İbrahim Vəlizadə Elşad Baratın “Şəhidlər” silsiləsində

 

 “Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərin təqdimatını yekunlaşdırır.

 

 

İbrahim Malik oğlu Vəlizadə

 

Şəhid İbrahim Malik oğlu Vəlizadə 1997-ci ildə aprelin 2-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

2018-ci ildə Ali Hərbi məktəbi bitiribdikdən sonra leytenant kimi Xüsusi Təyinatlılar Bölüyündə xidmətə başlayıb. Müharibə başlayan gündən ön sıralarada döyüşən qəhrəmanımız Murovdağ, Suqovuşan istiqamətində bir çox yerlərdə döyüşüb. Murovdağa ilk bayraq sancanlardan olub.

Oktyabr ayının 6-da Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı yoldaşını çıxararkən, snayper gülləsinə tuş gəlib. Qarın nahiyəsindən, sonra isə başından vurulub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, İbrahim Malik oğlu Vəlizadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması” medalı və 3-cü dərəcəli “Rəşadət ordeni” ilə təltif olunub. Ailəlidir, bir övladı var. Övladına şəhid Fərid Əhmədovun adını verib.

Şəhid İbrahim Vəlizadə oğlu dünyaya gələndən sonra onu cəmi bir dəfə görüb. Şəhidlik zirvəsinə ucalmamışdan əvvəl həyat yoldaşına “Kaş oğlumu bir dəfə də qucaqlaya, öpə biləydim”, – deyib. Vətənə olan sevgisi toyunda da özünü göstərib. Şadlıq sarayına "Vağzalı" ilə deyil, Azərbaycanın Dövlət Himni ilə daxil olub, başları üzərindən Azərbaycan bayrağını asdırıb.

Oktyabrın 6-da şəhid olan qəhrəmanımızın nəşi noyabrın 30-da yoldaşının ad günündə ailəsinə təhvil verilib.

 

Salam, igid, qəhrəman,

Salam, cənab leytenant.

Sən şəhid Vəlizadə,

Mən şair Elşad Barat.

 

Şad oldum tanışlığa,

Necədir fəsillərin?

Yazın, qışın necədi?

Göz yaşıyla yuyulmuş

Məzar daşın necədi?

 

İndi and içiləndə

Şəhidlərin ruhuna,

Vətənə and içilir.

Şəhidlərin məzarı

Lap uzaqdan seçilir.

 

Seçilir şəhidlərin

Vətənə məhəbbəti.

Seçilir vətən eşqi,

Qəlbinin həraraəti.

 

Vətən sənin balana

Balası kimi baxır.

Bircə dəfə gördüyün

Oğluna sahib çıxır.

 

Bu torpaqda hamıdan

Çox sizin haqqınız var.

İndi sizin ailəniz

Vətənədir yadigar.

 

Bilirəm ki, bilirsən,

Görürsən olanları.

Zəfər çaldı ordumuz,

Daha yerdə qalmadı

Şəhidlərin qanları.

 

 

 “Ədəbiyyat və incəsənət”

(21.12.2023)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.