Ferdinand Bryunetyer: “Ədəbiyyat tarixində janrların təkamülü” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün də tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərsinin zamanıdır. Bu dəfə ədibin tərcüməsində Ferdinand Bryunetyerin “Ədəbiyyat tarixində janrların təkamülü” məqaləsini təqdim edirik.

 

 

“Janrların təkamülü sualının içindən, səhv etmirəmsə, beş başqa sual çıxır:

 

1. Janrların mövcud olub-olmaması haqqında sual: yəni janrlar sadəcə olaraq boş bir söz, tənqidçilərin özlərinə istiqamət götürməyi və bununla da çoxlu sayda əsərlər yığınından baş açmağı asanlaşdırmaq (əks halda onlar sonsuz müxtəlifliyinin içindən çıxa bilməzlər) üçün uydurduqları ixtiyari kateqoriyadır, yoxsa, bunun əksinə, doğrudan da, təbiətdə və tarixdə janrlar mövcuddur? Janrlar təbiətdən və tarixdənmi qaynaqlanır? Nəhayət, bunlar təkcə tənqidçilərin ehtiyaclarına görə deyil, hətta yazıçıların və sənətçilərin şıltaqlığından da asılı olmayaraq öz həyatlarını yaşayırlar? Birinci sual budur. 

2. Janrların diferensiallaşdırılması haqqında sual. Tutaq ki, janrlar mövcuddur; bunun necə təkzib oluna biləcəyini başa düşmürəm, bəri başdan deyirəm. Çünki ən ifrat hallarda mahnı ilə oda qarışdırıla bilər, ancaq odanın, belə deyək ki, xarakterlər komediyası olmadığı aydındır: elə bunun kimi peyzaj rəsmi də heykəl deyil. Beləliklə, janrların mövcud olduğunu fərz etdikdə sual yaranır ki, onlar ilkin sinkretizmdən necə azad olurlar? Onlar arasında əvvəlcə onları bir-birindən ayıran, sonra onların xassələrini müəyyən edən və nəhayət, fərdiləşdirən fərqləndirmə necə baş verir? İkinci sual bundan ibarətdir və siz artıq görürsünüz ki, bu, mahiyyətcə təbiətşünaslıq elmində ayrı-ayrı fərdlərin varlığın dərinliklərindən və ya ümumi və yekcins bir substansiyadan özünəməxsus formaları ilə necə ayrıldığı və beləliklə,  müxtəlif növlərin və cinslərin sələfinə necə çevrildikləri barədə suala oxşayır.

3. Janrların sabitliyi haqqında sual. Təbiətdə ayrı-ayrı növlər əlverişli şəraitdə sabit olmaqdan  və dayanıqlı əlamətlər daşımaqdan məhrum olmadığı kimi, janrlar da, ən azından, müvəqqəti şəkildə sabitləşə bilər. Diqqət yetirin, bu bəzən onların bir-birindən toxunulmaz sərhədlər və ya keçilməz divarlarla ayrıldığını ağlımıza gətirə bilər. Ona görə də üçüncü sual janrların sabitliyi və ya daimi olması şərtləri ilə bağlıdır ki, bu da onların təkcə nəzəri deyil, həm də tarixi varlıq, yəni bir tarixdən digərinə keçən varlıq olmasını, fərdi varlıq olmasını, sizin və ya mənim başlanğıcı, ortası və sonu olan həyatımızla müqayisə edilə bilən bir varlıq olmasını təmin edir.

4. Növləri dəyişdirən amillər haqqında sual. Janrın tarixi varlığı əbədi deyil, buna görə də onu insan həyatı ilə müqayisə etmək olar. Təbiətdə olduğu kimi, janrın təkamülündə də dəyişkən xüsusiyyətlərin cəminin sabit xüsusiyyətlərin cəmindən çox olduğu bir məqam gəlir və onların ümumi tərkibi, belə demək mümkünsə, dağılır. Hansı amillərin təsiri altında? Başqa sözlə, janrı dəyişdirən nədir? Bu, dördüncü sualdır, yəqin ki, ən mürəkkəb və ən dolaşıq sualdır ki, onun üzərində xüsusi olaraq uzun müddət dayanmaq lazım gələcək; digər tərəfdənsə, bu sualda qoyulan məsələnin həlli bizi məşğul edən problemə ən böyük aydınlığı gətirəcək.

5. Janrların transformasiyası haqqında sual. Burada biz bu hadisənin ümumi qanunauyğunluqlarının olub-olmadığını və ya əksinə, əzəldən bəri hesab edildiyi kimi, hər bir janrın öz təkamül qanunlarının və janrların təkamülündə ümumi qanunauyğunluğun olub-olmadığını araşdırırıq. Burada misallara müraciət etməli olacağıq; mən çoxlu misallardan üçünü seçmişəm ki, izah ediləcək mövzuya uyğun olaraq onlarda layiq olduqları bütün dolğunluğu təqdim etməyə çalışım. Birinci nümunə keçmişdə məşhur, indi isə sözün həqiqi mənasında ölmüş olan diqqətəlayiq bir janrın, fransız faciəsinin tarixidir; üstəlik də, bu, haqqında hər şeyi bildiyimiz tarixi bir dövrdə dünyaya gəlməklə bir janrın necə doğulduğunu, yüksəldiyini, çiçəkləndiyini, tənəzzül etdiyini və nəhayət, öldüyünü göstərən əla, hətta demək olar ki, misilsiz bir nümunə ola bilər! İkinci misalda bir janrın digərinə necə keçdiyini görəcəyik; bu məqsədlə mən sizə ədəbiyyatımızın tarixində hansı daxili və xarici amillərin təsiri altında XVII əsrdə kafedral natiqlik sənəti kimi tanınan sənətin bu gün Lamartin, Hüqo, Vini və Müssenin lirik poeziyasına necə çevrildiyini göstərməyə çalışacağam. Nəhayət, sonuncu misal kimi fransız romanının tarixini təklif edərdim; və səhv etmirəmsə, burada müəyyən bir dövrün gəlişi ilə bir neçə başqa janrın qəlpələrindən yeni bir janrın necə formalaşdığını; onu müəyyənləşdirməyin daxili mahiyyəti adlandıracağım şeyə necə könüllü şəkildə tabe olduğunu; və bir çox sınaqlardan və yoxlamalardan sonra öz predmetini dərk edərək eyni zamanda öz vasitələri ilə tamlığa və kamilliyə necə nail olduğunu görərsiniz.

1. Janrların mövcud olub-olmadığı ilə bağlı birinci suala gəlincə, janrların olub-olmadığına qərar verərkən onların mütləq mövcud olduğunu sübut edəcəyik, çünki bu, aşağıdakılara uyğundur:

1) Hər bir sənətdəki vasitələr onun özünə aiddir. Məsələn, mərmər heykəltəraşlığının qanunları ilə tunc heykəltəraşlığının qanunları eyni ola bilməz.

2) Bu həm də hər bir sənətin predmetinin özünəməxsusluğuna uyğun gəlir, tarixə dair elmi əsər ilə romandan eyni həzzi almaq istəyində olmadığımız zaman bu, bəlkə də, diqqətə çarpmır, lakin teatra kilsə xütbəsindən fərqli gözləntilərlə getdiyimiz zaman çox aydın görünür.

3) Nəhayət, bu, intellektual tiplərin xüsusiyyətlərinə cavab verir; çünki deyə bilərik ki, intellektual tiplərin hər biri öz ehtiyaclarının və ideallarının sənətdəki ifadəsini  seçmişdir və həmişə seçir -  kimisi rəsmlərdə, kimisi musiqidə, kimisi şeirdə; hətta şeirdə də hər kəsin bir-birindən son dərəcə fərqli zövqü ola bilər. Horatsini Vergilidən üstün tutan xiridarlar və bilicilər həmişə olacaq, bu gün isə Beranjerin “Nəğmələr”ini Lamartinin “Düşüncələr”indən və ya Hüqonun “Odalar”ından üstün tutmağa hazır olanlar var.

2. İkinci suala, janrların necə differensiallaşdırılması sualına cavab verərkən biz təkamül nəzəriyyəsindən öz arqumentlərimizi və problemin tərkib hissələrinə ayrılmasını götürəcəyik. Şübhəsiz ki, ədəbiyyatın və incəsənətin tarixində janrların fərqləndirilməsi təbiətdə növlərin fərqləndirilməsi kimi baş verir, bu proses “dəyişkənlik” adlanan prinsipə uyğun olaraq birdən çoxa, sadədən mürəkkəbə, təkcinslidən heterojenə keçid yolu ilə irəliləyir. İndi bunun üzərində israr etməyə ehtiyac yoxdur, çünki faktlarla dəstəklənməyən bir tərif bizə sırf mücərrədlik kimi görünəcək.

3. Mən bu barədə danışanda janrların sabitliyini  və ya daimiliyini nəzərdə tuturam. Bununla belə, indi sizə onu göstərəcəyəm ki, bu bir sualın içində ən azı üç əlavə sual var. Janrın cavan olduğunu hansı etibarlı əlamətə görə müəyyən etmək olar? Bəs tənəzzülünü, qocalıb əldən düşməsini və qaçılmaz ölümünü? Bəs daha da mühümü, janrın çiçəklənməsi və ya yetkinliyi haqqında hansı əlamətə görə mühakimə yürütmək olar? Bu, bildiyiniz kimi, mübahisənin ən gərgin nöqtəsidir. Və Labruyerin dediyi kimi: “Təbiətdə mükəmməlliyin və ya yetkinliyin yalnız bircə anı olur”. Buna oxşar olaraq, bəlkə, sənətdə də çiçəklənmənin yalnız tək bircə və bölünməz anı var? Gördüyünüz kimi, bu nə az, nə də çox, klassisizm problemindən başqa bir şey deyil: başqa hər yerdə – rəssamlıqda, heykəltəraşlıqda olduğu kimi, ədəbiyyatda da onun bütün mürəkkəbliyini, çətinliyini, genişliyini hiss edirsən və ya gələcəkdə hiss edəcəksən.

4. Dördüncü sual, yəqin ki, daha genişdir və orada ilişib qalmamaq üçün dəyişdirici amilləri bir-birindən ayırmaqdan başlamaq lazımdır. Dəyişdirici amil dedikdə mən janrlara təsir edən, bəzən onların sabitləşməsinə töhfə verən, bəzən də əksinə, onları zəiflədən az öyrənilmiş təsirləri başa düşürəm.

A. Hər şeydən əvvəl bu, irsiyyət və ya irqdir; məhz irsiyyət və ya irq epos kimi bir janrın, həmişə, məsələn, Hindistana xas olmasını, orada təbii şəkildə yenidən doğulmağa hazır olmasını təmin edir, bizdə isə bu janr az və ya çox dərəcədə ədəbi səciyyə daşıdığına görə süni olub.

B. Nəyə görə sami xalqlarda və çinlilərdə epos yoxdur? Nəyə görə dram sənəti almanlara xas deyil? Əgər irq bunu bizə izah etməsə, bəlkə, mühitin təsiri kömək edər. Mühit dedikdə isə: 1. Coğrafi və ya iqlim şəraitini, bunun xüsusiyyətlərini və təsirlərini müəyyən etməyə çalışacağıq. 2. İctimai quruluş tərəfindən müəyyən edilən sosial şərtlər. İctimai quruluş, sivilizasiya yolu ilə nə qədər irəliləməsindən asılı olaraq ya teokratik, ya aristokratik, ya da demokratik xarakter alır. 3. İctimai quruluşa daxildən və xaricdən təsir edən, lakin özü ondan asılı olmayan tarixi şərait. Məsələn, XIV Lüdovikin yarım əsr ərzində müharibə aparmasına zərurət yox idi və əgər onun səltənəti dövründəki müharibələr, şübhə doğurmur ki, ictimai quruluşa təsir göstəribsə, tarixi və sosial şəraitin fərqi buradadır.

C. Nəhayət, fərdiliyin əhəmiyyətini və gücünü sizə sübut etməyə çalışacağam. Qiymət verilməsi çətin olan daha bir təsir də fərdilik və ya orijinallıqdır. Başqa sözlə desək, orijinallıq şəxsiyyəti öz qismində bənzərsiz edən, ədəbiyyat və incəsənət tarixinə onun özündən əvvəl olmayan, onsuz mövcud olmayan və ondan sonra da yaşayacaq bir şey qatmağa imkan verən fəzilətlərin və çatışmazlıqların məcmusudur.

Düşünürəm ki, bu barədə sizə inandırıcı nümunələr göstərə bilərəm. Karlaylın mübaliğəsinə dalmadan görəcəksiniz ki, hadisələrin bütün axarını dəyişmək üçün bəzən tək bir insanın peyda olması da kifayət edir; onu da görəcəksiniz ki, təkamül doktrinasına janrların bu dəyişmə amili çərçivəsində dəyişdiyi üzərində israr etməkdən uyğun bir şey yoxdur, çünki, əslində, “növlərin mənşəyi”nə əsasən, hər yeni çeşidin təməli idiosinkraziyaya dayanır.

5. Bu paraleli davam etdirərək “Növlərin transformasiyası” başlığı altında təbiət elmlərinin var olmaq mübarizəsi, ən güclünün sağ qalması və ümumiyyətlə, təbii seçim adlandırılan bir şeyin ədəbiyyat və incəsənət tarixində də olub-olmadığını təhlil edəcəyik. İndi isə bu sualı verək: əgər müəyyən növlərin hər hansı məkan və zaman daxilində meydana çıxması bəzi digər növlərin yox olmasına səbəb olursa; əgər var olmaq mübarizəsinin şiddətinin bir-birinə yaxın növlər arasında olduğu kimi heç bir yerdə güclü olmadığı doğrudursa, ədəbiyyat və incəsənət tarixində də eyni şeyin olduğunu sübut edən çoxlu nümunələrə rast gəlməyəcəyikmi? Amma biz bu suala yalnız  nəzəriyyələrimizin həqiqətə uyğunluğunu və etibarlılığını konkret misallarla sübut etməyə nail ola biləcəyimiz halda cavab verə bilərik.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)