın özü idi,

Yurdun cəsur oğlu Coşqun.

Barmaqları nəğməliydi,

Qəmi Qarabağ qəmiydi,

Qarabağa getməliydi,

Yurdun cəsur oğlu Coşqun.

İnanırdı gələr zəfər,

Doğular günəşli səhər,

Nəğməkard, həm də əsgər,

Yurdun cəsur oğlu Coşqun.

Göstərdi mərdlik, rəşadət,

Tapdı əbədi səadət,

 

Məkanı olubdur cənnət,

Yurdun cəsur oğlu Coşqun.

Vardı iyirmi üç yaşı,

Ucadan ucadır başı,

Bu diyarin vətəndaşı,

Yurdun cəsur oğlu Coşqun.

Əziz övladdır Salyana,

Dönüb nağıla-dastana,

Adı yayılıb hər yana,

Yurdun cəsur oğlu Coşqun.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)