ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Arəstə Baxışova

Azərbaycan Yazıçılar Birliyinin üzvü,  şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Arəstə Baxışovaya ithaf olunub. 

 

 

ARƏSTƏ KƏRİM QIZI BAXIŞOVA

(04.05.1989.-23.10.2020.)

 

Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olmuş, Azərbaycan Silahlı

Qüvvələrinin çavuşu və hərbi feldşeri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu,

Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin yeganə xanım şəhidi

 

A R Ə S T Ə

-Ana, orduda xidmət eyləmək qərarımdır.

Bilirsən ki, sənintək Vətən də vüqarımdır.

İki balamı sənə eyləyirəm əmanət,

Tezliklə zəfər çalar haqq işimiz- ədalət.

Qarabağsız yaşamaq hamımıza töhmətdir,

Əgər ki, şəhid olsam, qəm yemə, bu, qismətdir.

Sonra balalarının öpərək üz-gözündən;

-Mərdan, Zəhra, çıxmayın, nənənizin sözündən.

İnşallah, günəş doğar, açılar aydın səhər,

Ürəyimə damıb ki, bizim olacaq, zəfər.

Ana min əziyyətlə böyütmüşdü balasın.

Ürəyindən keçirdi; -Qızım, Allah saxlasın!

Görüşüb ayrılanda Arəstə qəmlənmişdi,

Anası da susurdu… gözləri nəmlənmişdi.

Amma fikirləşdi ki, başqa cür ola bilməz,

Bizim doğma Vətəndə kafirlər qala bilməz.

Orduda xidmət etmək, hamı bilir, çətindir,

Qadın hərbiçidirsə, o, necə də mətindir!

Arəstə xidmətini eyləyirdi qeyrətlə,

Heç arası yox idi boş söz ilə, qeybətlə.

 

Allah ona vermişdi, nə qədər böyük ürək,

Xidmət yoldaşlarına doğma oldu, bacıtək.

Başlarkən müharibə düşündü çatıb məqam,

Yağılardan alarıq, cəsarətlə intiqam.

O, neçə yaralıya hər gün edirdi yardım,

Yatmazdı bircə saat təki var olsun ordum.

Yaralı əsgərləri doğma qardaş bilirdi,

Onlarla kədərlənib, onlar ilə gülürdü.

Budur , Arəstə xanım döyüş meydanındadır,

Cəsur, mərd əsgərlərin yenə də yanındadır.

Göydən alov tökülür, silkələnir dağ-dərə,

Elə bil sözün deyir ucadan Xeyir Şərə.

Bax, əsgərlərdən biri indicə yaralandı,

Qolunun biri düşdü, ayağı paralandı.

Arəstə istədi ki, yaralını çıxarsın,

Bir az aralıdakı məntəqəyə aparsın.

Elə bu an düşmənin gülləsinə tuş gəldi,

Çöhrəsi işıqlandı, şəhidliyə yüksəldi.

Şəhid oldu Arəstə, yolu cənnətdən keçdi,

Tanrı bu mərtəbəyə sevərək onu seçdi.

Arəstə bir gül idi, bu gül heç zaman solmaz,

Torpağa qan axmasa, torpaqdan Vətən olmaz.

Qalmadı yerdə qanın, Arəstə-şəhid bacı,

Şəhid qardaşlarına yeganə, vahid bacı.

Şuşada vüqar ilə dalğalanır bayrağım,

Azad olub yağıdan, doğma yurdum, torpağım!

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)