Məmməd İsmayıl yaradıcılığı tükənməz və bitməz bir xəzinədir Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

"Məni üç ana böyüdüb: anam Gülzar, Gəzəl alma və bir də Təfəl qoyun. O amansız illərdə o üç ana gecə-gündüz çalışıb məni müharibənin, ehtiyacın əlindən alıb gələcəyin sınağına göndərdilər."

 

Bu cümlələrin sahibi az yaşlarından həyatın çətin sınaqları ilə üz-üzə gəlmiş, tanınmış və sevilən Azərbaycan şairi Məmməd İsmayıldır. O, Azərbaycanın yaradıcılar məkanı olan Tovuzda dünya həyatına gözlərini açmışdır. Şairliyi əmisindən miras almış Məmməd İsmayıl istər dünya, istərsə də Azərbaycan Ədəbiyyatını dərindən mənimsəmişdir.

Məmməd İsmayıl yaradıcılığı haqqında saatlarla danışsaq və yazsaq, yenə də mövzu və təhlil bitməz. O, zəngin yaradıcılıq məktəbidir.

Şairin hələ də sevgilə oxunulan şeirlərindən biri də ağacdələnə müraciətlə yazılmış şeiridir.

 

         Ağacdələn, döy qapımı, döy görüm.

         Yol azıbsan, bu payızın çənində,

 

         Ağacdələn, ağlın azıb sənin də,

         Atamoğlu, az qapımı döy görüm.

         

          Bu cığırı bu qara kim bürüyüb,

          Burda kimin yanan qəlbi kiriyib.

          Həyətini qara yellər bürüyüb,

          Başımıza nələr gəlir qoy görüm.

 

Təbiətə aid yazılan çox şeirlər var, amma Məmməd İsmayılın bu  şeiri təbiətə aid edilən möhürünü vurmuş şeirlərdəndir.

Şairin uşaqlıqda yaşadığı anları şeirlərindən duymaq olar. Onun anasına olan böyük məhəbbəti  şeirlərində oxucunu kövrəldəcək məqamda hiss olunur:

 

      Sən məni dünyaya gətirdin, ana,

      Sənisə dünyadan aparıram mən.

 

Bu iki misrada çox böyük məna yükü var. Sanki bu misralardakı təzadlarda ağ və qara, xeyir və şər baş-başa gəlib bir-birlərinə meydan oxuyurlar.

Məmməd İsmayıl fəlsəfi bir şairdir. Onun

 şeirlərində dərin fəlsəfəni hiss etmək olur. Şairin," Sübh namazları" adlı şeirində bunları aydın görmək olur. Belə mövzularda da Şair öz mükəmməl üslubunu  qoruyub saxlamışdır.

 

      ...Bahar gecəsində sübh namazları,

         Bulaqda su olur, könüldə arzu.

         Gecə yerlə göyün bu təmasları...

         Bir gəmi dənizdə açır səhəri,

         İman namazından keçir bir gəmi.

         Tanrı gözəllikdən pay əsirgəmir,

         İlahi səslərə qulaq kəsilən,

         Sahil qayaları donmuş fikirdir.

         Səcdəyə qapanan təkbirdi hər dağ,

         O boğaz suları, o sahil, o mən

         Səhər namazında olmuşuq ortaq.

 

 Bu şeirdə insanın güclü imanının onu saflaşdırmasının şahidi oluruq.

Şeirdəki “Bulaqda su olur, könüldə arzu” misrası çox təsirlidir. Könüldəki saflıq bulaqdakı saf suyun olması ilə müqayisə edilmişdir. Bəli, bulaqda suyun, könüldə arzunun olması təbiidir, amma saf arzular saf bulaq suyuna bənzətməsi şairin qüdrətli söz ustadı olmasından xəbər verir.

Digər misraların məna yükü də çox təsirlidir. Gecə sakitlikdə yerlə göy təmasda olub arzusuna çatır, insanın öz imanını təklikdə Allahla baş-başa qalıb dualar edib bağışlanması kimi..

Bu şeirdəki fəlsəfə diqqətəlayiqdir və düşünməyə sövq edəndir.

 

Şairin ədəbi yaradıcılığında folklor ədəbi ənənələrini də görürük. Şairin " Oğuz hələ yuxudadır" şeiri buna misaldır.

 

    Öz-özünü bulmayanlar,

    Özgələrlə üz-göz olur.

    Sevgidən doğulmayanlar,

    Doğunca, Təpəgöz olur.

 

“Sevgidən doğulmayanların"  toxumunda pislik təzahür edir.

"Basatın Təpəgözü öldürməsi" boyundakı məqamları xatırlasaq, Oğuzun nəfsinə hakim olmayıb günah etməsi Oğuz elinə "baha başa gəlir" və bu, şeirdə mükəmməl qələmlə işlənmişdir.

 On dörd yaşından  bədii yaradıcılığa başlamış üstünlükləri, uğurları, mükafatları saymaqla bitməz canlı ensiklopediya olan Məmməd İsmayıl böyük bir ədəbi məktəbdir, ədəbiyyatsevərlər üçün tükənməz və nadir bir xəzinədir.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)