“Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” - UNUDULMAZ ŞAİRƏ ANILACAQ Featured

O ədəbiyyat tariximizə ən təsirli nakam şeirlərlə ilə düşdü. O, misralardan kədərin, qəmin, iztirab və dərdlərin imperiyasını yaratdı. Yola saldığımız 2023-cü il onun 85 illik yubileyi, qədəm qoyduğumuz bu 2024-cü il isə onun vəfatının 10-cu ildönümü ilidir. 

O, “Poeziyamızın ağ çiçəyi” adını almış  Nurəngiz Gündür. 

Yanvarın 11-də Azərbaycan Milli Elmlər Akademiyası və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu unudulmaz şairənin 85 illiyinə həsr edilmiş “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” adlı tədbir keçirəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında keçiriləcək tədbirdə giriş nitqini AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli söyləyəcək. 

Tədbirdə akademiklər Teymur Kərimli, Nizami Cəfərov, filologiya elmləri doktorları Yaqif Yusifli, Esmira Fuad, filologiya üzrə fəlsəfə doktorları Bahar Bərdəli və Nərgiz Cabbarlı məruzəçi olacaqlar. 

 

Bomboş bir səssizlik,
bomboş...

Boşluqda nə sevgi, nə nifrət, nə səadət, 
nə hiss, nə səs!


Atlıydım. Bəs hanı?

Qamçım vardı, bəs hanı?

Atım sizə qalsın. Qaytarın qamçımı!

Qamçılamaq istəyirəm 
bu boşluğu!

 

Bəli, Nurəngiz Günün misralarıdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2024)