Dünyanın nə çoxu, nə azıyam mən. Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Dilən, professor, utanma, dilən... 

 

Dillən, professor, utanma, dillən...

Səslə, hər keçəndən sədəqə istə,

Qaçandan, köçəndən sədəqə istə.

Fərqi yox, Bakıdan, Ağdamdan olsun,

Səninçün nə fərqi: yaxşı, yaman kim,

Bir də qanmayan kim, həm də qanan kim,

Məslək dəyişənmi, ev dəyişənmi,

Qızıl axtaranmı, ya goreşənmi,

İnsanmı, heyvanmı - satandı, gedir,

İt-qurd kölgəsində yatandı, gedir.

Dünyanın ən qəlpi, ən safı olsun,

Təki ürəyinin insafı olsun. 

 

Hanı o qırmızı diplomlar, hanı?

Nəyimə gərəkdir torbada qala,

çıxar, hamısını cır at, tapdala.

Yandır cild-cild, yansın əl yazıların,

Sən kimə gərəksən, o kimə lazım?

O fəxri fərmanları,

Təşəkkürləri yandır,

Dünya aldanan yox, bil aldadandır. 

 

Bir də ki, hər dəfə qomarlayanlar,

Öpüb bığlarını tumarlayanlar-

Nəvələr görməsin diləndiyini,

Tale xırmanında döyüldüyünü,

Ömrün ələyində ələndiyini.

Dilən, professor, utanma, dilən,

Dillən, professor, utanma, dillən... 

 

Mən 

 

Min hava çalınıb könül tarımda,

Dünyanın nə çoxu, nə azıyam mən.

Fəsillər görüşür duyğularımda,

Elin həm qışıyam, həm yazıyam mən. 

 

Anam Qarabağın, Milin, Muğanın,

Siz də mənim kimi eşqilə yanın.

Başına döndüyüm Azərbaycanın,

Dəli Kürüyəm mən, Arazıyam mən. 

 

Dinlə "çahargahı", eşit "Qatarı",

Könül dünyamızın sərvəti, varı.

Ələsgərin sazı, Qurbanın tarı,

Cabbarın, Seyidin avazıyam mən. 

 

Öz tarixi vardır dağda qarın da,

Ürəkdə eşqin də, etibarın da,

Qədim Qobustanın qayalarında

Pozulmaz, silinməz bir yazıyam mən. 

 

Familəm, həmişə yanmaqdır peşəm,

Can deyən gözələ canan demişəm.

Bu yolda sevinc də, qəm də yemişəm.

Bir daha demərəm tamarzıyam mən. 

 

Bu gün tənqidçi, şair, publisist, elm xadimi, alim, pedaqoq, jurnalist, filologiya elmləri doktoru, professor Famil Mehdinin doğum günüdür.

Famil Mehdi 1934-cü il dekabrın 25 də  Ağdam  rayonunun  Sarıhacılı kəndində anadan olub.

Azərbaycanda publisistikanın elmi-nəzəri əsaslarını yazan ilk elm adamı Famil Mehdi olmuşdur.

Bundan başqa onun jurnalistika ilə bağlı bir çox elmi monoqrafiyaları, qələmə aldığı dərs vəsaitləri də var. Amma böyük kütlə tərəfindən Famil Mehdi daha çox şair kimi tanınıb.

O, fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuşdur. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. 

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)