Məhəmmədəli Ələkbərov Elşad Baratın “Şəhidlər” silsiləsində

“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.

 

 

Ələkbərov Məhəmmədəli Bayram oğlu

 

Ələkbərov Məhəmmədəli Bayram oğlu 15 oktyabr 1990-cı ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. 1996-2007-ci illərdə Firacəddin Məmmədov adına tam orta məktəbdə təhsil alıb. 2008-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildə Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunan Məhəmmədəli ilk xidmət yeri olan Lənkəran sərhəd dəstəsinin 4-cü sərhəd zastavasında çalışqanlığı, xidmətə münasibəti ilə seçilib.

2015-2016-cı illərdə Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində təlim çevik hərəkəti taborunda müxtəlif vəzifələrdə xidmət edən Məhəmmədəli hər zaman inadla öz üzərində işləyib, intizamı ilə seçilib. 19 fevral 2019-cu ildən xidmət yeri Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsinə dəyişdirilən Məhəmmədəli cəlb olunduğu təlimlərdə bilik və bacarığını təkmilləşdirib. Fiziki cəhətdən sağlam və güclü olan Məhəmmədəli ona verilən ən çətin döyüş tapşırıqlarının öhdəsindən məharətlə gəlirdi.

Sentyabrın 27-də başlayan Vətən müharibəsi sanki Məhəmmədəliyə qazandığı bilik və bacarıqları nümayiş etdirməsi üçün bir meydan oldu. Məhəmmədəli Çevik Hərəkət Dəstəsinin tərkibində Füzuli və Cəbrayıl istiqamətlərində bir sıra yaşayış məntəqələrimizin azad olunması uğrunda uğurlu əməliyyatlarda iştirak etdi. İran İslam Respublikası ilə dövlət sərhədlərimizin bərpası zamanı məhz onun fədakarlığı nəticəsində bir neçə halda döyüş yoldaşları mühasirədən çıxarılıb. Oktyabrın 19-da Zəngilan şəhərinin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında düşmən postlarının ələ keçirilməsində Məhəmmədəli xüsusilə fərqlənib. 21 oktyabr 2020-ci ildə – bir gün əvvəl işğaldan azad olunmuş Zəngilan şəhərinə düşmənin əks-hücumunun qarşısını alarkən gizir Ələkbərov Məhəmmədəli qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı göstərdiyi rəşadətə görə gizir Ələkbərov Məhəmmədəli Bayram oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

22 oktyabr 2020-ci ildə Ağstafa rayonunun Poylu kəndində dəfn edilib.

Ailəli idi. 2 övladı var.

 

Oxudum igidliyini,

Qəhrəmanlığını sənin.

Nə yaxşı ki, sənin kimi

Oğulları var Vətənin.

 

Vətən öz igidləriylə

Tanınar sərhədlərində.

Çünki igidlər Vətəni

Saxlayar öz əllərində.

 

Sən canınla qorumusan

Bu Vətəni, bu milləti.

Sənə bitməz, tükənməz də

Bu millətin məhəbbəti.

 

Ürəklərə iz salmısan,

Tarixə iz saldığıntək.

Füzulini, Cəbrayılı,

Zəngilanı aldığıntək.

 

Hər insanın millətinə,

Vətəninə borcu olur.

Yalnız şəhid igidlərə

Vətən, millət borclu qalır.

 

Sənə olan borcumuzu

Ödəyə bilmərik, şəhid.

Şəhidlər ölmür, bilirəm.

Bir gün görüşərik, şəhid.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)