“Saçımızın boyasından dərd baxır” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalı sizlərəTəranə Dəmirin şeirlərindən iki yarpaq yəqdim edir. 

 

1-Cİ YARPAQ

 

Bahar kimi sevməyə, sevilməyə nə var ki,

Sən sevginin əlindən yarpaq saralanda tut.

Saçında, yanağında illər cığır salanda,

Əlinə, ayağına payız sarılanda tut.

 

Bütün arzularının səndən küsən çağında,

Ömrünün başı üstə külək əsən çağında,

Ürəyinin üşüyən, ocaq gəzən çağında,

Təklikdən, tənhalıqdan bağrın yarılanda tut.

 

Baharı sevmək asan, bahar sevgidi elə,

Burda çöl də, çəmən də-nə var sevgidi elə,

Çaylar, dənizlər, dağlar, yollar sevgidi elə,

Ayaqların tikanda, kolda yorulanda tut.

 

Xəzəllər öz canını torpağa tapşıranda,

Ürəklər günahını Allaha tapşıranda,

Sairlər ürəyini varağa tapşıranda,

Qələmin məhəbbətdən beli qırılanda tut.

 

Bahar kimi sevməyə, sevilməyə nə var ki,

Sən sevginin əlindən yarpaq saralanda tut.

Saçında, yanağında illər cığır salanda,

Əlinə, ayağına payız sarılanda tut.

 

2-Cİ YARPAQ

 

Zaman necə uçub gedir quş kimi,

Yaş üstünə yaş tökülür günbəgün.

Ümidimiz yarıtoxdu, yarıac,

Nə dadı var, nə duzu var bu ömrün.

 

Saçımızın  boyasından dərd baxır,

Üzümüzün qırışından iztirab.

Saat-saat alladırıq zamanı,

Çəkə -çəkə özümüzlə   haqq-hesab.

 

Ötüb daha asıb kəsən vaxtımız,

Sevgimiz də ruhumuza dar gəlir.

Özümüzdən utanırıq aynada,

Bizə daha güzgülənmək ar gəlir.

 

Darıxırıq, darıxmırıq -kimə nə,

Tək çəkirik şələmizi beləcə.

Ulduz-ulduz oynayırıq gecəylə,

Yuxu tapmır gözlərimiz sübhəcən.

 

Bu  günümüz  davamıdı dünənin,

Sabah-sabah qovlayırıq  vaxtı biz.

Gah dünyadan, gah Tanrıdan küsürük,

Nisyələrə xərcləyirik nağdı biz.

 

Zaman necə uçub gedir quş kimi,

Yaş üstünə yaş tökülür günbəgün.

Ümidimiz yarıtoxdu, yarıac,

Dadı, duzu qalmayıb ki, bu ömrün.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)