POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Qəbrimi örtəndə…”

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2013-cü ildə yazılıb. 

 

 

Qəbrimi örtəndə üstü düz olsun...


Çiçəyim, sən məni haçansa atsan,

gör, canım zarıncı neçə il yatar?!

Ən çılğın kamanın telini tutsan

barmaqlar altında bəmə zil yatar,

 

Ağlatsan haçansa – ağlat ürəksiz,

sənsiz bir sarayam damsız, dirəksiz,

görsən söndürüblər sanma gərəksiz –

bu dəli ocaqda odlu kül yatar.

 

Borc nəymiş! – ilk dəfə kim aldı kimnən?

Kimlərin nələri getdi əlinnən?

Zindan da özünü unudar hərdən –

içində gah bayquş, gah bülbül yatar,

 

Fərq etməz – yaş yarı, ya da yüz olsun,

torpaqlıq olmaqçün gərək uz olsun,

qəbrimi örtəndə üstü düz olsun –

elə bilərlər ki, bir qozbel yatar,

 

Havası belə ki, dərd kimi yıxmaz?!

taleyi gətirən haraya çıxmaz?!

Namərd badalağı mərd kimi yıxmaz –

üz-üzə aşanda yerə bel yatar.

 

Bəm-bəyaz ipəkmiş yazın köynəyi,

təlaşlı bir öpüş nazın köynəyi,

baxtavar başına, sazın köynəyi-

köksündə bilməzsən neçə tel yatar.

 

Baxma qocalmışam, ruhum dənizdir,

mənə dalğa-dalğa sahili gəzdir,

sənə möhtac olan Vahid ƏZİZdir –

içində sərgərdan bir səfil yatar... 

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2024)