QİRAƏT SAATInda “Eşq mələyi”

 “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

19-cu hissə

 

Dəyişilməyini hamı sezdi

 

Süleyman səhərin açıldığını görcək tələsik yerindən durdu, hamam otağına keçib yuyundu, üzünü təraş etdi. Gözləri yuxusuzluqdan qıpqırmızı idi. Onu bu vəziyyətdə görərsə Zərrinin nə qədər sual ünvanlayacağının fərqində olub tez qəhvədanı qaynatdı, bir stəkan şirin çay içib ehmalça evdən çıxdı.

Adəti üzrə Notarial kontora piyada gedirdi. Evinin iki addımlığında olan idarədə işləmək həm yaxşı idi, həm pis. Yaxşı ona görə idi ki, heç vaxt yolda ləngiməzdi. Pis isə ona görə idi ki, hər halda insan şüurunda evdən işə getmək prosesi özlüyündə hansısa böyük bir məsafəni qət etməyi ehtiva edir. Bunda isə məsafə yox idi. Evdən çıxdı, Fəvvarələr bağını keçdi, bu da iş yeri.

Qapının bağlı olduğunu görəndə bivaxt gəldiyinin fərqində oldu. Adətən saat 10-da gələrdi iş yerinə, qızlar isə 9.30-da gəlib qapını açar, kompüterləri işə salar, içəridə yır-yığış edər, çay qaynadardılar.

Saatına baxdı. Hələ 9.24 idi.

Qızlar gəlincəyə qədər səbirsizcəsinə oralarda var-gəl elədi.

Qəzəblə öz-özünə söylədi ki, işə bax, doxsanıncı illərdə “Təhminə” filmi çəkilərkən Təhminə roluna aktrisa tapılmayan ölkədə otuz ildən sonra yüzlərlə təhminələr formalaşıb.

Qızlar gəlib müdirlərini qapının ağzında gözləyən görəndə bir-birlərinə baxdılar. Onlar dünəndən bəri Süleymanda nəsə bir fərqlilik hiss edirdilər, nəyinsə baş verdiyinə əmin idilər, müdirlərinin bu vaxtsız gəlişi onları lap əmin etdi. Hətta onlardan biri müdrikcəsinə bildirdi ki, müdirimiz sanki o otağa soxulan saqqallı gəncin gəlişindən sonra bunca dəyişib.

Elə həmin gün müdirlərini dəyişən şeyin hələ içində nə yazıldığını bilmədikləri vərəqlərin olduğunu da müəyyənləşdirdilər. Romanı oxumağa mübtəla olmuş Süleyman sənəd imzalatmağa gələn qızın gəlişini qaçırmış və qız neçə müddət başının üstündə dayanıb onun fikrini kağızlardan ayıra bilməmişdi. Sonra da iş otağına qayıdanda qızlara bəyan etmişdi ki, qızlar, müdiri məşğul edən hansısa yazılardır və sizi əmin edirəm ki, o yazıları həmin saqqallı gənc bura gələndə əlində gətirmişdi.

 

 

20-ci hissə

 

Yenidən ayaqda

 

Söz vaxtına çəkər. İndiki kimi mayın ortalarıydı, Ülkər yenə pəncərə qarşısında bitib qalmışdı, Nazəndə xanım gəldi, onunla da, Zöhrə ilə də qucaqlaşıb öpüşdü. Aylin məktəbdən hələ qayıtmamışdı.

Oturdular, Zöhrə çay gətirdi. Nazəndə xanım Ülkərə xeyli nəsihət, öyüd verdi, sonra təsəllilərə keçdi, ürək-dirək verdi, sonra da dedi, evdə, dörd divar arasında oturmaq səni üzür.

Dedi:

-- Bir güzgüdə özünə bax. Rəngin solub, gözlərin çuxura düşüb. Hanı əvvəlki gözəlliyin? Bu quyuya özün özünü atdın. İndi ki Qələndərovla Zöhrə səni quyuya itələmədilər. Amma çıxmağın gərəkdir ordan. Aylinin xatirinə. Sənə iş tapmışam. Orta məktəbdə. İbtidai sinif müəllimliyi.

Ülkər yenidən işə gedəcəyi xəbərinə sevindi. Nə yaxşı insandır Nazəndə xanım. Əsl azərbaycanlı qadın belə olar. Genişqəlbli, humanist, əxlaqlı. Ülkərin anası da yaxşı qadındır. O da mərhəmətli, namuslu-ismətli, genişqəlbli biridir. Nazəndədən fərqli olaraq, mütidir amma. Hüquqsuzluğu, kişi despotunu qəbul edən bir qadındır. Hər ikisi qadın adına layiqdir. Yoxsa ki, Rasimin ləçər anası...

Ülkərin yenidən işə çıxması sentyabra təsadüf etdi, yeni dərs ilinin başlanğıcına. Məktəb evlərindən çox da uzaq deyildi, marşurut avtobusuna minirdi, avtobus onu İnqilab küçəsinə -- düz məktəbinin qarşısına gətirirdi.

Kollektivə dərhal isinişdi, amma heç kəsə öz uğursuz, acı taleyindən bir kəlmə də olsun danışmadı. Mütərəqqi təhsil metodu tətbiq etdi dərhal, interaktiv dərslər, şagirdlərin ekskursiyalara aparılması, bəzi dərslərin səhnələşdirilərək mənimsənilməsi – hər gün bir yenilik tətbiq edirdi, məktəb direktorunun, pedaqoji kollektivin gözündə ucalmışdı. Öz birinci sinfi vardı, dördüncüyədək onları daşıyacaqdı, üstəlik, bir müəllimi əvəz edib onun üçüncülərini də götürmüşdü, ikinci növbə də onlara dərs deyirdi. Demək olar ki, boş vaxtı olmurdu, evə yorğun, halsız qayıdırdı, qayıdan kimi də Aylini ilə məşğul olurdu.

Əməkhaqqı babat idi, növbəti dərs ilində qızının məktəbini də dəyişdi, onu ingilisdilli liseyə qoydu.

Məktəbdə çox mehriban kollektivləri var idi, ilk gündən Gülgünlə yaxınlaşmış, rəfiqə olmuşdular. Həmyaş idilər təqribən. Tezliklə lap yaxınlaşdılar. Gülgün ona həyatını danışdı, sirlərini həvalə etdi, Ülkər də hamıdan gizlətdiyi öz tale hekayətini Gülgünə danışası oldu.

Şənbə-bazar çox vaxt Ülkər Aylini, Gülgün əkiz qızlarını götürürdü, ya parka, ya uşaq attraksionuna, ya kafeyə gedir, əylənir, yeyib-içir, deyib-gülürdülər.

Ülkərə qısa müddətdə iki müəllim eşq elan etmişdi. Bunlardan biri gənc, subay oğlan idi, onun yaxınlaşmasından Ülkər qıcıqlanmış, sanki cərəyan vurmuşdu onu. Rasimi xatırlamışdı, ilan vuran ala çatıdan qorxar axı. Müəllimə qəzəblə demişdi:

-- Bir də mənə bu barədə kəlmə desəniz, məndən inciməyin. Sizi dediyinizə peşman edəcəm. Oğlum yerindəsiz. Ayıb olsun!

İkincisi daha uyğun namizəd idi, Ülkərdən doqquz yaş böyük olan dul kişiydi. Amma Ülkər bu insanda cəlbedici heç bir cəhət görmədiyindən, -- xüsusən lopa bığları adamı itələyirdi, -- ona da yerini göstərmişdi. Həmin dönəmlərdə Ülkər yenidən hansısa bir kişi ilə əlaqə quracağına əsla inanmırdı, bunu təsəvvürünə belə gətirmirdi. İki öldürücü ailə qurma uğursuzluğu bəsi idi.

Atası, qardaşı, Madar, Rasim... Dörd kişidən aldığı zərbələrdən sonra kişi tayfasına hətta bir qədər nifrət də hiss eləməyə başlamışdı.

Amma belə olanda uzaqdan-uzağa Rüfətin xəyalı gəlib sanki ona “bəs mən?” deyə sual edirdi. Qəribə də olsa, hətta bu qədər il keçəndən sonra belə Ülkər haçansa Rüfətlə qarşılaşacağı ümidini itirmirdi.

Ülkər içindəki fikir fırtınasını Gülgünlə ikilikdə olanda üzə çıxarırdı, ona fasiləsiz olaraq öz həyat baxışlarını açıqlayırdı:

-- Bax, hər bir qıza şans verilməlidir ki, o, ayaqda olsun, öz taleyini özü həll etsin. Onda o, mütləq xoşbəxt olacaq. Eləcə də qarşı tərəfdəkinin də seçim imkanı öz əlində olmalıdır. Dünyada ən böyük avtoritarizm, ən böyük diktatura valideynin övladı üzərində qurduğu diktaturadır. Həm də ən qəddar, ən zalım diktaturadır bu.

-- Hər bir debatın baş mövzusudur ki, xoşbəxt ailə nədir. Psixoloqlar əmin edirlər ki, xoşbəxt ailənin cəmi bir şərti var. Tərəflərin hər ikisinin, yaxud birinin maddi imkanı deyil bu. Tərəflərin hər ikisinin, yaxud birinin ali təhsilli, elmli olması da deyil bu. Bu, yalnız xasiyyətin tutması, oxşar zövq və maraq dairəsidir.

Gülgün nədənsə qonşusu Rəşid barədə tez-tez danışmağa başladı. Ay villası belə, maşınları elə, ay cazibəsi bu cür, yaraşığı o cür...

Ülkərə bu söhbətlərin məğzi qaranlıq qalmaqdaydı.

Bir gün, nəhayət, Gülgün Ülkərə söylədi ki, sən bizə gəlib-gedəndən qonşum Rəşid sənə göz qoyur, səninlə maraqlanır. Ülkər “boş ver” söylədi. Növbəti dəfələrdə bu söhbət daha da intensivləşdi. Bir dəfə Gülgün lap onun üstünə getdi, dedi, ay səfeh, Rəşidin kim olduğunu bilsən, onu əldən buraxmazsan.

Rəşid neft şirkətində yüksək vəzifə daşıyırdı. Həddən artıq zəngin biriydi. Yaşı əlli beş idi. İri qarnı görünüşünə xələl gətirsə də, zəhmli, bazburutlu birisi idi. Üstəlik, gözəgəlimliydi.

 

 “Ədəbiyyat və incəsənət”

(25.12.2023)