POETİK QİRAƏTdə Tahir Talıblının “Gəmisi qayıtmaz liman” şeiri

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Tahir Talıblı görüşür. Yeni il ərəfəsində şair “gəmisi qayıtmaz liman”dan bəhs edir.

Eh, kaş ki, bütün limanların gəmiləri qayıdaydı…

 

 

“Səndən gələn xoşdur mənə,
Ya gül göndər, ya da tikən.
Mehrin də xoş, qəhrin də xoş,
Ya xələt ver, ya da kəfən”.
(Əhməd Yəsəvi)

 

Deyəsən, zənglərim sənə xoş olmur
Sənin susmağınnan çox xoş oluram.
Mən göz düzəldirəm, üstə qaş olmur,
Gözümü tökürsən bihuş oluram.

 

Asıla qalmısan kipriklərimnən
Gözümdə sıxılmış bir damcı yaşsan
Ağrı göyərəcək, dərd cücərəcək
Qəfil tufan kimi haraya düşsən.

 

Bitər gözlərində ayrılıq, bitər
Yoxsa bir lal, dibsiz güman kimisən.
Limanlar ağlayar, gəmilər gedər...
Gəmisi qayıtmaz liman kimisən.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)