QİRAƏT SAATInda “Eşq mələyi”

   “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

24-cü hissə

 

Yeni kabus

 

Yeni həyat xeyli zəngin və maraqlı idi. Yaşadığı acılardan sonra birdən-birə bu qədər xoşbəxt olmaq Ülkər üçün gözlənilməz idi. İşlətdiyi qadın salonu -- adını “Aylin” qoymuşdu -- onu bir biznes ledi kimi formalaşdırmışdı, gedib işə nəzarət edir, gəlir-çıxarı hesablayırdı, vaxtlı-vaxtında tələb olunan ləvazimatı da (müxtəlif kosmetik vasitələr, şampunlar, saç rəngləri və s.) gedib Sədərək bazarından özü alıb gətirirdi.

Həftəsonu pay-pürüşlə anasını gedib görür, Nazəndə xanıma baş çəkir, bacısının qapısını açırdı. Nazəndə xanım ona çox yaxşılıqlar etmişdi, doğma ana münasibəti göstərmişdi. Odur ki, köhnə, ekranı işləməyən telefonunu görüb ona son dəb mobil telefon alıb hədiyyə etmişdi.

Gülgünlə kafe-restoranlara getməyin də öz yeri var idi. Hətta bir dəfə tələbə yoldaşı Sevillə də rastlaşmışdı, “Portofino”da kofe içib gəncliklərini xatırlamışdılar. Xüsusən qardaşı Xəyalın qorxusundan Ülkərin qısa ətəyi çantasında gətirib Sevilgildə geyinməsini xatırlayanda uğunub getmişdilər. Maddi sıxıntı çəkən Sevil ondan borc istəmiş, o isə təmənnasız ona beş yüz dollar vermişdi.

Rəşid müəllimlə izdivaca görə bacısını az qala döymək həddinə çatan Xəyal da xeyli yumşalmışdı, indi tez-tez gəlib bacısından cibxərcliyiistəyirdi. Hətta bir dəfə guya banka olan borcuna görə evini girov qoymasını, pulu ödəyə bilmədiyindən evdən çıxarılması təhlükəsini dilə gətirib hönkürərək ağlamışdı da, Ülkər də buna dözməmiş, qürurunu sındıraraq Rəşid müəllimdən altmış min manat alıb qardaşına vermişdi.

Ülkər fitnesə də gedirdi, hovuzda da üzürdü. Hər şey ürəyincə idi.

Ağ gün üz ağardar, deyiblər, çox düzgün deyiblər, Ülkər sanki günü-gündən gəncləşir, gözəlləşir, daha sevimli olurdu.

Yeni həyatda yeganə xoşuna gəlməyən şey Rəşid müəllimlə yatmaq səhnələri idi. Bir peşəkar vəzifəni icra edirmiş kimi Ülkər həmin anların tez bitməsini səbirsizliklə gözləyirdi.

Bu dəfə qara kabus qəfil gəldi. Bir gün Ülkər salonun qarşısında Namiqi gördü. Dərhal dalağı sancdı. Namiq dedi:

-- Mənə təcili borc pul lazımdır, on min dollar.

Ülkər əsəbiləşdi:

-- Sənə pul lazımdırsa, mən neynəməliyəm? Mən məgər sənin kiminəm ki, üstümə gəlmisən?

Namiq fikrini açıq izhar elədi:

-- Bax mənimçün çöl də bayır kimidir. İtiriləsi bir şeyim yoxdur. Ya mənə on min dolları düzəldib verirsən, ya da Rəşidin arvadına, oğullarına deyəcəm ki, Rəşid ev tutub fahişə saxlayır.

Ülkər qəzəbləndi, dərhal dedi ki, fahişə sənin anan, bacındır, mən o kişinin kəbinli arvadıyam.

Belədə Namiq lap azğınlaşdı:

-- Nə kəbin? Bir yataqlıq siğə bağlamaq kəbindir, ay bədbəxt? Guya keçmişini bilmirəm? Bu atan yaşında kişidən qabaq da oğlun yaşında bir başqasını toruna salmışdın. Rəşidin oğulları dəliqanlıdırlar, bilsələr, sənin hər tikəni qulağın boyda edəcəklər. Özünə problem axtarma, on min dollar ver, çıxım gedim.

Ülkərin sanki başına qaynar su tökdülər. Yaman yerdə axşamlamışdı.

Vaxt udmaq üçün dedi, mənə üç-dörd gün möhlət ver, sonra məsələyə qayıdarıq.

Nə edəydi? Rəşid müəllimə desinmi bunu? Bir neçə gün götür-qoy etdi, düşdüyü labirintdən çıxış yolu axtardı.

Gülgündən məsləhət istədi. Gülgün dedi:

-- Rəşid müəllimin məsələdən agah olacağı təqdirdə sürücünün ağzını yumacağına əminsənmi? Məncə, əksinə, içinə bir qorxu dolar, çıxış yolunu təcili səninlə ayrılmaqda görər. Çünki o Namiqdi, nə zibildi, elələri adamı həmişə ən zəif yerindən vurmağa hazır olurlar. Məncə, o oğraşın ağzına tulapayı kimi o pulu at, qulağı dinc həyatını yaşa.

Əlac yox idi. Belə də etməli idi.

 

***

Süleymanbu yerdə qeyri-ixtiyari çığırdı. Dedi, Ülkərin səhv etdiyi aydındır. Ülkər onu həqiqətən də sevən Rəşid müəllimə onun xoş ovqatında hər şeyi açıq deməliydi... Onu inandırmalıydı... Ülkərin böyük səhvidir bu!!!!

 

***

Ülkər Namiqi çağırdı, ona and içdirtdi ki, bu on minlə söhbət bağlanacaq, daha Namiq onun gözünə görünməyəcək. Sonra düzəltdiyi pulu ona verdi. Bu olay avqustun son günlərində baş verdi.

Sentyabr ayı sakit keçdi, Namiq, həqiqətən, gözə dəymədi. Oktyabrın 2-si idi. Rəşid müəllimin vəzifəsini bir pillə böyütmüşdülər, onun xoşbəxt günü idi. Ülkəri bulvardakı restorana apardı, bolluca içdi, Ülkəri də içirtdi. Şərabı arağa, onu da şampana qatdılar. Ömründə bu qədər içməyən Ülkər ayaq üstündə dura bilmirdi. Başı necə gicəllənirdisə, elə bilirdi karuseldədir, “Amerika qorka”sında dövrə vurur.

Rəşid müəllim özü evə taksi ilə gedib Ülkəri Namiqlə yola salacağını bildirəndə Ülkər “yox” desə də, bu “yox” heç bir əhəmiyyət kəsb etmədi. Rəşid müəllim onu maşının arxa oturacağına oturdub, dodağından da öpüb “bay-bay” dedi.

 

***

Süleyman yenə oxumağa ara verib səsini qaldırdi. Dedi ki, burada Rəşid müəllimin səhvibarədə yazmaq lazım idi. Düzdür, cəmiyyətdə belə hallar var. Ammao dəyyus yazıçıburada Rəşid müəllimi ciddi tənqid etməliydi.

Dedi, elə bu yazıçı da Rəşid müəllimlə eyni düşüncənin yiyəsidir, deyəsən.

Sonra yenidən olduqca maraqlı yerində qaldığı romana sarıldı.

 

 “Ədəbiyyat və incəsənət”

(29.12.2023)