Bəxtiyar Vahabzadə: “İmamverdi kimi insanları başıma tac edərəm”

Azərbaycan ədəbiyyatşünaslığının ən görkəmli nümayəndələrindən biri olan İmamverdi Əbilovun anadan olmasının 96-cı ildönümü tamam oldu. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Xalq şairi Bəxtiyar Vahabzadənin 2007-ci ildə İmamverdi müəllimin 80 illiyi  münasibəti ilə yazdığı məqaləni təqdim edir. Məqaləni redaksiyaya İmamverdi müəllimin oğlu Etibar Əbilov təqdim etmişdir. 

Allah İmamverdi Əbilova, Bəxtiyar Vahabzadəyə rəhmət eləsin! 

 

MİLLƏT VƏ ANA DİLİ ÜÇÜN YANAN ADAM.

 

İmamverdi Əbilov mənim həqiqi dostum olub. Hər adama dost demək olmaz. Mən rəhmətlik Qasım Qasımzadə, Xudu Məmmədov, Nurəddin Rza və İmamverdi müəllimlə dostluq etmişəm. O mənim sirdaşım olub.

İmamvetdi qəlbən yüksək düşüncəli insan olsa da, özünü çox sadə, təvazökar apardığına görə onu çox istəmişəm. Sadəqəlblidir. Amma el üçün, millət üçün, ana dili üçün yanan adamdır. Mən onu buna görə sevmişəm. Sevmək azdır, mən İmamverdi kimi insanları başıma tac edərəm. Bu sözləri Nurəddin, Xudu, İmamverdi və bir də rəhmətlik Qasım haqqında deyə bilərəm.

Bilirsinizmi, əqidə deyilən bir anlam var. Bir var adi söhbət, bir də var əqidə söhbəti. Əqidə mənim hər şeyimdi, çismimdi, varlığımdı, nəfəsimdi. Əqidəmə toxunanda dözə bilmirəm. İmamverdi mənim əqidə dostumdur.

Bir məsələdə təsəlli tapıram ki, onun oğlu Azər Turan atasına layiq oğul oldu. Hər oğul, hər kəs o cür olmur.

Mən İmamverdi ilə 60 ilə yaxındır ki, dostluq edirəm. Dönə-dönə Neftçalada- onun evində olmuşam. İmamverdi müəllimin hesabına Neftçala respublikanın ədəbi mərkəzlərindən birinə çevrildi. Onun evini, oçağını pirə bənzədirəm. İmamverdi Allah adamıdır. Övliya kimi bir insandır

                              Bəxtiyar Vahabzadə

         “Ədəbiyyat qəzeti", 28 aprel 2007-ci il.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)