“Sözün də söz vaxtı var…” - ƏDƏBİ TƏNQİD Featured

“Ədəbiyyat və incəsənət” portalı Ədəbi tənqid bölümüdə Təranə Dəmirin şair İbrahim İlyaslı yaradıcılığı ilə bağlı məqaləsini təqdim edir. 

 

Sözlə qılınc həmişə eyni kəsərdə olub. Bəzən qılıncın kəsmədiyi savaşı sözlə kəsiblər. Bəzən qılıncın açmadığı qapını sözlə açıblar. Sözlə savaşa çıxanlar da az olmayıb tarix boyu. Bir sözlə, söz böyük  qüdrətdi. Onu öz çəkisində, dəyərində saxlamaqsa hünər istər. 

Haysız, küysüz, bəzən qulağımıza pıçıldanan bir söz bizi dartıb ən dərin  quyunun dibindən çıxarar. Atar həyatın burulğanına. Adamı yoxdan var edər. Bəzənsə bir söz bizi dağın başından tullayar ümidsizliyin üstünə. Bütün gələcəyimiz və arzularımız alt -üst olar. 

Bəzən bir sözün işığına yığışar bütün cahan. Bəzənsə bir sözün qaranlığında qərq olar dünya. Dahi Nizami Gəncəvi demiş:

Söz eşqin lüğətindən öz canımızdır bizim,

Biz sözük, bu bədənsə eyvanımızdır bizim.

Və yaxud:

Hər zaman sözünün bil məqamını,

Boş sözlə məhv etmə ehtiramını

(Sədi Şirazi)

Dahilərdən  söz haqqında yazılan yüzlərlə sitatlar gətirmək olar. Sözə ilahi pəncərədən baxan, sözü Allaha qədər ucaldanlardan  gedir söhbət əlbəttə. Mənə elə gəlir ki, sözün qüdrətini şairlərdən çox anlayan olmaz. Heç sözün qədrini də onlardan gözəl bilən yoxdu məncə. Həmişə sözün qulpundan tutub öz məninə sarı gedən şairlər söz verir, söz alır. Sözləriylə var edir, yaşadır. Özünü sətir-sətir şeiriyyata hörən, sevginin sözlə tablosunu çəkən, "Mənim səndən uzaqlarda yamandı halım, necəsən"- deyib eşqini dünyaya hayqıran şair qalibdi məncə. Söhbət təpədən dırnağa sözə tutunan, silahı da, günahı da, ərk yeri, görk yeri də söz olan şair İbrahim İlyaslıdan gedir. İçi özünü, çölü özgəni yandıran şairçün bir söz var, bir də Tanrı. İkisindən də bərk yapışıb. Küsüb barışdığı  məbədgahdı hər ikisi. Bircə onların qarşısında əyilir sevda şairi. And yeri, güvənc yeri də söz və Tanrıdı. Şair olmaqdan yorulmur, usanmır heç vaxt. Bu yol onu dağa, daşa çırpsa da, küləklərə, yağışlara, sazaqlara atsa da dayanmır. Nə yaxşı ki, dayanmır, bitmir, tükənmir. Çünki sözünə, Tanrısına sadiqdi. Onların qarşısında başı dik, alnı açıqdı:

        Eşq əhlinə zaval yox,

        Od ilə su tən gərək.

        Mənə ağıl, kamal yox,

        Sən gərəksən, sən gərək

- deyən şair əslində ağılın fövqündədi, sevgininsə ən uca zirvəsində.  Sevgisi də sufi sevgidi, ilahi eşqdi. Səsi Allahacan çatanlardandı. Bütün söz adamları kimi o da əzabları, ağrıları, xəyalları ilə təkdi, yalqızdı:

Bu gecədə mən duyanı

Bir bəndə bəşər duymasın.

Bu qədər zülmü yazıqdı,

Allah heç kəsə qıymasın -

deyən şair həm də bütün yükü özü çəkməyə hazırdı. Gecəylə, ayla, uıduzla danışa-danışa varaqlarla, qələmlə dərdləşir öz dünyasında. Susqunluğunun özündə bir haray var, nalə var. Amma bu boyda yükün altında şair yenə dayanmır, sabaha can atır. Öz müqəddəs duyğularına tutuna-tutuna həm də. 

İbrahim İlyaslının sözünün böyüklüyü həm də ondadı ki, o incitmir heç kəsi. Ruha sığal çəkə-çəkə, yaraları sarıya-sarıya ağladır. Göz yaşını da özü silir. Sözüylə. Şair hamının əvəzinə danışa bilir. Qorxmadan, çəkinmədən həm də. Ruhu azaddı çünki. Buxovlamır sözünü :

       Küfr mənlik deyil, Əstəğfürüllah,

       Sənə can atıram, sənə, İlahi!

       Şeytan bardaş qurub kürəyimizdə,

      Aman vermir gələk dinə, İlahi"

-deyən şair əslində ədalətsizliyə, haqsızlığa, yalana, hiyləyə, nifrətə qarşıdı. Ümumilikdə insanlığa can atır İbrahim İlyaslı sözü. Dumduru, ləkəsiz, boyasız, riyasız bir dünya axtarışındadı şair bütün söz adamları kimi. Səbrinə sığınıb arzuladığı dünyanın qapısını sözlə döyür. O qapını üzünə açan olacaqmı? Yenə Tanrıya üz tutur. Özü də ürəyiylə, ruhuyla :

Nədir əyrində düz - deyim,

Nədir birində yüz - deyim,

Gəl könlünə bir söz deyim-

Bir də məni aramazsan!

Şairin ürəyi doludu. Yenə ilahi sözə sığınıb:

Gəl ya dəli elə, ya qandır məni,

Ya gizlət ovcunda, ya yandır məni,

Hər gün bir yalana inandır məni,

Səndən üzülməsin umudum, ömrüm, -

-deyir. 

Misralar çırpınır adamın gözlərinin önündə. Yanır, cızdağı çıxır ayrılığın, həsrətin. Amma hardansa bir ümid boylanır üzü hicrana. “Nə yaxşı ki, bu ümid var "-deyirsən. Baxırsan ki, şair sözqarışıq söykənir həmin o alotorana sarı. Ürəyi dopdolu, əlləri boş olsa da sabaha  inanır :

Bu qədər zülmün içində

Məni bir ümid yaşadır.

Başını qaldır, göyə bax,

İki ulduz baş-başadı.

İlrahim İlyaslı həqiqətlərə söykənən yazardı. Qismətlə barışan, baxtına sığınan, dünyayla hesablaşan şairdi. Heç kimdə günah axtarmayan, qınaqlardan qorxmayan, sözü əsarətdən qurtaran mücahiddi. Qarşılıq gözləmədən sevən, usanmayan, yorulmayan sevda yolçusudu həm də:

Mən sevə bilirəm ancaq,

Sevilmək - O mənlik deyil -

deyən şair heç bu yükü daşımaqdan da narazı deyil. Təki ürəyində sevgi olsun. Yükünü sözdən tutan şairin hər sözü bir məktəbdi. İnsanı günahlardan arındırmağa, saflaşdırmağa xidmət edən sözünə arxalanır həmişə. Elə söz də ona güvənir :

Divarların bu üzündə

Qismətim qubardı mənim.

Hər yan gözəllikdi, Tanrım,

Hər yanım divardı mənim.

İlahi, nə yoxdu bu bircə bənddə. Tənhalıq, məhkumiyyət, eşq, qaranlıq, dərd, həsrət, əlçatmazlıq. Eyni zamanda sözün qələbəsi. Bu məğlubiyyətin içində ilahi bir qalibbiyyət var həm də. Şair qalibdi. Həsrətiylə, ağrısıyla, sədaqəti, sevgisi, səbri, dözümüylə qalibdi.

İbrahim İlyaslı Tanrıyla təkbətək olanda çox düşünür. Söz Tanrısı köməyinə gəlir arada. Sözü İlahiylə üz-üzə qoyur. Özü də qorxmadan, ərklə:

Tanrım, görən mən kiməm,

Nəçiyəm bu dünyada?

Bir payı quru torpaq,

Üç payı su dünyada.

"Ölümə soykənən adam" əslində əbədiyyətdən yapışıb. Özü də möhkəm-möhkəm. Sevgidən köynək geyinib, ayrılıqdan, hicrandan  göynəyə-göynəyə həm də. Bu boyda dünyanı ürəyinə necə sığdırıb şair? Cəsarətinə alqış deyə-deyə oxuyuruq misralarını. Özümüzü tapa-tapa , ağlaya-gülə, dünyaya söyə-söyə, taleyə qarğış yağdıra-yağdıra rəng verib rəng alırıq sətirlərin arasında. Şairlə birgə gah günaha batırıq, gah da savab yiyəsi oluruq. Gah qışa düşürük, gah bahara. Bəzən misralar xəzəl rənginə bürünür gözümüzün önündə. Demək, şair inandırmağı bacarır. Bu da bir qələbədi. Yenə də Söz:

Şəkillənir qələmimdə

Doğulmamış bir adam.

Mən şair deyiləm, yavrum,

Mən dəli rəssamam 

-deyə-deyə yaradır ideal aşiq obrazını. Kökü torpaqdan,  budaqları Göydən yapışan Eşq. Demək şairlər yaradıcıdı. Düz deyirlər. Demək yanılmamışam sözü Tanrıyacan ucaltmaqda. Rəssam rənglərlə yaradır, şairsə sözlə. Tanrı isə nəfəsiylə can verir, həyat verir onların yaratdıqlarına.

Şairin sözü ucuz tutanlara, ucundan tutub ucuzluğa gedənlərə də sözü var:

Bezdirib dilimdən tərif qapırsan,

Əcəb bazarın var, bazar olmasın.

Heç bir məmləkətdə, heç bir millətdə,

Yazıqdı, sənin tək  yazar olmasın.

Sözün keşiyində sözüylə dayanan şair məğrurdu həm də. Eyni zamanda təvazökardı. Tərifi sevmir. Utanır. Həm də şairanə təbəssümlə.

Onun şeirlərinin həsrəti vurur adamı. Elə şirin gəlir ki, hicran adama. Vurulursan ayrılığa:

Bundan gözəl ömür olmaz,

Sən olan dünyada varam..

Sənin həsrətindən özgə

Nəyim var haramdı, haram...

Oxuduqca adam ömür boyu bu harama batmaq istəyir. Özü də qorxmadan, çəkinmədən. Cəhənnəm odunda yanıb kül olmaq da vecinə gəlmir. Bulaşmaq istəyirsən bu həsrətə, vəssalam. Sözün hökmünə bax deyirsən :

Sən gözəl olmaya bilməzsən, xanım,

Sözlərindən çəmən, çöl ətri gəlir.

Bircə yol tel vurub səsini duydum,

Bir ildi ovcumdan gül ətri gəlir.

Oxuduqca elə misralardan da müşk-ənbər qoxusu dolur ruhuna .

Məni ömrüm boyu çək imtahana,

Mənə ömrüm boyu zülm elə, nolar.

Görüm nə çəkibdi dəli-divana,

Görüm eşq əhlinə zülm ilə nolar?

Şair sevməkdən çəkinmir, elə unudulmaqdan da. Bir sözlə içindəki ilahi sevginin köləsi olmaqdan usanmır, yorulmur. 

Mən eşq əsiriyəm, gül sevdalısı,

Bircə bülbüllərə həsədim qalır.

Mən eşqə düşəndə canla düşürəm,

Çıxanda quruca cəsədim qalır.

Əsl Məcnun kimi, Kərəm kimi, Fərhad kimi sevir İbrahim İlyaslının qəhrəmanları da.

Sözü hərf-hərf yaşadan şairin yaradıcılığı çoxşaxəlidi. Misralar dopdoludu. Artıq heç nə ilə yükləmir şeiri. Bir sözlə, şair sözlə oynamağı yaxşı bacarır. Əlinin altında söz dondan-dona girir. Sözünə gah bahar qatır, gah payız, gah qış. Sözü hansı fəsildə olur olsun, rəngi üstündə olur amma. Elə odu da. İstisi uzaqdan vurur adamı.

Konkretliyi sevir həm də şair. Uzunçuluqdan qaçır. Oxucunu yormaqdan qorxur. Bu da şairin böyük sözə ehtiramından irəli gəlir. Onun şeirlərini oxuduqca sözə səcdə etməyin gəlir. Duyğuların dil açır.

İbrahim İlyaslı eyni zamanda  başı daşdan daşa dəyən yazardı. Dünyanın bütün üzünü görüb, əzabların min qatından keçib. Uşaqlıqdan üzübəri özü də. Həqiqətin dalınca yüyürüb. Yüyürdükcə hər acını dadıb. Hələ gənclik illərində azadlığını buxovlayanlar da olub. Amma sözünü əlindən ala bilməyiblər. Yenə yazıb, yenə sözə tutunub. Əyilməyib, sınmayıb:

Bu da sənin təkotaqlı mənzilin,

Atam oğlu, ev-eşiyin mübarək.

Həyətində keşikçilər tətikdə,

Həyət-bacan və keşiyin mübarək.

Voloqda həbsxanasında təkadamlıq kameraya deyiilmiş bu şeiri bəlkə də az adam bilir. Elə nisgilini də, ağrısını da tək çəkib şairlə birgə bu şeir. Biz İbrahim İlyaslını gülər üzüylə tanıyırıq. Kədərini kimsəylə bölməz, təkliyinə sığınıb yaşayar. Duyan duyar amma. Amma soruşmağa da cürət etməz kimsə. Şairçün dərdin qonağı da, yiyəsi də özüdü. Yükü də özü çəkməlidi. Babalı dərd yiyəsinin boynuna. 

Şairin ürəyində hələ deyilməyən o qədər sözü var ki. Deyir, bu vaxtacan heç bir jurnalist məni danışdırmağı bacarmayıb. Arzuladığım və gözlədiyim suallar ürəyimdə cavabsız qalıb. Təki sağlıq olsun.

Bu yazını şair dostumun 60 illik yubileyində yazmaq istədim. Yaza bilmədim. Söz yetişməmişdi hələ. Kal  idi. Dəyməsini gözlədim. Bir az gec yetişdi, amma buna da şükür. Hər şeyin bir zamanı var. Söz də vaxtında yetişə gərək. Ətri, qanı üstündə olmalıdı. ..

Bu sözü axır ki, dərdim, əziz dost, gözəl şair. Sənə layiq olub olmadığını Tanrı və oxucu bilər.  Mənim ürəyimdə gəldi. Halal xoşun olsun!

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2023)