Yaşa millətini yaşatmaq üçün

Ramiz Göyüş yazır

 

“Ədəbiyyat və incəsənət” portalının poçtunda publisist Ramiz Göyüşün bir yazısı var. Yazı şair Barat Vüsalın şənbə günü Atatürk Mərkəzində keçirilən kitab təqdimatında iştirak edə bilməməsindən dolayı yazılıb. 

Onu sizlərin diqqətinizə çatdırırıq. 

 

 

Hörmətli Barat müəllim!

Çoxdan arzulayırdım ki,  çağdaş poeziyamızın görkəmlu nümayəndələrindən biri kimi Sizin ədəbi tədbirlərinizdən birində iştirak edim. Həmin gün yetişmişdi. Lakin çox təəssüf ki, məndən asılı olmayan səbəblərdən bu arzu  baş tutmadı. 

Bununla belə mən Sizinçün və poeziyamız üçün əlamətdar olan bu gündə öz fikirlərimi sizə ünvanlamaq istədim.

Hər bir yaradıcı insana yeni kitab nəşr etdirmək, onun təqdimatını keçirmək sevinci, dünyaya övlad gətirmək və onun gəlişini qeyd etmək, dünya boyda sevincini doğma və əzizlərinlə, dostlarınla, oxucularınla bölüşmək kimi bir şeydir. Bu gün siz yenicə dünyaya gəlmiş "Ayrılmaz yolların" sevincini bölüşürsünüz. Bu təqdimat münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Kitaba necə də gözəl ad seçmisiniz. Ayrılmaz yollar. Qoy Qarabağa, Təbrizə, İrəvana, Dərbəndə, Borçalıya, gedən yollarımız heç zaman ayrılmasın. Turan dünyasına aparan yollarımız hər zaman açıq və aydın olsun.

Yaradıcılığınızı daim sevə sevə, gözləyən və  izləyən bir oxucunuz kimi əminəm ki, oxucularınıza və pərəstişkarlarınıza "Ayrılmaz yollar"da təqdim olunan məqalələriniz, xatirələriniz, təqdimatlarınız, fikirləriniz şeirləriniz  kimi sevinc və maraqla qarşılanacaqdır. Düşünürəm ki, bu kitab 55 illik gərgin və məhsuldar bir yaradıcılıq həyatı yaşamış müdrik və mütəfəkkir bir insanın həm də oxuculara bir hesabatı kimi dəyərləndirilməlidir. 

Böyük Səməd Vurğunun mənsub olduğu Kosalılar şəcərəsinə aid olan Qazax rayonunun Kosalar kəndində dünyaya göz açan,  55 illik yaradıcılıqla məşğul olan və heç vaxt doğulduğu kənddən kənara çıxmayan,  gündəlik qayğıları ilə yanaşı həm də öz doğma kəndində yazıb yaratmaqla elinə , obasına, xalqına şöhrət gətirən, 30 il rəhbəbərlik etdiyi, AYB -nin Qazax ordusunun üzvləri ilə sözümüzün, sənətimizin keşiyində şərəflə duran, elə sözü və sənəti ilə həm də sərhədlərimizi qoruyan qəhrəman oğullarımızla çiyin-çiyinə dayanan, öz rəngarəng əsərləri ilə poeziya səltənətimizə əvəzsiz töhvələr verən əməkdar incəsənət xadimi, şair, publisist, tarixçi, alovlu tribun Barat Vüsalın çox maraqlı və zəngin məziyyətlərini bu kiçik yazıda ifadə etmək mümkün olmadığı üçün sözümü onun şeirindən bir bəndlə yekunlaşdırıram.

 

Barat, qalx göylərə, enib yaşama,

Alış günəş kimi sönüb yaşama.

Millətin böyrünə sinib yaşama,

Yaşa millətini yaşatmaq üçün.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)