QİRAƏT SAATInda “Eşq mələyi” Featured

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

26-cı hissə

 

Radikal müsəlman

 

Tural bəzən saatlarca danışardı. İslam dinini kifayət qədər dərindən bilirdi, hətta ona teoloq da demək mümkün idi. Bu söhbətlər Ülkəri hədsiz dərəcədə maraqlandırırdı, Turalı dinləməkdən usanmırdı.

Banu qardaşı ilə qürrələnir, “Turalın adamı olsa, indi Qafqaz Müsəlmanları İdarəsində, yaxud Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində başda əyləşərdi. Ərəb əlifbasını belə bilməyənlər ruhani başbilənləri olublar. Heyif Turaldan. Bu qədər dərin biliklərlə çürüyüb gedir burda”.

Bəzən Ülkər Turalı sual atəşinə tutur, Tural da həvəslə sualları cavablandırırdı:

-- Tural, bəs dinimizin adının mənşəyi nədir?

-- Ülkərcik, "İslam" adı, s-l-m kökündən törənmişdir, təbiidir ki, ərəb sözüdür. Bu kökün ümumi olaraq qəbul edilən üç anlamı vardır:sülh, salam, bir də boyun əymək, itaət etmək. İslam yeganə Allaha itaət etmək deməkdir.

-- Tural, İslam dininə tapınan insan əsas nələri eləməlidir?

-- Ülkərcik, İslam dininin beş əsas şərti var. Bunlardan birinci və ən mühüm olanı "La İlahə İlləllah va Muhammədən Rasullulah, səllallahu əleyhim və alihi və səlləm", yəni "Allahdan başqa ilahi yoxdur, Məhəmməd Onun rəsuludur" sözü ilə ifadə olunan şəhadətdir. İkincisi müsəlmanın gündə beş dəfə dua etməsini nəzərdə tutan salavati-zikrdir, yəni namazdır. Üçüncüsü ehtiyacı olan yoxsul müsəlmanların nəfinə vergi vermək, yəni zəkatdır. Dördüncüsü müqəddəs ramazan ayı ərzində oruc tutmaqdır. Və ən nəhayət, beşincisi hər bir müsəlmanın həyatında heç olmasa bir dəfə yerinə yetirməli olduğu həcdir, yəni Məkkə ziyarətidir.

--Tural, bəs İslamın əsas ehkamı hansılardır?

-- Ülkərcik, İslamın əsas ehkamı tövhiddir, nübuvvətdir və məaddır. 

--Tural, əsla eşitməmişəm bu sözləri. Mənalarını anladarsanmı?

--Ülkərcik, tövhid -- Allahı ibadətə layiq olan yeganə haqq bilməkdir. Bu, özündə həm də Allahın adil olmasını ehtiva edir, yəni Allah hər bir şeyi hikmət üzündən yaradır. Nübuvvət –sonuncusu Məhəmməd peyğəmbərimiz (s.) olmaqla yüz iyirmi dörd min peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə iman gətirməkdir, mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə iman gətirməkdir, müqəddəs Qurana iman gətirməkdir. Nübuvvət həm də İslamın şiəməzhəbində Məhəmməd peyğəmbərin (s.) Əhli-beytindən olan və Allah tərəfindən təyin olunan canişinlərin, yəni ki, on iki imamınhaqq olduğuna iman gətirməkdir. O ki qaldı məada, məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirilərək Allah qarşısında hesab verməsinə iman gətirməkdir.

--Tural, müsəlman çoxdur, yoxsa xaçpərəst?

--Ülkərcik, əlbəttə xaçpərəst. İslam dini xristian dinindən sonra ikinci yerdə gəlir, dünyada təqribən iki milyarda yaxın insan İslam dininə beyət edir.

--Ən çox müsəlman hansı ölkədədir, görən? Türkiyədə, İranda?

--Əsla yox. Ən böyük müsəlman ölkəsi İndoneziyadır, bütün müsəlmanların təqribi on üç faizi orda yaşayır.

--Bəs sünni çoxdur, yoxsa şiə?

--Əlbəttə sünni. Müsəlmanların səksən beş fazi sünni, cəmi on beş faizi şiədir.

--Azərbaycanda amma, elə bil ki, şiə daha çoxdur.

--Bunun rəsmi statistikası aparılmayıb. Amma, məncə də, elədir.

Tural bəzən Ülkərlə Banunu qarşısında əyləşdirib çay süfrəsi arxasında saatlarla onlara universitetdə müəllim tələbəyə mühazirə deyirmiş kimi mühazirə deyirdi. Kitab cümlələrini sanki əzbərləyibmiş kimi elə səlis, ahəngdar səsləndirirdi ki o:

--Müasir beynəlxalq münasibətlərdə və dünya siyasətində İslam dünyası çox müxtəlif dövlət və qeyri-dövlət, o cümlədən antisistem iştirakçıları vasitəsilə təmsil olunub. Bu isə, öz növbəsində, beynəlxalq və regional səviyyələrdə İslam amilinin ziddiyyətli təzahürlərini yaratmış olur. Bu amillərin ciddi araşdırılması və nəzəri dərk edilməsi həyata keçirilmədən müasir dünya siyasi prosesinin xüsusiyyətləri barədə tam təsəvvürün formalaşması mümkün deyil.Məlum olduğu kimi, son onillikdə İslam dünyasında inteqrasiya prosesləri geniş vüsət almağa başlamışdır, bunun nəticəsi olaraq da İslam amilinin rolu dünya siyasətində və iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə artmışdır. Hazırda İslam dini birliyi şəklində fəaliyyət göstərən çox iri, nüfuzlu qurumlar vardır. Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı, İSESKO, OPEK, Fars Körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurası və sair. Türkiyənin, İranın, Pakistanınvə aparıcı ərəb dövlətlərinin təşkil etdiyi “İslam səkkizlik" ölkələrinin beynəlxalq aləmdə ciddi iqtisadi və beynəlxalq-siyasi təsir vasitəsinə çevrilməsi də əsas mövzudur. Bu cür hadisələr İslam dünyasının dünya siyasətinin vahid, kollektiv subyekti olub, yoxsa ki, olmaması haqqında müzakirələrin yaranmasına geniş meydan yaradır. Və bizlər çalışmalıyıq ki, bu subyektlik bərqərar olsun.

Adama, həqiqətən, elə gəlirdi ki, Tural bunları hansısa bir kitabdan oxuyur:

-- Halbukibu məsələnin həlli üçün müxtəlif yanaşmanın irəli sürülməsi mümkün görünür. Birinci yanaşmanın tərəfdarları tamamilə əsaslı olaraq İslam dünyasını dünya siyasətinin konsolidə olunmuş faktoru qismində müəyyən edirlər. Bu fikrə əks duran digər yanaşma tərəfdarları isə əsas diqqəti ona yönəldirlər ki, xarici siyasətdəhəddən artıq İslam dünyasında dağınıqlıq və öz müstəqil siyasətini həyata keçirməyə meyilli olan müxtəlif "islam" oyunçuları vardır.

Tural öz konsepsiyasını da işləyib hazırlamışdı, o, müsəlman dövlətlərinin bir bayraq altında – İslam bayrağı altında birləşməsini, vahid islam ordusunun yaradılmasını zəruri sayırdı, İslam ölkələrinin dünyada söz yiyəsinə çevrilməsini, dünya iqtisadiyyatına sahib çıxmalarını zəruri hesab edirdi.

Tural çox tez-tez “Suriya” sözünü işlədirdi, oradakı müharibə onu çox narahat edirdi, deyirdi ki, Suriyada iki dünya – xristian və müsəlman dünyası qarşı-qarşıyadır, hansının qalib gəlməsindən dünyanın gələcək düzəni çox asılıdır.

Tural digər dinlərdən olanlara əsla rəğbət göstərmir, yalnız müsəlmanları insan kimi qəbul edirdi. Ülkər belədə hiddətlənir, deyirdi ki,başqasına zülm edən, evlər yıxan, körpələri yetim qoyan müsəlman terrorçular var ha, onları sən necə kasıblara çörək verən, məktəblər, xəstəxanalar tikdirən, tələbələri oxutduran xristian filantroplardan üstün tutursan?

Ülkər deyirdi, rayonda bizim bir qonşumuz var idi, Marusya xala, xristian idi, amma o qədər mülayim, xoşsima adam idi ki, elə bilirdin xalandır, bibindir. Beləsi bizim bəzi ləçərlərdən (fikrində Rasimin anasını, Rəşid müəllimin arvadını tuturdu) min dəfə yaxşıdır.

Tural deyirdi, Ülkərcik, ən aşağıdakı müsəlman ən yuxarıdakı xristiandan üstün olmalıdır hər birimizçün. Deyirdi, hər birimiz panislamist olmalıyıq, yoxsa ki, xristian missionerlər gəlib burada yüz dollardan paylayıb insanlarımıza xristianlığı qəbul etdirirlər, bu, yolverilməzdir. Deyirdi, İrana qarşı sanksiya təşkil edən Amerika və Avropa mənim düşmənimdir, Fələstini bombalayan İsrail də həmçinin, uyğurları qıran Çin də həmçinin.

Ülkər dini ekstremizm və radikalizmin yaxşı bir nəticə verməyəcəyini, bu yönlü təmayülləri sevmədiyini açıq şəkildə bildirir, Turalla razılaşmırdı. Deyirdi, heç vaxt insanlara qarşı dini, irqi, milli ayrı-seçkilik etmək olmaz.

Ümumən isə Ülkər Turala simpatiya bəsləyirdi. Bu yaraşıqlı gəncin iri ala gözləri, uzun kirpikləri vardı, qıztək həyalı olması bir başqa aləm idi. Onun ən əsas cazibəsi isə Quranı ayə-ayə ərəbcə oxuyub təhlil etməsiydi. Ülkər bəzən nəfəs dərmədən bu təhlilləri dinləyir, bu müqəddəs səmavi Kitabın dərinliklərinə bələd olduqca quştək yüngülləşir, dərd-sərini belə unudurdu.

 

 “Ədəbiyyat və incəsənət”

(08.01.2024)