Vüqar Vəliyev Elşad Baratın “Şəhidlər” silsiləsində

“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.

 

Vəliyev Vüqar Emin oğlu 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub.

2002-ci ildə Ağdam rayon Rzalar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2013-cü ildə həmin məktəbin 11-ci sinfini yüksək qiymətlərlə bitirib. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.

2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında müvəffəqiyyətlə iştirak edərək Quzanlıda yerləşən Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbinə idman müəllimi kimi qəbul olunub.

2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Vüqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə vuruşub. 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Vüqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Vüqar Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Səni görməmişəm, tanımayıram,

Amma ki, ürəyim sənə “can” yazır.

İndi şairlərin, yazıçıların

Qələmi sənintək oğuldan yazır.

 

Nə qədər yazsaq da, çata bilmərik

Biz sənin yazdığın tarixə, qardaş.

Bu xalqın başını uca eylədi

Zəfər tarixinə yazılan savaş.

 

Bizi birləşdirən kimliyimizdir

Milli qeyrətimiz, milli sözümüz.

Nə olsun bir dəfə görüşməmişik,

Duyur ürəyimiz, görür gözümüz.

 

Səni qardaş bilən, bağrına basan,

Səni bala bilən neçə ana var.

Biz ölüb gedərik, unudularıq,

Amma, bil, şəhidlər yaşayacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)