“Dilənçi qadın” - TƏRANƏ DƏMİRİN HEKAYƏSİ Featured

Hər gün küçənin tinində rastlaşırdıq bu qarıyla. Beli donqar, üz-gözünü qırış basmış, yırtıq, sökük paltarından bədəninin bütün əzaları görünən çəlimsiz, qarayanız bir qadın idi. Səsindən siqaret çəkənə oxşayırdı. Bura onun qazanc yeriydi. Dilənmək üçün buranı seçmişdi. İnsafı olanlar qəpik-quruş tullayırdılar ovcuna. Hərdən manatlıq, hətta beşlik də verən olurdu. Baxırdı yoldan keçənin səxavətinə. Mən də ara -sıra bu qadının mənə uzanan əllərini boş qaytarmırdım. O da hamıya etdiyi dualardan mənə də edirdi. Hərdən elə bilirdim ki, bu qadının duaları da boğazdan yuxarıdı. Bəlkə də yanlış düşünürdüm. Bəlkə elə ürəkdən edirdi dualarını. Mən  səhv fikirləşirdim  bəlkə də. Şəhərin küləyi, yağışı da qorxutmurdu bu qarını. Xəstələnmirdi də deyəsən. Çünki hər gün eyni yerdəydi. Qınayanlar da olurdu. Söyüb söylənənlər də,  ölüm arzulayanlar da. Özü də qulağı eşidə- eşidə.  O isə heç kimə və heç nəyə məhəl qoymurdu. Hər gün eyni vaxtda, eyni yerdə dayanıb intizarla gəlib gedənlərdən nəsə qoparmağa çalışırdı. Hərdən fikirləşirdim ki, bu qadına bir sahib çıxan yoxdumu, bu yaşda özünü küçələrə vurub? Yəqin ki, oğuldan, uşaqdan kimisə var. Olmamış olmaz. Yer yarılıb yerdən çıxmayıb ki, bu qarı. Hərdən qınayırdım da bəziləri kimi. Düşünürdüm ki, bir qarın çörək tapmırsanmı ömrün, günün bu vədəsində düşmüsən çöllərə? Sonra da tezkən özümü qınayırdım. Belə düşündüyümçün. Heç kimin heç kimdən xəbəri yoxdu. Hamı ağrıları, dərdləriylə təkbətəkdi. Elə bu qadın kimi. Bu qadına bu vaxtı  isti yuva, bir qab da xörək lazımdı. Vəssalam. 

Bu qadına rəhmim gəlirdi. Əlimdən heç nə gəlməsə də narahat olurdum. Evə gətirə bilməzdim. Nə uşaqlar, nə yoldaşım heç cür razı olmazdı onun bizimlə yaşamağına. Deyərdilər ki, nə tanıyırıq bu qadını. Bəlkə elə oğrunun, psicopatın biridi. Bu qadına ancaq dövlət sahib çıxa bilərdi. Ağlıma rəfiqəm Nərgiz gəldi nədənsə. Qərara gəldim ki, bu barədə onunla danışım. Necə olmasa jurnalistdi. Əli də, dili də uzundu məndən. Elə hökmü də var. Zəng etdim. Görüş təyin etdik. Şəhərin sakit, səssiz kafelərinin birində görüşdük. Uzun zaman görüşmədiyimizdən hətta bir-birimizi qınadıq da. Axı zaman su kimi axıb gedir. Ömrümüz qovhaqovda, qaçaqaçda keçir. Bir də oyanıb görürük ki, ömür bitib və biz də yarımçığıq. Nə arzularımıza, nə də bir- birimizə yetmişik. Eləcə zamanı üfürmüşük havaya. Axı zamana hakim olmaq da olar. Bu boyda vaxtdan özümüzə niyə ayırmağa hünərimiz çatmır. Manaton, bir- birini təkrarlayan günlərdən niyə qaçıb qurtara bilmirik?  Nəticədə hər şeyə, hər yerə gecikirik. Sevgiyə, yaşamağa, sevincə-  özümüzə gecikirik. Nə qazanırıq, nə itiririk, bilmirik. 

Nərgizlə son görüşümüzdən 1 il keçirdi.

-Eyni  şəhərdə  vaxtlı-vaxtında görüşməyə də imkan etmirik. Halbuki bir-birimizi bir gün görməyəndə dəli olurduq.

-Qayğılar, problemlər başımızı elə qatıb ki, vaxtın keçməyindən xəbərimiz belə olmur. Səhərdən axşama qaçırıq. Heç nəyə də yetmirik. 

-Hə vallah. Düz deyirsən. Görməyəli bir xeyli kilo almısan. Amma yaraşır. Narahat olma. Məktəb vaxtı balaca, ətsiz-qansız qız idin. -Nə tez keçdi o illər, ay Nərgiz. De görüm işin, gücün necədi? 

-Həmişəki kimi. İş gücdü də. Uşaqlar oxuyur. Həyat öz axarıyla gedir. Səndə vəziyyət necədi?

-Şükür. Hər şey bildiyin kimi. Məktəbdən evə, evdən məktəbə. Bilirsən də müəllim  işləmək də necə çətinləşib. Bizim vaxtımıza xəyalın getməsin. Şagirdlərin psixologiyası çox dəyişib. Biz müəllimə ilahi varlıq kimi baxırdıq. İndiki uşaqlara söz demək olmur. Abırımızı gözləyə-gözləyə işləyirik. Aytən bitirdi universiteti. Orxan hələ oxuyur. Ramiz də ayın 15 gününü dənizdə olur. Yoldaşınla görüşüb edirsən? Yəni keçmiş?

-Yox, ay qız. İlan vursun onu. Onlardan yaxamı güclə qurtarmışam. Mənimki onunla qurdla qiyamətə qaldı.

-Heç o da maraqlanmır? Necə olmasa uşaqları var. Atadı axı.

-Yox. Eh boş ver e onu. De görüm mənimlə nə işin vardı. 

Mən dilənçi qadından danışdıqca hiss edirdim ki, o da kövrəlir. Gözləri  dolmuşdu. Qarşısındakı çay soyuyub buza dönmüşdü. 

-Sən danışdıqca anam yadıma düşür. Bilirsən də onu hələ orta məktəbdə oxuyarkən  itirdik. Adamınkı əvvəldən gətirə gərək. Anasız qalanda nə yaşım vardı. Sonra ailəm də belə çıxdı. Yarımadım bir sözlə. Taxtım olunca baxtım olaydı. 

-Allah anana rəhmət eləsin. Amma elə demə. Şükür, Allah sənə iki ağıllı övlad verib. İşin, gücün, karyeran.

-Eh.

Hiss edirdim ki, bir az da söhbət uzansa Nərgizi ağlamaq tutacaq. Özünü zorla tutub saxlamışdı. Bir də ki, xasiyyətinə bələd idim axı. Göz yaşı ovcunun içindəydi. Amma eyni zamanda da güclü qadın idi. Həyatı ürəyincə olmasa da ayaqları üstə durmağı bacardı. Bütün çətinliklərə sinə gərdi. Yıxılmadı. Sevdiyi ilə ailə qursa da elə ilk günlərdən anladı ki, tamam fərqli adamlardı. Bununla belə var gücüylə bu ailəni qoruyub saxlamağa çalışdı. İki övladları oldu. Bıçaq sümüyə dayananda ayrılmaq qərarına gəldi. Can şirindi axı. Bildi ki, belə davam etsə ya öləcək, da dəli olacaq. Beləcə ayrıldılar. Məhkəmədə heç bir təmənnası da olmadı qarşı tərəfdən. Qol çəkib boşandılar. Vəssalam. Uşaqlarını da götürüb çıxdı ərinin evindən. Uzun müddət kirayələrdə yaşadı . Sonra çətinliklə də olsa özünə iki otaqlı bir mənzil aldı. Elə bildi dünyanı ona veriblər. İşinə, gücünə sarıldı. Respublikanın sayılan, seçilən jurnalistlərindən oldu. Sözünün hökmü vardı. Elə onunla bu günkü  görüşümün də səbəbi bu idi. Bilirdim ki, bir işi öhdəsinə götürdümü, axıracan gedəcək. -Sən o qadını götür, yanıma gəl. Əlimdən gələni edəcəm ki, dövlət  ona bir sığınacaq  versin.

-Yaxşı. 

Kafedən çıxanda gördük ki, əməllicə yağış yağır. Həm də küləkli yağış. İstər- istəməz qadını düşündüm. Üşüdüm. Qayıdanda qadını əvvəlki yerində görmədim. Düzü, bir az da narahat oldum. Səhər qadına yaxınlaşıb olanları ona danışacaqdım onsuz da. Buna görə bir xeyli sakitləşmişdim. Nərgizlə danışandan sonra çiynimdən yük götürülmüşdü sanki. Nəhayət ki, bu qadına da sahib çıxacaqdılar və bu işdə mənim də  payım olacaqdı. Hər şey səhər həll olacaqdı. Amma səhəri də qadını yerində görmədim. Fikirləşdim ki, yəqin başına bir iş gəlib ki, iki gündü gözə dəymir. Ya xəstələnib, ya da bir başqa nəsə var. Hər halda, yaxşı heç nə düşünmədim. Özümü də danladım ki, niyə  bu vaxtacan heç bir köməkliyim dəyməyib qadına. Axı bu fikirləşdiklərimi əvvəlcədən də edə bilərdim. Bu minvalla aradan təxminən bir həftə keçdi. Dilənçi qadın da yavaş-yavaş unudulmağa başladı. Daha əvvəlki kimi nigarançılığım qalmamışdı. Yoldan keçəndə arada ətrafa göz gəzdirirdim. Vəssalam. Bir gün Nərgizdən zəng gəldi. Hal əhval tutduqdan sonra qadını soruşdu. Qadını bir neçə gündü görmədiyimi və bundan bərk narahat olduğumu dedim.

-Narahat olma. Bəlkə yaxınlarından kimsə sahiblənib qadına. Niyə ancaq pis fikirləşirsən. Əvvəlki xasiyyətin başındadı. Həmişə neqativə yüklənirsən.

-Təki sən deyən olsun. Yox. Sadəcə qoca arvaddı deyə narahat oldum bir az. Yazığım gəldi nəsə. Bəlkə də sən deyəndi. Yaxınlarının, doğmalarının yanına sığınıb bəlkə də. Səndə nə yenilik var?

-Hər şey öz yolundadı. Bircə...

Nərgiz sözünə bir az ara verdi. Görünür verəcəyi xəbərin mənə pis təsir edəcəyindən qorxurdu. Bilirdi ki, ürəyim xəstədi. Hər şeydən narahat oluram .

-Nəsə olub? Uşaqlar yaxşıdı? 

-Həə. Hamı yaxşıdı şükür. Qulağın xeyir xəbərlər eşitsin. O rəhmətə gedib.

-Kim?

-O da. Uşaqların atası.

-Aaa. Niyə? Xəstə idi ki? Sən hardan bildin?

-Seymurun( həyat yoldaşının) xalası qızını gördüm bayaq. Təsadüfən. Salamlaşıb görüşdük. O dedi. Bir ilmiş ki, yataq xəstəsiymiş. İflic olubmuş. İkinci dəfə ailə qurmuşdu axı. O da atıb gedibmiş bunları. Anasının ümidinə qalıbmış. Qahmar çıxanları da yox imiş. Bilsəydim mən kömək edərdim. Bilirsən də mənim ürəyim yoxdu. Belə vaxtda incikliyi də unuduram. Bir də necə olsa uşaqların atasıdı. Baxmayaraq ki, bizdən heç vaxt xəbər tutmadı. Mən yenə də əlimdən gələn köməyi əsirgəməzdim. 

Nərgizin böyüklüyünə mat qalmışdım. Bu ürəyin sahibini necə tək-tənha qoymaq olardı? Yanımda olsaydı qucaqlayıb öpərdim onu. Sakitcə: -Allah günahlarını bağışlasın. Nə etmək olar. Bu da onun qismətidi. Allah bilən məsləhətdi- dedim.

Hiss etdim ki, bu sözləri boğazdan yuxarı deyirəm. Ürəyim ayrı şey deyirdi. Fikirləşirdim ki, insanın ən böyük düşməni elə özüdü. Seymur həm özünün, həm də  Nərgizin həyatını alt-üst etmişdi.

Cəzasını da çəkdi. Amma onu nə qədər günahlandırsam da əməllicə dolmuşdum.  Bir himə bənd idim. Hönkür-hönkür ağlamaq istəyirdim. Nərgizlə sağollaşıb paltomu əynimə keçirdim. Divarlar üstümə gəlirdi. Onsuz da neçə gün idi ki, dilxor idim. Bir yandan dilənçi qadının yoxa çıxması, bir yandan da Nərgizin verdiyi xəbər məni bərk sarsıtmışdı. Evdən çıxıb fikrimi dağıtmaq istəyirdim bir az.

Küçənin tinində yumulub yumağa dönmüş bir qadın gördüm. Gözlərim işıqlandı. Qadın sakitcə dayanıb əllərini gəlib gedənə uzadırdı. Arada dilinin ucunda bildiyi duaları təkrarlayırdı. Ən əziz adamımı görmüş kimi sevincək qadına yaxınlaşdım:

-Salam. 

Qadın başını qaldırıb üzümə baxdı. Yerimdə donub qaldım.

Bütün sevincim uçub getdi. Bu o qadın deyildi. Amma dilənçi qadın deyəsən mənim ərklə "salam"  verməyimdən  ürəklənmişdi. Dua edirdi mənə. Özü də elə içdən edirdi ki, bu duaları. Kövrəldim. Çantamı açdım və pul qabımdan bir xeyli pul çıxarıb qadına verdim. Qadının gözləri işıqlandı. Əlimdən öpmək istədi. İmkan vermədim. Qadının yanından uzaqlaşdım. Hara getdiyimi də bilmirdim. Birdən… Ani qərarla Nərgizə zəng etdim:

-Nərgiz, dilənçi qadın burdadı. Dediyim ünvana gələ bilərsən ?

Telefonun o başında hiss etdim ki, Nərgiz də sevinir.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2023)