POETİK QİRAƏTdə Əlizadə Nuridən “Torpaq idim, ələdilər toz oldum...” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Əlizadə Nuri görüşür. Kədərli şeirdir, bədbin şeirdir. Şairlər görəsən niyə bunca dərdli olurlar? 

 

Dəfinəymiş hər dəfəsi bu dəfin,

Səfsəfələr səhv taniyar sədəfi.

Bir canım var, neçə- neçə hədəfim,

Bir bəxtim var, yüz bəxtimdən küsmüşəm.

 

Duza gedir, ya ardınca duz gedir?

Gedir ömür, bir qədər də sus, gedir...

O əyrinin işi yaman düz gedir,

Mən də elə " düz" bəxtimdən küsmüşəm.

 

Bala - bala bal yığmışdı Balayan,

Öz- özünü vurar bir gün cərəyan...

Bir kəlməni yüz kəlməyə calayan

Calaq olan  söz bəxtimdən küsmüşəm.

 

Tilsim idi, indi axı nədi o?

Özü öldü, özü ağı dedi o...

Kərəm yandı, söndürə bilmədi o-

Simi sınmış saz bəxtimdən küsmüşəm.

 

Göydən yerə enəcəkdi sirr yağış,

Gələcəksən məni də dindir, yağış..

Bulud əkdim... göyərmədi bir yağış-

Bahar vaxtı yaz bəxtimdən küsmüşəm.

 

Qulluqçunu oynatdılar, qul qalıb,

Bir az ömür, bir azca da pul qalıb...

Həyat ölüb...arzularım dul qalıb

Öz taxtımdan , öz bəxtimdən küsmüşəm.

 

Ağla qara görüşdülər...boz oldum,

Məni minə vursalar da, az oldum.

Torpaq idim, ələdilər toz oldum,

Bəxti qara toz bəxtimdən küsmüşəm...

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)