“Çil-çil qurbağa” – Nurəddin Ədiloğlunun hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı REDAKSİYANIN POŞTUNDAN rubrikasında elektron poçta təzə daxil olmuş bir hekayəni sizlərə təqdim edir. Nurəddin Ədiloğlunun hekayəsi “Çil-çil qurbağa” adlanır.

Hekayə başına qəribə əhvalat gəlmiş İbad kişidən bəhs edir. Hansı əhvalat? Buyurun, tanış olun.

 

Qorabişirən avqust günəşi çöl-bayırı dəmirçi kürəsi kimi yandırıb-yaxırdı. Yulğun kollarının arası ilə uzanan araba yolunun üstündə tövşüyə-tövşüyə sayrışan ilğımlar uzaqdan kiçik gölməcələrə bənziyirdi... Belə isti havada kənddən çox aralandığına görə  İbad kişi özünü qınayırdı. Gün günorta olmamışdı, amma dil-dodağı qurumuşdu, nəfəsi təntiyirdi, susuzluqdan ciyərləri pörşələnirdi.

Güclə ayaqlarını sürüyərək özünü Qırxbərənin dikdirinə çatdırdı. Uşaqlıq çağı adına Ana İstil deyilən bu böyük su tutarına yaşıdları ilə çimməyə gələrdilər.

Keçmişdə üç kəndi birləşdirib kollektiv təsərrüfat yaradanda dördbir yanı dikdirlə əhatəyə alınan istilə cəltik əkinini, bağ-bostanı suvarmaq üçün Gur-gur çayının suyu yığılardı. Yayda çayın suyu quruyanda kəndin qız-gəlini xalça-palazları yumaq üçün bura gətirərdi, at arabası olanlarsa Ana İstildən evlərinə çəlləklə su daşıyardılar. İstillərin də adı vardı: Bala istil, Beçə istili, Çandıq istili, Ocaqverdi İstili... Su tutumu böyük olduğuna görə Qırxbərənin dikindəki istilə Ana İstil deyirdilər.

...İndi İbad kişinin Ana istildə uşaq vaxti çimdiyi və içdiyi nə göz yaşı kimi o dupduru sudan, nə də ətrafdakı tut bağlarından əsər-əlamət qalmışdı. Elə bil,  o zaman dəvəyə, filə  boy verməyən Ana İstilin gümüşü suları həmişəlik yerin tərkinə gömülmüşdü. Əvvəllər sürüdən qoyun-quzu, naxırdan mal-qara azıb-itəndə kənd adamları onları İstildən yuxarı - qalın və sıx meşəni xatırladan tut bağlarından  tapardılar. Artıq iki gün idi ki,  İbad o qayğısız uşaqlıq illərini xatırlaya-xatırlaya  itmiş boğaz inəyini axtarırdı. Çaladakı yulğunluğu, Muğan xolundakı qamışlığı,  Ağqobudakı ovalığı ələk-vələk eləmişdi... Qorxurdu ki, inək doğsa, balası qurd-quşa yem olar! Ona görə inəyi tapmamış evə dönmək istəmirdi.

Amma susuzluq onu haldan salmışdı. Birdən yadına düşdü ki, böyürtkən yesə susuzluğunu yatırar. Susuz torpağı çat-çat olsa da Ana İstilin ətrafını xeyli böyürtkən kolları bürümüşdü. İbad elə ilk yaxınlaşdığı kolun üstündə qıvrılıb yatmış ilanı görcək bədənindən soyuq gizilti keçdi. İlandan elə qorxurdu ki, hətta jurnalda, kitabda şəklini görəndə belə əti ürpəşərdi. Səhər tezdən evdən çıxanda  ürəyndə Allaha yalvarmışdı ki, ağına da, qarasına da lənət oxunan bu qorxunc heyvan rastına  çıxmasın!

...Alnının tərini silə-silə bir-iki addım geri çəkildi, sonra yavaşca koldan aralandı.  Birdən qulağına qurbagalarin qurultusu gəldi. Səs Ana İstilin uçulub-dağılmış  bəndi tərəfdən - çayın yatağınından gəlirdi. 

 Bəndə çatanda suçu Möhsün kişini xatırladı, astadan: “Qəbri nurla dolsun”  pıçıldadı. Kəndin yaşlı adamları ona mirab deyərdilər. Möhsün kişi bağ-bostan yayda susuz qalmasın deyə Gur-gur çayın qabağına bənd vurub, suyunu Ana  İstilə  yönəldərdi. Yazın oğlan çağı çaya sel gələndə bəndi də, çayın üstündən keçən körpüləri də bir-bir yıxardı. Sel suyu çəkiləndən sonra çayda irili-xırdalı balıqlar peyda olardı. Belə anlarda kəndin ağsaqqalları-ağbirçəkləri deyərdi ki, Allaha  çoxlu-çoxlu şükürlər edin, ay camaat, Novruzqabağı yerin-göyün sahibi el-obaya ruzu göndərib...

İbadın yeniyetmə çağında balıq tutduğu çayın bəndə yaxın yatağı indi yamyaşıl  kəz bağlamışdı. Kəzin üzərində qurbağalar atılıb-düşür, sanki oxuya-oxuya rəqs edirdilər...

İbad kişi diqqətlə baxanda gördü ki, qurbağaların çoxunun dərisindəki çil elə durğun suyun üzərindəki kəzin, yosunun rəngindədir.

Kəzi əli aralayıb sudan ovuclayıb içdi. İkinci dəfə suyu götürəndə ovucları arasında ona mat-mat baxan qurbağanı görcək, elə bil, diksinib yuxudan ayıldı...  Qurbağanı kənara tullayıb ayağa qalxdı.  Suya təşnə ürəyi bulandı, mədəsində bərk  ağrı hiss elədi. Ona elə gəldi ki, ilk ovuclayıb içinə acgözcəsinə sömürdüyü suyla birlikdə mədəsinə qurbağa gedib... Bir -iki dəfə ögüsə də qusa bilmədi. Və talaş içində kəndə döndü.

 

***

 

...İbadın çölləmədə boğaz inəyini gəzərkən qanovdan içdiyi  kəz basmış su ilə  qarnına qurbağa getməsi xəbəri ildırım sürətilə kəndə yayıldı. Heç kim eşitdiyi bu xəbərə inanmaq istəmirdi. İnananlar da ona təcili rayon mərkəzindəki xəstəxanaya getməyi – özünü rentgen aparatında yoxlatdırmağı məsləhət görürdülər.

 

...İbad  rentgen otağındakı qadın həkimə  utandığından “mədəmdə nəsə var, bərk ağrı verir” dedi. Həkim ona təbaşir içirəndən sonra mədəsini yoxlayıb, “Mədənizdə heç nə yoxdur, maşallah saat kimi işləyir” dedi.

İki gündən sonra İbad yenə xəstəxanaya gəldi. Bu dəfə rentgen otağındakı kişi həkim yenə ona ürəyini bulandıran təbaşır məhlulu içirtdi. Mədəsini mayinə edib İbada sağlam olduğunu söylədi.

İbad rahatlaşmayıb dedi:

-Doktor, axı baş barmağım boydaydı, özüm gördüm. Gecələr də quruldayır...  Həkim  diqqətlə onun baş barmağına baxıb maraqla soruşdu:

- Nəyi gördün?

-Çil-çil qurbağanı... Neçə gündür  ki, boğazımdan su da keçmir... 

Həkim  məsələnin nə yerdə olduğunu biləndə təəssüflə başını bulayıb dedi ki, ay rəhmətliyin oğlu, sənin qarnında qurbağa  nə gəzir? Get, əməlli-başlı ye-iç, sənin qarnın aclından quruldayır...

İbad əli ətəyindən uzun, kor-peşman yenə kəndə döndü. Bu bir neçə gündə xeyli arıqlamışdı. Rəngi-rufu qaçmışdı. Çuxura düşmüş gözlərinin işığı get-gedə azalırdı. İbad  kişiyə elə gəlirdi ki, həkimlər ona içirdikləri təbaşir tozundan olan ağ məhlulun içində göyümtül rəngə çalan çil-çil qurbağanı görə bilmirlər.

Əlac türkəçarəyə qalmışdı...

Amma ara həkimlərə də şübhə hissi ilə yanaşırdı. Arvadı da səhər-axşam  deyinirdi: “Belə getsə, ay kişi, üzülüb lap əldən düşəcəksən!..”

 

 ***

Aradan  iki-üç  gün də ötüb- keçdi.   İbadın   başına gələn hal-qəziyyə qonşu kənddə yaşayan məktəb yoldaşı, şair Əli Zamanın da qulağına çatmışdı. Eşitmişdi ki, İbad nə yeyir, nə içir, nə də yatır. Düşünürdü ki, bu minvalla bədbəxt azarsız-bezarsız ömürünü başa vura bilər! Odur ki, təzə nəşr olunmuş şeirlər toplusundan bir-iksini əl çantasına qoyub İbadgilə yollandı.

İki kəndin arasında sədd nişanı olan çayın üstündəki Taxta körpüyə çatanda nə düşündüsə, çayın  kəz bağlamış yatağından baş barmağı boyda bir çil-çil qurbağanı tutub cib yaylığına bükdü. Əl çantasının yan cibinə ehmalca qoyub sonra yoluna davam etdi.

...Orta məktəbdə dərslərini yaxşı  oxuduğuna görə bir çox  şagird yoldaşları kimi İbad da Əliyə həsəd aparardı. Məktəbin divar qəzetində bir dəfə Əli ona satirik şeir də yazmışdı. İbad hələ o vaxtı hamının şair çağırdığı Əlidən inciməmişdi. Çünki  müəllimlər də Əliyə “ağıllı, bacarıqlı, istedadlı uşaqdı” deyə hörmət bəsləyirdilər.  Keçmiş sinif yoldaşının gəlişinə İbad kişi sevindi.  Kitabına baxıb: “Çox mübarəkdir” -dedi. Hər ikisi dünyasını dəyişən məktəb yoldaşlarına rəhmət oxuyub, sağ qalanlardan söz saldılar. Qırx-qırx beş il əvvəl məktəbdə baş verən  bir-iki məzəli əhvalatı yada salıb güldülər də... Sonra: ” -İndiki, ay İbad, həkimlərə şəkk edirsən, onda mənə yaxşıca qulaq as!”-deyə şair müdrik görkəm alıb, özündən uydurduğu  hadisəni  belə nəql etdi: “Bunu rəhmətlik nənəmin dilindən eşitmişəm: babam bir dəfə pələmədə bostanın qarovulunu çəkirmiş. El sözüdür, sən də bilirsən, deyir, pələməsiz bağ olmaz! Sən demə, pələmənin taxta tavanının bir güncündə sərçə yuvası varmış, yumurtadan təzə çıxan cıppılı bir ətcabala düşür su bardağına. Gecənin bir vədəsi kişi bardağı başına çəkəndə sərçə balası gedir mədəsinə. Bu minvalla təşvişə düşüb, üz tutub gəlir evə.  Nənəmə qayıdıb deyir ki, içimdə elə bil sərçə cikkilədəyir. Nənəm eləməyib tənbəllik, əvvəl yarım çölmək qatığı, sonra üstündən bir kasa ərinmiş camış yağını içirir babama. Kişi sıfraq edəndə, quşun balası da düşür ləyənin içinə...”

İbadın arvadı söhbətə qulaq asırdı. “Qatığımız var, qardaş, amma camış yağı  yoxdur!” deyəndə şair ərklə dilləndi ki, hansı yağ olur, olsun, fərq etməz!..

Qadın soyuducudan üzərinə “Günəbaxan yağı” yazılmış şəffaf rəngli plastik qab gətirdi. Şair də təcrübəli təbiblər kimi: “Bacı, bu yağı azca isitsən yaxşı olar” -dedi.  İbad inansın deyə, şair gətizdirdiyi ləyəni də düz evin ortasına qoydu... “Hə, indi  əvvəl qatığı iç, üstündən də yağı... “

Boş  mədəsi qatıqla dolandan sonra günəbaxan yağı İbadın ürəyini bulandırdı... Ögüyüb ləyənə qusdu. Arvadı doğma əmisi qızı olsa da, çımtəşib üzünü yana çevirdi. İbad növbəti dəfə gözlərini yumub ögüdüyü məqamda şair cəld  çantasından cib yaylığına bükdüyü qurbağanı ləyənə içinə atıb: “Hə, İbad, hə, bir də cəhd elə...bir də... bir də...”– deyə-deyə azca kənara çəkildi. Və birdən sevinc hissi ilə qışqırdı: “Əla, alındı. Bərəkallah...  Hə,  bax, bax, xallı qurbağaya bax...”.

İbad  yaşarmış  gözlərini silib gah ləyəndəki kiçik çil-çil qurbağaya, gah da şairə baxdı. “Adın Əliyə and olsun ki, mənim qarnıma gedən çil-çil qurbağa düz baş barmağım  boyda idi”

Şair onun qabarlı əlindəki  baş  barmağına baxıb gülümsündü, sonra çox ciddi tərzdə dedi: “Əşi, ay pir olmuşun oğlu, neçə gündür ki, ac qalmaqdan əriyib çöpə dönübsən, qurbağa da acından arıqlayıb dana...”

İbadın gözlərinə işıq gəldi. Gülə-gülə dedi:  “Şair dana dedin, yadıma boğaz inəyim düşdü. İnşallah, erkək doğsa, balasını sənə bağışlayacam...”

Sonra ucadan arvadına səsləndi: “- Əmiqızı, gəl bu şoqəribi apar tulla o yana, özün də biş-düş elə, tez ol gətir düz süfrəyə...”

Arvadı içərisində çil-çil qurabağının atılıb-düşdüyü ləyəni götürəndə şairə ürəkdən təşəkkür edib dedi: “Allah babana da, o təbib nənənə də min rəhmət eləsin, qardaş,  düz bir həftədir ki, yuxu üzünə  tamarzı qalmışdıq...”

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2024)