29 illik nakam həyata elegiya Featured

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

                                       Mikayıl Müşfiq.

Sətirlərdən də, aydın olduğu kimi bu günün mövzusunu 86 il öncə dünənki gün, 30 yaşına dolmadan dünyadan nakam köçən gənc şair Mikayıl Müşfiqə həsr edirəm.

 

Müşfiq 5 iyun 1908-ci ildə Bakıda, o vaxtın təbiriycə desək, Bakı quberniyasında anadan olmuşdur. Həyatını erkən yaşlarından ədəbiyyata həsr edən gənc şair ali təhsilini Azərbaycan universtitetində almış, ədəbiyyat müəllimi kimi dərs keçərək neçə-neçə şagirdin qəlbinə şeiriyyatı ilmək-ilmək toxumuşdur.

1938-cu ildə isə Stalin repressiyasının qurbanlarından biri kimi güllələnmişdir. Ölümündən uzun zaman sonra 1956-cı ilin mayında bəraət almışdır.

 

Bu məlumatları vikipediadan axtaran hər kəs rahatlıqla tapa bilər. Yəni, 29 illik nakam həyat bir abzasdan da az yer tutur. Lakin həyat qısa bir bioqrafiyanın özətindən ibarət deyil. İnsan həyata hansısa bir amal üçün gəlir və o amal uğrunda həyatdan köçən hər kəs ölümün ən şərəflisini dadmış olur. Yaşasa daha çox yazacaqdı bəlkə, sətirləri qəlbimizi fərahladacaqdı. Kim bilir, represiyaya qurban olmasaydı o da, çiçəklənən diyardan əl çəkməyəcəkdi. Həyatınln bahar çağında dağlı çörəyindən bir parça kəsib yenə zümzümə edəcəki, öz gözəl şeirlərindən. Zaman-zaman ağladacaqdı bizləri qəlbində yanan ana həsrətilə. Hələ çox yazacaqdı eşqdən, məhəbbətdən, nakam sevgilərdən. Gənc getdi şair bu dünyadan. Bizlərə cəmi 29 illik ömründən xeyli sətirlər buraxaraq gözlərini yumdu bu ədalətsiz dünyada.

Bəlkə daha gözəl olardı… ömrü uzun, sətirləri sonsuz olardı yaşasaydı.

Qəlbindəki sevgini, gözlərindəki mərhəməti aşılayardı neçə körpəyə.

Qızım-oğlum deyib Vətən övladlarını milli ruhda böyüdərdi.

İndi onun xatirəsindən geriyə xatirə muzeyi və şeirləri qalıb.

Sən Bakıya ruhunu əmanət edən şair, Bakı səni unutmaz, Vətən qanın tək damlasını itirməz.

Rəhmətlik şairə həsr edilən bu qısa məqaləni onun ən sevdiyim şeirlərindən olan "Yağış yağarkən" şeiri ilə sonlandırmaq istəyirəm.

 

Yağış yağır, rəqs eyləyir gur damlalar,

Sıra-sıra, inci-inci nur damlalar.

Göydə iki qara bulud çatılaraq,

İldırımlar şaqqıldayır şaraq-şaraq.

Quşlar uçur yuvasına fırıl-fırıl.

Çaxnaşmada göy üzündə ildırımlar,

Bir-birinə dəydi, baxın, qaldırımlar.

Dönmələrdə durana bax, qaçana bax!

Qaldırımda o balaca oğlana bax!

Öz döşündən yeni sözlər toxuyaraq.

Ayağını şappıldadır oxuyaraq.

Gülə-gülə bir qız qaçır o səkidən,

Ürəkciyi xali deyil səksəkidən,

Yanında bir gənc də qaçır,

Yağış yağır, onu açır.

Ey gənc, durma, qoltuqlamaq zamanıdır,

Təbiətin ən şux, çaqraq zamanıdır,

Yağ, yağışım, yağ, sel ol, yağ!

Sırma-sırma, tel-tel ol, yağ!

Çözül, sən ki, kölgəli bir yar saçısan,

Bağrı yanıq səhraların əlacısan.

Yağ, yağışım, sellənərək,

Sırmalanıb tellənərək!

Zümzümənlə şirin-şirin dillən, yağış,

Küçələrdə uşaq kimi vellən, yağış!

Bunlar keçər, çarpın səma köksüm kimi,

Ey ildırım, səs ver mənə, səsim kimi!

Yağ ey yağış, fikrim kimi, hissim kimi,

Uzaq, yaxın çöllərə yağ,

Ölkələrə, ellərə yağ!

Yağış yağır, rəqs eyləyir gur damlalar,

Sıra-sıra, inci-inci nur damlalar.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2024)