POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Yada düşür...”

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. 


Yada düşür...


Yaz gəlir, lalələrin

istisi yada düşür.

Dəlidağ güllərinin

bəstəsi yada düşür.

 

Haqq deyə öz sözünü,

tökə düşmən gözünü,

çatın palıd közünü –

tüstüsü yada düşür.

 

Yolda yağış saxlayır,

can yanır, baş ağrıyır,

böyrəklər daş bağlayır –

“İstisu” yada düşür.

 

Məni ora qaytarın,

şeh düşsün narın-narın,

durna telli qızların

dəstəsi yada düşür.

 

Çağırın tez oyanım,

doğan Günə boylanım,

öyüd verən babamın

hər sözü yada düşür.

 

Eh... gözəl cavanlığım,

eşq odunda yandığım!

Dərədən boylandığım

Göyüzü yada düşür... 

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)