ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Aydın Əliyev

Azərbaycan Yazıçılar Birliyinin üzvü,  şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Aydın Əliyevə ithaf olunub. 

 

 

AYDIN NƏRİMAN OĞLU ƏLİYEV

(09.01.1991.-28.11.2020.)

 

Sumqayıt şəhərində doğulmuş, əslən Tovuz rayonunun Aşağı Quşçu

kəndindən olan, SOCAR-ın Karbamid zavodunun əməkdaşı, Qarabağın azad edilməsi

uğrunda Vətən müharibəsinin şəhidi

 

A Y D I N

Adının mənası işıqlı, nurlu,

Adıntək işıqlı sən oldun Aydın.

Məhv etdin, nə qədər kafir düşməni,

Yağıdan intiqam, sən aldın, Aydın.

Yaşadın bu yurda sədaqət ilə,

Döyüşdün qorxmadan, cəsarət ilə,

Hünərlə, mərdliklə, rəşadət ilə,

Düşməni lərzəyə, sən saldın, Aydın.

Ayaq izlərin var Vətən daşında,

Dayana bilmədi düşmən qarşında,

Şuşamız uğrunda haqq savaşında,

Qalib sırasında sən durdun, Aydın.

Həm dayın, həm əmin igid idilər,

Qalib olcağıq ümidliydilər,

Yurdumuz uğrunda şəhid idilər,

Onların ruhundan güc aldın, Aydın.

Səndən xoş xatirə, xoş söhbət qalıb,

Qazandığın halal şan-şöhrət qalıb,

Nərimanla Salman əmanət qalıb,

İnsanlıq dərsindən tac aldın, Aydın.

 

Karbamıd zavodu - çalışdığın yer,

Zəhmətə, əməyə alışdığın yer,

SOCAR ailəsinə qovuşduğun yer,

Ən uca zirvəyə ucaldın, Aydın.

Torpağı-yurd, Vətən edən öləmməz,

Yağı ağlar qalıb, bir də güləmməz,

Müqəddəs tarixi heç kəs siləmməz,

Tarixi yazmağı bacardın, Aydın.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)