Ulduz Qasımın "Xocalı şikəstəsi"

“Ədəbiyyat və incəsənət” portalı Qarabağla bağlı əsərlərdən dərcləri davam etdirir. Bu dəfə sizlərə Ulduz Qasımın “Xocalı şikəstəsi” təqdim ediləcək. Şükür, Xocalı düşmən caynağından qoparıldı. Amma Xocalı qətliamı ömürlük yaddaşlardan silinməyəcək. 

 

Məryəm ölümün ağuşunda çapalayan qadına ikrahla baxıb

dodaqaltı vaysınırdı ki, bunda həyasızlığa bax, bizi yer-yurdumuzdan didərgin salıblar, camaatı böyüklü-kiçikli qanına qəltan eləyiblər, çarəsiz insanlar canını qurtarmaq istəyən yalquzaq kimi gecəyarısı, qar-boran demədən ayaqyalın, başıaçıq meşələrə səpələnib. Bu da istəyir ki, dığasını xilas edək, isti paltarımıza büküb, qoynumuzda ilan bəsləyək. Bəs mən ana deyiləm?

Gözümün qabağında madar oğlumu qanına bələdilər. İndi mən erməni balasını qucağıma alım, ona nəfəs verim?

Məryəm Fərhadın ürəyinə bələddi. Peşəsinə olan sədaqətini də bilirdi. Odur ki, ərinə qəti şəkildə söylədi ki, uşağı götürmək fikrinə düşməsin.

– Fərhad, – dedi, Məryəm, – əgər bu uşağı özümüzlə götürsək, hər şey cəhənnəm, yolda aclıqdan, soyuqdan qışqırıb ağlayacaq. Hər kolun dibində bir erməni cəlladı pusqudadı. Vallah, əməlli-başlı başağrısıdı bu dığa, özümüzə iş açmayaq…

Fərhad bir an duruxdu, sonra qəfil ilan çalmış kimi meyitdən, ona sarı dartınan uşağın qorxudan hədəqəsindən çıxan gözlərindən uzaqlaşmaq üçün dar cığırla irəlilədi. 

Elə bu zaman körpə bayaqkından daha yanıqlı səslə ağlamağa başladı. Var gücüylə

qışqıran uşağın səsi insanın tüklərini ürpədir, qəlbini dağlayırdı.

Məryəm ayaq saxladı.

– Fərhad, öldür onu. Qoy səsi kəsilsin.

– Ana...

– Nədi, Pəri?

– O, lap balacadı, yazıqdı!

Məryəm qızının soyuqdan donan əllərini donunun ətəyindən aralamaq istədi.

– Kiri, qız, yum ağzını. Nə tez yadından çıxardın, bəlkə elə qardaşının canına qıyan bu dığanın dədəsi idi. Sabahdan bəri

kəndi başına götürən fəryadları nə tez yadından çıxardın, bala?

– Ana, onun nə günahı var?

Məryəm yenə israrından dönməyib ərinə hökm etdi:

– Sənə deyirəm, vur onu, Fərhad!

Fərhad sanki görəcəyi qorxunc işin vahiməsinin təsiriylə təntiyə-təntiyə dedi:

– Yox. Məryəm, mən bacarmaram.

Məryəm:– Bəri elə, tüfəngi, – dedi və Fərhadın sol çiynindən aşırdığı qoşalüləni dartıb götürdü. Tüfəngi körpəyə tuşladı. Qadının tətiyə güclə çatan donmuş barmaqları dəhşətli bir çarəsizliklə

uçundu, bütün bədəni əsdi, dizi üstə yerə çökdü, hönkürdü. 

Bir az əvvəl gözünün qabağında doğma oğlunu dəlik-deşik edən millətdən törəyən körpəni vurmağa ananın əli qalxmadı!

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)