QİRAƏT SAATInda “Eşq mələyi”

   “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

14-cü hissə

 

Yenidən də sevmək olarmış

 

Sevgi nədir? Odur ki, səni sənin özündən alır, uzaqlara aparır. Heç özündə olmursan, əvvəlki səndən əsər-əlamət qalmır. Tam dəyişirsən, başqa birisi olursan. Yaşamağı daha çox sevir, həyata daha çox bağlanırsan, bütünrənglər əl-əlvan olur, bütün qoxular xoş rayihəli olur. Günəş əvvəlkindən də gur işıq saçır sanki. Sevgi ən maraqlı kitab, ən gözəl tablo, ən mənalı musiqidir.

Ülkər sevmişdi, sevginin dadını görmüşdü. Rüfətli günləri ömrünün ən xoşbəxt günləri olmuşdu. Amma qorxa-qorxa, hürkə-hürkə Rüfətlə ayaqüstü söhbətləri, bir ömür onun həsrəti ilə yaşamaq, kama çata bilməmək öz işini demişdi. Əlləri əllərinə dəyməmiş, dodaqları dodaqlarına toxunmamış, əsla maddi yaxınlıqsız bir yeniyetmə sevgisi olmuşdu bu sevgi. İndisə Rasimlə heç bir maneəsiz görüşürdülər, kinoya, teatra gedir, kafedə, restoranda əyləşir, bulvarı gəzirdilər.

Bulvar gəzintisi onları xüsusən xoşbəxt edirdi. Əl-ələ tutub uzun məsafə qət edirdilər. Avqustun bürküsündən sonra sentyabrın sərini, oktyabrın yağışlı-küləkli havası dəyişmişdi, onlarsa bu sevimli məşğuliyyətlərindən qopmaq fikrində deyildilər, bir hiss vardı ki, qışda da, sərt şaxtalarda da bura gələcək, əl-ələ verərək gəzəcək, ətrafı seyr edəcək, qağayılara simit yedirdəcəklər.

Ülkər əsla mahiyyətinə varmırdı ki, Rasim ondan beş yaş kiçikdir. Əsla mahiyyətinə varmırdı ki, Rasim subaydır. Rasimin özündən beş yaş böyük, yanı uşaqlı bir qadınla sevişdiyini ailəsi bilərkən nələrin baş verəcəyini əsla düşüncələrinə yaxın buraxmırdı. İçində yığılıb qalan sevgi hissləri korşalmışdı, onların yenidən itilənməsinə, parlamasına ehtiyacı var idi. Nəvazişə və əzizlənməyə, üstəlik tumara ehtiyacı vardı, bədən əzaları tam olaraq Rasimə təslim olmuşdu, onun adıcə toxunuşu ilə məst olurdu, həzdən dünyaya sığmırdı.

Bir dəfə bulvarı gəzəndə Nazəndə xanımla da rastlaşmışdılar, aqil insan özünü görməzliyə vurub yan keçmiş, Ülkər növbəti dəfə Aylini onunla görüşdürməyə gətirəndə bircə kəlmə “Ciddi məqsədləmi yaxınlıq edirsən o oğlanla, ailəmi quracaqsan?” deyə soruşmuşdu. Ülkər də bir-birini dəli kimi sevdiklərindən, evlənəcəklərindən, bəslədiyi hisslərdən, keçirdiyi həyəcandan, sevgi adlı qonağın tam hökmranlığındanuzun-uzadı bir hekayət söyləmişdi.

Nazəndə xanımla evlərində gəlin olarkən həmişə fikir mübadiləsi aparırdı. Tələbələrə filologiyadan dərs deyən bu qadın yüzlərcə bədii ədəbiyyat nümunəsi, fəlsəfi traktatlar oxumuşdu, əsl xəzinə idi. Onlar bəzən saatlarca qarşılarına iri fincanlarda çay qoyub söhbətləşərdilər, həyatın qayda-qanunlarını, insanlıq prinsiplərini, yaxşı ilə pisin, xeyirlə şərin amansız mübarizəsinin xırdalıqlarından bəhs edər, mütləq də sözü Madarın üzərinə gətirərdilər. Bəzən Nazəndə xanım etiraf edərdi ki, həyatında cəmi bir səhv buraxıb, o da Madarı düzgün tərbiyə etməməsidir. Nazəndə xanım həyat yoldaşı Ərəstunun sayəsində Madarın bu cür harın, düşüncəsiz, eqoist, qəlbsiz və vicdansız biri olmasını dilə gətirər, deyərdi ki, Ərəstun pulları uşağın başına səpib onu yolundan azdırmışdı, ana nə qədər müdaxilə etmək istəsə belə, ata “Tək balamın heç zaman xiffət çəkməsini qoymaram” deyə ananı geriyə itələmişdi.

Hətta atsı uşaqkən Madara deyərmiş ki, anana söy, sənə pul verim, o da söyər, pulunu alarmış. Guya bu, bir zarafat imiş, həqiqətən, Ərəstun bunu bir zarafat kimi edirdi, əslində isə uşaq xarakterini tərbiyəsizliyə və asan qazanc qazanmağa kökləmiş bir hal idi bu.

Nazəndə xanım söhbətlərində deyərdi ki, gələcək ailənin fundamenti kişi deyil, qadındır. Ailə düzgün qurulmursa, bir nəsil bədbəxt olur. Deyirdi, valideynlər heç vaxtqızlarını zorla ərə verməməlidirlər. İkrah hissiylə “Biznesmen Ərəstunla Qələndərov dedi, qurtardı” kəlmələri ilə Ülkəri də, hətta bəlkə Madarı da bədbəxt edən bu iki şəxsi o dünyada olsalar belə yamanlayırdı. Onlar bir dəfə nərd atanda, sonra yeyib-içəndə bu söhbəti salmış, dostluq tellərini möhkəmlətmək üçün iki gənci bədbəxt etmişdilər.

Nazəndə xanım deyirdi: “Bəlkə Madarın da öz istədiyi olubmuş, bəlkə sizi zorla evləndirəndə onun da könül yurdunu viran qoymuşuq? Sizlərə imkan verilsəydi, sərbəst seçim şansınız olsaydı, bəlkə hər ikiniz indi xoşbəxt idiniz...”

Ülkərsə Madarın əxlaqının bu hala çatmasını yalnız pulda görürdü, deyirdi ki, pul çox olanda adam məzə axtarır. Başından pul yağdıqca Madar kamilləşmək əvəzinə içkiyə, siqaretə, hətta narkotiklərə meyil salmış, əxlaqsız qadınlarla yataq bölüşmüşdü. Nəticəsi də bu cür olmuşdu.

Nazəndə xanım ürək ağrısı ilə Ülkərə söyləyirdi ki, qızların sənin kimi erkən ərə verilməsi, özü də rəyi soruşulmadan ərə verilməsi faciədir, deyirdi, mental qanunların buxovundan azad olmaq, qıza seçim azadlığı vermək lazımdır, ailədə qızın hüquqsuzluğuna son qoyulmalıdır mütləq. Deyirdi, Azərbaycanda savadlı, elmli, o cümlədən tam azad bir yeni nəsil formalaşmalıdır.

Rasimə Ülkərin meylinin ötəri olmadığını da duyurdu qadın. Deyirdi, qurban sənə, bir dəfə oxun daşa dəyib, ikinci dəfə bu, təkrarlansa, altını çəkmək sənə lap ağır olacaq, əminsənmi ki, o oğlan sonadək səni tərk etməyəcək? Soruşurdu, oğlanın ata-anası bu izdivaca razılıq verməsə, bəs nə edəcəksən, əvvəlcədən zəmanət almadan niyə onunla bu qədər yaxınlaşırsan?

Sevgi gözlərini kor, qulaqlarını kar, dilini lal etmişdi Ülkərin. “Rasim sonadək mənimlə olacaq” deyə təkrarlayır, ona özünə güvəndiyi kimi güvənirdi. Hətta Nazəndə xanım ondan icazə istəyəndə ki, qoy mən gedib o Rasimlə danışım, onun məqsədini öyrənim, buna qəzəblənmişdi də, qadını bu münasibətlərə qarışmamağa çağırmışdı.Hətta yersiz halda ona səsini də ucaltmışdı, onun bu insanlığını “Bəlkə oğluna görə bu canfəşanlığı eləyirsən, oğlunu xoşbəxt eləmədim deyə başqasını xoşbəxt eləməyimi qəbul edə bilmirsən” kimi yozub qadını göz yaşlarına qərq olmağa məcbur da etmişdi.

Ülkərin hədsiz şənliyini, özünə hey bəzək-düzək vurmasını, bəzən evə çox gec gəlməsini görən anası da məsələyə qarışmış, qızının görüşdüyünü eşidəndə qayğılanmış, “kimdir, nəçidir” suallarından sonra aldığı cavabdan mütəəssir olaraq hıçqırmışdı. Çünki özündən beş yaş kiçik olan subay oğlanın yanı uşaqlı bir qadınla evlənməsinə ailəsinin narazı olacağı qadının düşüncələrinə hakim kəsilmişdi.

“Başına dönüm, ağıllı qızım, bizi el içində xar eləmə, camaat bilsə ki, sən nişansız, kəbinsiz bir ana uşağı ilə gəzirsən, nə deyər? Sabah qardaşın eşidər, aləm bir-birinə dəyər” deyə anası xəbərdarlıq etmişdi. Amma Ülkər də əvvəlki Ülkər deyildi, anasına “Məni bir dəfə bədbəxt elədin, indi çəkil kənarda dur” söyləmiş, qardaşı haqda isə “Qələt eləyər Xəyal ki, mənə nəsə deyər” hökmünü vermişdi.

Oktyabrın yağışlı bir günüydü, Rasim onu evlərinə dəvət elədi, evdə kimsə yox idi.

Rasimin, sən demə, musiqi istedadı da var imiş, ionikasında bir mahnı ifa elədi:

Ulduzlar da bu axşam səndən danışdı,
Ay da pəncərənizdə yandı, alışdı.

 

Sonra bir-birinə sarmaşdılar, Rasim onu yataq otağına çəkib apardı, ilk dəfə beləcə yataq bölüşdülər. Bir-birindən doymadılar, dalbadal bir neçə gün ardıcıl görüşdülər, birində hotel otağında, birində hətta Rasimin iş yerində, pasiyent kreslosunda.

Noyabrın çiskinli bir günündə Ülkər Rasimdən növbəti dəfə münasibətlərini rəsmiləşdirməyi xahiş etdi və onu sevindirəcəyini zənn etdiyi bir xəbəri söylədi, dedi, səndən uşağa qalmışam. Amma bu xəbər Rasimi açmadı, dedi:

-- Mən indi buna hazır deyiləm, evdə ailəmizdə problemlər var, atam kredit götürüb, ödəyə bilmir, hər gün söz-söhbətdir. Onlara evlənmək istədiyimi desəm, razılaşmayacaqlar, uşaq məsələsini qəti qəbul etməyəcəklər. Azacıq səbir eləyək.

Ülkər hiss etdi ki, qanadları qırılıb yanına düşdü. Rasimin sevinəcəyini, onu öpüb bağrına basacağını düşünürdü, bu cür qorxaqlıq və acizlik göstərəcəyini əsla gözləmirdi. Amma sevirdi axı, sonradan sevgilisini yamanlamaq hissləri təəssübkeşliklə əvəzləndi, hətta kaş ki, maddi imkanım yaxşı olaydı, ona yardım göstərəydim kimi fikirlər də keçdi beynindən.

Qadın üçün ən ağır şey bətnindəki körpəsini tələf etməsidir. Bu, cinayətdir. Ani bir ehtirasdan, sonu düşünülməmiş bir yaxınlıqdan sonra dünyaya gəlmək amacında olan bir canlının məhvinə qərar vermək cinayət deyilmi? Bəlkə də o, öz Elvinini tələf edirdi. Bu fikirdən dəhşətə gəldi, amma nə edə bilərdi ki, Rasim uşağa yaxın durmurdusa, kəbin kəsdirməyi uzadırdısa, bic övlad kimi dünyaya övladmı gətirmək olardı? Bura Avropa, Amerika deyildi, bura Azərbaycan idi, el tənəsinə, el nifrətinə tuş gəlib necə duruş gətirə bilərdi axı?

Aborta getdiyi gün göz yaşlarına əsla hakim ola bilmədi.

Rasim onun qayğısına qalır, qan itirdiyinə görə şokolad yedirdirdi. Amma Ülkər heç cür özünə gələ bilmirdi.

Abortdan sonra bir müddət hər gecə ağladı, yuxusuna qan içində çabalayan oğlan uşağı girdi.

Sanki zəncirvari bir silsilə idi, səhv səhv gətirirdi. Bəlkə də insan büdrəyəndə ehtiyatlanmalıdır ki, sonradan yıxılmasın. Bəlkə də yıxılanda durmağa ehtiyatlanmalıdır ki, birdən yenidən yıxılaram. Amma yıxılıb-durmağa heç bir halda alışmaq olmaz. Bu, insanı səhvlərə öyrəncəli edir.

 

 “Ədəbiyyat və incəsənət”

(19.12.2023)