QİRAƏT SAATInda “Eşq mələyi”

  “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

13-cü hissə

 

Çəhrayı günlər

 

Özünə qiymət qoyan qadınların öz qaydaları olur. Bu qaydalara riayət etmək mütləqdir. Ülkər yeniyetməliyindən bu qaydaları yenə də baxdığı həmin film və seriallardan, qadınproqramlarından, tok-şoulardan əxz eləmişdi.

Birinci qayda o idi ki, qadın özünə tam güvənməlidir, problemlərdən qurtulacağı inamıyla yaşamalıdır. Qadın öz üstün və əskik xüsusiyyətlərini gözəl bilməlidir, özü ilə tək qalmalı, özü ilə danışmalı, başqalarının tənqidindən qorxmamalıdır. O, heç kəsi təqlid etmədən məhz həyatda öz obrazını yaratmalı, unikallığını qoruyub saxlamalıdır.

İkinci qayda o idi ki, qadın özünü tərifləməyə zərurət duymamalıydı. Öz dəyərini bilən şəxs başqasının yanında əsla öyünməz, o öz enerjisini kiməsə üstün olduğunu sübut etmək üçün xərcləməkdənsə, öz məqsədinə çatması üçün xərcləməlidir.

Üçüncü qayda qadının heç kəsə şəxsi sərhədləri pozmağa imkan verməməsidir. Onun üçün ən birinci öz maraqlarının təminatı olmalıdır. Qadın başqalarının müstəqillik və toxunulmazlıq statusunu qəbul edib də, özünün də eyni statuslarına hörmət edilməsinin qeydinə qalmalıdır. Yalnız öz ziddinə getmədən kiməsə güzəştə getmək mümkündür.

Dördüncü qayda odur ki, özünə dəyər verən qadın heç vaxt əks cinsi özündən yüksəkdə tutmamalıdır. O, hər qarşısına çıxanda nicat və xoşbəxtlik tapmaq, gələcəyini ona qovuşmaqda görmək kimi zərərli tendensiyadan uzaq qaçmalıdır. Qürurlu qadın ilk ünsiyyətdəcə qarşısındakından müsbət bir şey almayacağını duyub ondan kənarlaşmalıdır, hər şeyi zamana buraxıb “bəlkə düzəldi” xülyası ilə yaşamamalıdır.

Və ən nəhayət, beşinci qayda odur ki, ona pis olanda münasibətləri asanca pozub getməyi bacarmalıdır. Dözmək, əzab çəkmək, sonunacan hər şeyin düzələcəyinə ümid bəsləmək, “başqaları nə deyər” ibarəsinin hökmündən çəkinmək qətiyyən olmaz.

Bu qaydalar real həyatı ilə üst-üstə düşməmişdi, əfsus ki... Valideynləri qarşısındakı hüquqsuzluğu öz sözünü demiş, sevdiyi insandan ayrı düşərək acılar çəkmiş, sevmədiyi qaba və köntöy, əxlaqsız birinin həyat yoldaşı olmuş, daim əzilmiş, tapdanmış, təhqirlə, təhdidlə, xəyanətlə üzbəüz qalmışdı. Bunlar azmış kimi, həmin şəxs suçlu ola-ola daim onda suç axtarmış, üstəlik, bədbəxtliyinin səbəbkarı hesab edərək boşamış, özünə yeni ailə qurmuşdu. Bu qədər ədalətsizlik, haqsızlıqmı olardı?

İndi Ülkər həyatının yeni bir dönəminə başlamalıydı, işə düzəlməli, karyera qurmalı, yaxşı bir adamla rastlaşsa, bir daha ailə həyatı qurmağa cəhd göstərməliydi. Və ən əsası, qızını xoşbəxtlərin xoşbəxti kimi görmək arzusundaydı, bu arzusunu reallaşdıracağına əmin idi.

Seçim bir idi. Rayona – evlərinə qayıtmayacaqdı, hələlik heç bir maddiyyatı olmadığından Madargilin evini də tərk edib gedə bilməzdi, üstəlik, tək qalmış Nazəndə xanımın yalvarışları da öz sözünü demiş, seçimini təsdiqləmişdi. Nazəndə xanım birgə yaşamağı xahiş edərək Ülkəri öz balası kimi sevdiyini, Aylinlə nəfəs aldığını izhar etmişdi, Allah götürərdimi Ülkərin onu qoyub getməsini.Nazəndə xanım oğlunun səfehliyinə, axmaq qərarlarına çox öyrəşmişdi, qəlbinin dərinliklərində onun bu qərarını pozacağına, gec-tez peşman halda evinə, ailəsinin yanına qayıdacağına inanırdı.

Nazəndə xanım Ülkərin işə düzəlməsinə də razılıq vermədi, dedi, mən işləyib kifayət qədər qazanıram, ailəmizi dolandırıram, sən evdə onsuz da çalışırsan, üstəlik, Aylinimizi böyüdürsən, uşaq bir az böyüsün, mütləq sənəiş taparam, amma hələlik evin işi ilə kifayətlənməyin yetər.

Beləcə, yeni həyat başladı. Ülkər valideynlərinə ərinin son sözlərini deməmişdi, bilirdi ki, boşanma qərarını valideynləri bilsə, onu dartıb rayona aparacaq, qoymayacaqdılar ki, öz başına özü çarə qılsın. Sadəcə demişdi ki, gedib pul qazanmağa.

2010-cu ildə Qələndərovun səhhəti qəfil pisləşdi. Əslində, həmin o başıaşağı asılmaq əhvalatından sonra o, özünə gələ bilmirdi, havalı kimi gəzirdi, daim bədəni zoqquldayır, ağrı-acı çəkirdi. Gecə yarısı Zöhrəni səslədi ki, qoyma, ölürəm. Zöhrə həkim kimi onun dərdini bilib nəsə bir əlac eləmək istədisə də, bir anda gömgöy göyərən əri ilə baş verən müəmmadan baş aça bilmədi. Qonşunu harayladı ki, maşınla ərini xəstəxanaya çatdırsın. Qonşu “maşında benzin yoxdur” bəhanəsiylə yazıq arvadın xahişini rədd etdi. Belədə o, küçəyə qaçıb bir taksi tapdı, taksiylə Qələndərovu rayon xəstəxanasına çatdırdılar, elə qəbul şöbəsindəcə Qələndərov canını tapşırdı.

Həmin gün ilk olaraq Zöhrənin ağlından bilirsiniz nə keçdi? Zöhrənin ağlından o keçdi ki, qız uşağının ahı çox ağır olur, Qələndərovu bu cür zillətli və urvatsız ölümə Ülkərin ahı tuş gətirdi.

Zöhrə başsağlığı verməyə üç yaxın qohumdan savayı qapılarını bircə adamın da açmadığını görüb yas məclisi qurmağın lüzumsuzluğunu dərk elədi, üstəlik, burada bu insanların arasında tək yaşamasının mənasızlığını da dərk elədi, ərini torpağa tapşıraraq pal-paltarını yığdı, qapısına bir kilid vurub Bakıya gəldi.

Əslində fikri oğlu ilə birgə yaşamaq idi, amma oğul evində çox duruş gətirə bilmədi, gəlini yola vermədi onu. Belədə qohumları vasitəsilərayondakı evi dəyər-dəyməzinə satıb Bakıda – 20 Yanvar dairəsində birotaqlı ev aldı.

Universiteti bitirib xarici şirkətdə tərcüməçi işləyən və kirayə mənzildə yaşayan Leyli də gəlib anası ilə birgə yaşamağa başladı.

Daha bir müddət keçəndən sonra Madarın qəfil gəlişi, hələ də onun evində yaşamasına görə Ülkərə dişinin dibindən çıxanı deməsi, boşanmanı rəsmiləşdirməsi Ülkərin içindəki özünəsevgi hisslərini oyatdı. Nazəndə xanım Madarı evdən qovsa belə, Ülkər həmin mənzildə daha yaşamayacağını bəyan etdi, o da anasının aldığı mənzilə köçdü.

Həyat ssenarisi tez-tez dəyişirdi, Ülkərin qız vaxtı rayondan Bakıya oxumağa gələndə özü ilə götürdüyü zoğalı rəngli çamadanı mənzillər dəyişməkdə idi. Rayondakı evləri, Gənclikdəki evləri, Madargilin evləri, indi də anasının 20 Yanvardakı evi…

Həftədə bir dəfə bazar günlərində Aylini aparıb Nazəndə xanımla görüşdürür, hər gəlişində Nazəndə xanım onu bir çanta ərzaqla və pulla (az verəndə iyirmi, çox verəndə əlli manat verərdi) yola salırdı.

Leylinin qazancı pis deyildi, evin ərzağını o, təmin edirdi. Nazəndə xanım verən pulu Ülkər özünə və qızına xərcləyirdi. Birotaqlı mənzildə çox rahat yaşayırdılar, Qələndərovun zülmü altında yaşamış Zöhrə arvadın da eyni açılmışdı daha, həvəslə bişirib-düşürür, qızlarının, nəvəsinin qulluğunda dururdu. Hərdən Xəyal da qonaq gəlib anasını və bacılarını yoluxur, onu anasından, bacılarından ayırmaq istəyən “yad qızı”nın -- arvadının ardınca deyinirdi.

-- Ay ma, itin qızı qoymure sənin adını çəkim. Elə bil aranıza qurd yağı çəkiblər. Qazancımdan öz anasına, bacısına pay-pürüş düzəldir, amma sənin, bacılarımın adınız çəkiləndə elə bil ilan vurmuşu ilan vurur, deyir, onlara bu evdən bir spiçka çöpü də getməyəcək.

Xəyal xoruzlanır, “bir gün o it qızını təpiyimin altına salacam” deyəndə isə Zöhrə onu danlayır, ailəsinə soyuqluq salmamağı tapşırır, deyirdi, şükür, biz dolanırıq, sənin də heç nəyinə ehtiyacımız yoxdur.

Ülkərin iş axtarışları xeyli çəkdi, amma bir nəticə vermədi. Neyləsin, nə çarə qılsın başına? Yenə də Nazəndə xanım köməyinə yetişdi, onu məhz yaşadığı ünvana yaxın yerdə -- “Memar Əcəmi” metrostansiyası yaxınlığındakı uşaq bağçasına işə düzəltdi.

Ülkər Aylini də öz qrupuna saldı. İlk iş təcrübəsi. İlk karyera pillələri. İşləmək çox maraqlıydı, cəlbedici idi. İşləyəndə, qazancı olanda insana həm ətrafdakıların, həm də özünün özünə münasibəti dəyişir, özünəgüvəni artır.

Çox həvəsli idi, hər gün işdə bir yenilik tətbiq edir, qrupundakı dörd-beş yaşlı uşaqlara bir-birindən maraqlı təlimlər keçir, viktorinalar aparırdı. Qısa vaxtda valideynlər ondan razılıq edərək bağçanın müdirinə xoş sözlər çatdırdılar, müdir dəÜlkərə tərifnamə verdi.

Bunlar onun ürəyini dağa döndərirdi, bütün uşaqlara öz balaları kimi baxır, onları Aylindən ayırmırdı. Həyatının yeni dönəmi Ülkərin qəlbində inam toxumları əkmişdi, hər şey yaxşılığa doğru gedirdi.

Tezliklə Aylinin məktəb yaşı çatdı, Ülkər qızının böyüdüyünü sanki indi hiss etdi, qürurlandı. Nazəndə xanım uşağa məktəbli forması, məktəb ləvazimatları aldı.

2012-ci il ömürlərinə xoş müjdələrlə gəldi. Leylini yaxşı bir yerdən istəyirdilər, Zöhrə dərhal razılıq verdi, qısa zamanda nişan və toy bir-birinə qarışdı. Ülkər özü tapmadığı xoşbəxtliyi bacısına arzuladı, kürəkənlərinin necə alicənab olması da diqqətindən yayınmadı, inandı ki, dünyanın ən yaxşı bacısı olan Leyli öz yarısını tapıb.

Leylinin toyunda – xoşbəxt bəylə gəlini görəndə öz qara gəlmiş toyunu xatırladı Ülkər, göz yaşlarını boğa bilmədi. Xatırladı ki, qız vaxtlarında Leyli həmişə daha gözəl olduğuna görə Ülkərə qibtə edirdi. Gör həyat necə dəyişdi. İndi Ülkər bədbəxtlərin bədbəxti kimi xoşbəxtlərin xoşbəxti olan bacısına qibtə eləyir.

Leyli ər evinə köçəndən sonra Ülkər, anası və Aylin üçlükdə xeyli darıxdılar, Leylinin yeri görünürdü. Sonra buna da alışdılar.

Leyli ara-sıra onlara ərzaqla, pulla kömək edirdi, Nazəndə xanım da dəstəyini əsirgəmirdi. Ülkər özü də çox olmasa da, hər halda maaş alırdı, beləcə günlərini günlərinə calayaraq yaşayırdılar.

Həyat adama daim sürprizlər hazırlayır. Bəzən bunu bir gün əvvəldən, hətta bir gün də yox, heç bir saat əvvəldən belə təxmin edə bilmirsən. Bir gün Ülkərin dişi ağrıyırdı, uşaqları valideynlərinə təhvil verib evlərinə ən yaxın stomatoloji klinikaya getdi. Kabinəyə girəndə öncə onun diqqətini otağın divarlarının rəngi cəlb elədi. Çəhrayı otaq fərqli görünürdü, heç Ülkər bu rəngdə divar görməmişdi bu çağa qədər. Gənc həkim isə onun diqqətini lap çəkdi. Hündürboy, yaraşıqlı gəncə ağ xalat, bir də təbəssüm çox yaraşırdı. Ülkəri görcək həkim anidən donub qaldı, hiss edildi ki, qadının gözəlliyinə biganə qala bilmədi.

Ülkər bunu duyanda xeyli sevindi, başqasının diqqətini cəlb etmək çox gözəldir. Özü də indiki halında.

Yaşca Ülkərdən beş yaş kiçik olan diş həkimi Rasim Ülkərin ağrıyan dişini bor maşını ilə yonanda yaxın təmasdan titrədi də hələ. Gözləri Ülkərin sinəsində ilişib qalır, heç cür gözünü oradan çəkə bilmirdi, həkimin halını Ülkər də duyur, bu, onda xəfif təbəssüm oyadırdı.

Stomatoloji klinikaya üç gün dalbadal gələsi oldu Ülkər. Müalicə bitəndə və diş plomblananda bir daha Ülkəri görə bilməyəcəyi həyəcanından xeyli pəjmürdə olan Rasim ona telefon nömrəsi yazılmış kartını verdi, dedi, həmişə qulluğunuzda hazıram.

Ülkər özü də anlaya bilmirdi ki, onunla nə baş verir. Yəni Rüfətdən sonra kimsə onun qəlbinin qapısını döyə bilərdimi? Axı Rüfət bu qapını kilidləyib qıfılı da özüylə aparmışdı sanki.

Və qeyri-ixtiyari olaraq Ülkər cəmi bir gün sonra Rasimə zəng vurdu, dişinin vəziyyəti barədə məlumat verirdi sanki, ancaq bir saat danışdılar.

Ertəsi gün birlikdə qəhvə içdilər, daha iki gün sonra şam yeməyi yedilər.

Bir də Ülkər onu gördü ki, Rasimə bağlanıb. Rasim ona Rüfətini xatırladırdı. Madardan heç vaxt nəvaziş, mehribanlıq görmədiyindən Rasim onun incikliyini, küskünlüyünü götürür, ruhunu dincəldirdi.

-- Bir dənəm, bu qızılgüllər səninçündür.

-- Ürəyim, bir bu mahnını dinlə. Elə bil ikimiz üçün oxunur.

-- İstərdim bu ətirdən vurasan. Bu ətir bihuşedicidir.

Ülkərin ömrünün çəhrayı günləri başlamışdı.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)