Bu gün Bakıdakı Rus evində Səməd Vurğunun xatirə axşamı olacaq

 

Azərbaycan xalqının dahi söz ustası,  əbədiyaşar klassik, yaradıcılığında daim Vətən mövzusunu tərənnüm edən Səməd Vurğunun ən məşhur şeirinin məhz “Azərbaycan” adlanması əlbəttə ki, təsadüf ola bilməz. Şairin əsərləri müasir Azərbaycan ədəbiyyatının Qızıl fondunda daimi yer tutur. Onu həm də postsovet məkanında sevir, əzizləyirlər. Eləcə də şimal qonşumuzda. 

 

“Ədəbiyyat və incəsənət” portalı ölkəmizdəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün - dekabrın 13-də Bakıdakı Rus evində Azərbaycanın böyük oğlu Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş poeziya axşamı təşkil ediləcək.

Tədbirdə şairin mənalı həyatının ən mühüm məqamlarından və onun yaradıcılığından söhbət açılacaq, Səməd Vurğunun sevimli melodiyalarının sədaları altında şeirlər səsləndiriləcək.

Səməd Vurğun şair, dramaturq, ictimai xadim, bir sıra nüfuzlu sovet mükafatlarının laureatı, Azərbaycan SSR-nin ilk Xalq şairidir. O, 1936-cı ildə A.S.Puşkinin “Yevgeni Onegin” romanının Azərbaycan dilinə tərcüməsinə görə dahi rus şairinin adını daşıyan Puşkin Komitəsinin medalı ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)