ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Cəmil Həşimli

Azərbaycan Yazıçılar Birliyinin üzvü,  şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Cəmil Həşimliyə ithaf olunub. 

 

CƏMİL ƏFLATUN OĞLU HƏŞİMLİ

(11.08.1995.-05.10.2020.)

Kürdəmir şəhərindən olan, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Qarabağın azad

edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

OLDUN ÜZÜAĞ, CƏMİL

Ömrün qısa olsa da, zəngin, mənalı oldu,

Elə hünər göstərdin, sevgin qəlblərə doldu.

Vətən sevgisi səni qoçaq, cürətli etdi,

Yurdumun hər yerində şanlı-şöhrətli etdi.

Uşaqlıqdan ağıllı, sadə, mehriban idin,

Hamı sevirdi səni, şirindil oğlan idin.

Həmişə düşünürdün - əsirdi torpağımız,

İntizarla gözləyir bizi, Qarabağımız.

Qarabağı düşməndən biz azad etməliyik,

Lazım gəlsə, yolunda ölümə getməliyik.

Həyatını hərbiyə bağladın saf amalla,

Gizirtək xidmət etdin, ləyaqətlə, kamalla.

Başladı müharibə- xalqımızın haqq işi,

Dünya özü gördü ki, kim qorxaqdır, kim “kişi”.

Minlərlə əsgər kimi göstərdin hünər, Cəmil,

Xeyir qələbə çaldı, məğlub oldu şər, Cəmil.

Dostların heyran oldu səndəki cəsarətə,

Torpaq yolunda yetdin əbədi şəhadətə.

Hünərinlə ucaltdın doğma eli, obanı,

Səni qoynuna alıb Şəhidlər Xiyabanı.

Ömrün qısa olsa da, oldun üzüağ, Cəmil

Kürdəmirdə açılıb adına bulaq, Cəmil.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)