QİRAƏT SAATInda “Eşq mələyi”

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

22-ci hissə

 

Xəyanət ağrısı

 

Ülkər indi, üstündən bu qədər keçmiş həmin günlərini kino lenti kimi nəzərdən keçirəndə ani olaraq filmə baxışını saxladı, ozamankı durumunu saf-çürük etməyə başladı. Rəşid müəllimin onun həyatına gəlişi çox mürəkkəb, içində təlatümlər olan vaxta təsadüf etmişdi.

Bəzi ərli qadınlar niyə gəzirlər? Ərləri ki yanlarındadır. Evləri, pulları, maşınları, hər cür şəraitləri var axı. Bəs onda ərinin az puluna, kasıblığa qane olmayanlar neyləsinlər?Ya da, ərinin qaba xasiyyətindən, sərtlik və vəhşiliklərindən bezənlər neyləsinlər? Bəs ərləri daim xəyanət edənlər? Xəyanətin məğzi nədir axı?

Ülkər Madara xəyanət edərdimi? Etməzdi axı. İndi düşünür ki, hətta ona ən qızdığı anlarda, nifrəti içini çuğlayanda, xəyanət etməsinə tam əmin olan vaxtlarında belə bunu etməzdi. Ağlından keçirmişdi, qonşu eyvandakı oğlanla xəyanət xəyalları qurmuşdu, sonradan realda namussuzluq etmiş kimi özünü danlamış, özündən iyrənmişdi.

Madarla indi boşanmışdılar, yolları ayrılmışdı. Ancaq ucuz tutulması, heç bir əskikliyi olmaya-olmaya Madar tərəfindən ləyaqətinin alçaldılması, atılması Ülkərə hələ də ağrı-acı yaşadırdı, heç vaxt bununla barışa bilmirdi, toxtayabilmirdi. Gözəldi, ev işlərini bacarırdı, xasiyyəti mülayim idi, ləkəli bir yeri yox idi. Bununla belə, Madar onun sinəsinə xəncər saplamışdı.

İndi hamı boşanır. Sovetlər zamanı ən az boşanma Azərbaycanda idi, indi gedib ən çox boşananlar sırasına çıxmışıq.Niyə bu qədər boşanma var? Niyə hətta “getmə gözümdən, gedərəm özümdən” deyibən sidq-ürəkdən sevişən gənclərin belə aqibəti boşanma olur? Sosial ədalətsizlik ucbatından. Kişilərin pulqazanmaq çətinliyindən. Bank kreditləri üzündən. Üstəlik, bizim adət-ənənə ölkəsi olaraq qalmağımız da öz sözünü deyir. İndi sevgi qalmayıb, sevgi ilə qurulan ailələr belə az sonra ehtiyac problemləri yaşayır, hər gün bir işgəncəyə çevrilir.

Oğlan aldadır ki, varlıyam, pulluyam. Qız aldadır ki, qoçağam, gülərüzəm, mehribanam. Ailə qurulanda, biri kişi, biri qadın olanda yalanlar üzə çıxır. Kişinin cüzi maaş aldığı bəlli olur, qadınınsa tənbəlliyi, deyingənliyi. Dava-dalaşlar beləcə başlayır.

Bu sırada xasiyyətlərin tutuşmaması üzündən boşanma azlıq təşkil edir. Xasiyyətlərin tutuşmaması isə yalnız təsadüfən ailə quranlarda olur. Bir baxışda zahirən bir-birini bəyənib səhərisi gün toy edənlərdə, habelə valideyn istəyi ilə üzünü belə görmədikləriylə ailə quranda.

Ülkərin faciəsinin səbəbi ikincisi idi, amma nə fərqi var, ya zəlzələdən olsun, ya vəlvələdən, ayrılmaq ayrılmaqdır.

Madar evdən gedəndə çox nalayiq iş görmüşdü, hətta toy şəkillərini də cırmışdı. Aylinin körpəlik şəkillərini də həmçinin. Ülkərə qarşı qəddarlıq etməsinə yenə nəsə don geydirmək olar, deyərsən ki, yaddır, qəzəbini, nifrətini cilovlaya bilməyib. Bəs Aylinə -- öz doğma balasına qarşı hərəkətinə nə ad vermək olar?

Ülkər bəzən təklikdə ağlayırdı da. Hətta ən şən anlarında belə Madarın vurduğu yara qəfildən sızıldayırdı, içini ağrıdırdı. Hərdən isə dərdi ikiqat artır, lap çəkilməz olurdu. Onu valideynlərinin qorxusundan heç nəyə satan Rasimin hərəkəti də bir yandan ürəyini ağrıdırdı. Bu niyə belədir? Niyə axı sabahkı günün məsuliyyətini duymadan kişilər qadınları aldadırlar, bir anlıq intim ehtiyaclarını, tələbatlarını ödəmək üçün bir qadını bədbəxt edirlər?

Rasimin hərəkəti də ən alçaq hərəkət idi. Anasına bircə kəlmə etiraz etmədən Ülkərdən əl götürmüşdü.

Rəşid müəllimi bəlkə Tanrı məhz Ülkərin bu yaralarının qaysaması üçün göndərmişdi? Demək, xilası lap yaxında idi. Bu düşüncələrlə o vaxt özündən iyirmi beş yaş böyük olan kişinin təklifini müsbət cavablandırmışdı.

İndi buna görə özünü qınaya bilər. Amma zamanında o qədər sınmış, o qədər alçaldılmışdı ki, bir güclü əlin himayəsinə ehtiyacı, həqiqətən, hədsiz idi. Hər bir qadının kölgəsinə sığındığı kişisi olmalıdır.

Bir dəfə haradasa, kimdənsə belə bir fikir eşitmişdi. “Təmiz qız termini ilə bakirəlik eyni şey deyil. Bakirə olmayıb da təmiz, xəyanətsiz, saf qəlblə yaşaya bilərsən, eyni zamanda bakirə ola-ola da pozğun, çirkablıqda batan birisi ola bilərsən”.

Durub yenidən mətbəxə keçdi, soyuducudan qazlı su çıxarıb içdi.

Bu nə yanğı idi belə?

Gecə saat 3-ün yarısı idi. Kirpikləri ağırlaşmışdı, amma bilirdi ki, yata bilməyəcək.

Əslində, həyatında gecələr yatmadığı dönəmlər çox olmuşdu. Əzildiyi, tapdandığı, göz yaşlarından boğulduğu o dönəmlərdə səhəri açmaq daha da əzilmək, daha da tapdanmaq, göz yaşlarında daha da boğulmaq anlamında idi. Amma bu gecə fərqli gecə idi. Bu gecə onun yuxusuzluğuna səbəb qərar vermək üçün düşüncələrə dalması idi.

Əlbəttə ki, bu sayaq gecənin yuxusuzluğuna o qədər də heyifsilənmək olmazdı.

 

***

Süleyman dayandı. Özünü romanın müəllifinin yerinə qoydu. Bəli, bədii ədəbiyyatın sənədli ədəbiyyatdan bir fərqi var. Bədii ədəbiyyat estetik fikir formalaşdırmalı, didaktikaya yol açmalı, oxuculara nikbin, pozitiv mesajlar verməlidir.

Bu Elgün Bayat niyə bunları eləmir? Niyə hadisələri öz axarına buraxır? Bu Rəşad müəllim növbəti cəllad olacaq, onun Ülkəri xoşbəxt etməyəcəyi məgər bəlli deyil?

Süleyman özü olsaydı, belə etməzdi axı. Ülkərin həyatının yaxşılaşdırılması ilə bağlı pozitiv yollar axtarışına çıxardı. Cəmiyyətdə nələri etmək olar ki, qadınlar belə çıxılmaz vəziyyətə düşməsinlər?Bu suala mütləq bir cavab tapardı. Çox müsbət bir məmur obrazı yaradardı. Dünyadan küskün olan, insanlara inamı itən Ülkər yaxşı insanların olduğunu görüb sınma nöqtəsindən qopardı. Bu obraz pullu bir işə düzəldib, bütün problemlərini həll edib, bir ata, böyük qardaş kimi onun arxasında dayanıb Ülkəri xilas etməklə yanaşı, onun vəziyyətinə düşən yüzlərlə, minlərlə qadına da ümid verə bilərdi ki, dünya yaxşı insanlardan xali deyil.

Gözləri yenidən romana sarı qaçdı.

 

 “Ədəbiyyat və incəsənət”

(27.12.2023)