QİRAƏT SAATInda “Eşq mələyi” Featured

“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

10-cu hissə

 

Ailə həyatı

 

Bəmbəyaz rəngli “Audi Q-7” avtomobilində (o vaxt dəb idi, ən bərkgedənlər gəlini kirayəyə götürülən “Hammer”lərlə gətirərdilər, amma Q-7 Madarın öz avtomobili idi, qiyməti heç də “Hammer”dən əskik olmadığından bəy-gəlin maşını kimi onu seçmişdilər) Ülkərlə Madar şadlıq evindən Madargilin Neftçilər prospektindəki mənzilinə yollandılar. Şadlıq evinə Q-7-sini özü sürən Madarı indi az qala sürüyüb arxa oturacağa atmışdılar, avtomobili sürücü idarə edirdi.

O qədər özündə deyildi ki, yaxasındakı “baboçka”sını da haradasa salmışdı.

Ülkəri yengə otağa salıb soyundurub zifaf gecəsinə hazırlayanda bircə anlıq da gözünün yaşı qurumadı. Hey ağlayır, ağlayırdı. O, bu anlarını Rüfəti ilə təsəvvür etmişdi həmişə. Həsrətlilər təki bir-birinə sarmanıb sevişməkdən doymamış, kam verib, kam almışdılar. İndisə bu köntöy, yonulmamış, öz toyunda “bəsdir” demədən, ar etmədən bir şüşə araq boşaldan nanəcibin qisməti olurdu…

Bu da Madar.

Madar içəri girən kimi soyunmağa başladı, şalvarını çıxaranda müvazinətini saxlaya bilməyib yıxıldı da. Ülkər pıq eləyib gülümsədi, amma bu gülüş tezcə ikrah hissinə keçdi. Birtəhər soyunub Madar özünü Ülkərin üstünə atdı.

Spirt və tütün qoxuyan nəfəsi ilə Ülkərin üzünü qarsırdı, ruhunu, iç dünyasını basıb əzməkdəydi bu həmlələri ilə.

Hayqıra-hayqıra, tövşüyə-tövşüyə nələrsə eləməyə çalışsa da, edə bilmirdi, əsəbiləşirdi, söyüş söyürdü. Yenidən cəhdlər edir, yenə də alınmırdı. Ülkəri acılayırdı, onu təşəbbüs göstərməyə məcbur edir, kobudluq göstərirdi.

Bir qədər sonra Madar tam yorulub əldən düşdü, üzüqoylu yatağa uzanıb balışı qucaqladı, xorultuyla yatmağa başladı.

Ülkər hönkürərək ağladı. Budurmu onun ailə həyatının başlanğıcı?

Həmin gün Ülkərin göz yaşları səhərəcən qurumamışdı. Vəziyyətdən agah olan qayınanası Nazəndə xanım onu səhərədək ovuda bilməmişdi. Ülkər ağlayıb-sısqayıb söyləmişdi:

-- Adam toyunda sərxoş olarmı?

-- Adam həyat yoldaşının yanında murdar söyüşlər söyərmi?

-- Adam həyat yoldaşı ilə bu qədər qaba, sərt rəftar edərmi?

-- Elə bil, siz də məni bağışlayın, bir fahişə ilə rəftar edirdi.

Növbəti günlərdə də Ülkər bakirə qalmışdı, Madar gah içkili, gah yorğun, gah da tam fərqli bir durumda, gözü-başı şişmiş gələrdi (sonradan Ülkər biləcəkdi ki, həyat yoldaşı nəşə çəkirmiş),bəzən də heç nədən Ülkərlə sözləşər, onu acılayardı, zifaf gecələri yenə də alınmazdı.

Madarın anası Nazəndə xanım olduqca yaxşı qadın idi, mehriban, xoşsima. Oğlu ilə baş verənlərdən çox üzülər, nə yollasa məsələni yoluna qoymağa çalışardı. Qadın göz yaşları içində Ülkərə yalvarardı ki, bu çağa kimi bakirə qaldığını, Madarın hələ də “öz işini görə bilmədiyini” heç kəsin yanında danışmasın. Əlbəttə ki, hamı Madarın gücsüz, zəif, hətta üzdəniraq olmasını təxmin edəcəkdi, haqqında şayiələr, söz-söhbət dolaşacaqdı, aləmdə biabır olacaqdılar. Axı Madar elə birisi deyildi.

Yazıq qadın, Madarı qabağına qoyub danlayırdı, öyüd-nəsihət verirdi, amma bir xeyri olmurdu.

Ülkər dərdini özü çəkir, anasına, bacısına belə demirdi. Əlbəttə, ata-anasına “bir görün məni necə bədbəxt elədiniz” deməsinə, onların üstünə getməsinə əlinə əla bir girəvə düşmüşdü, bununla belə, Nazəndə xanımın insanlığını, Ülkərə ilk gündən necə dəyər verdiyini, ona qızı kimi yanaşdığını əsas tutub bu qadının göz yaşlarına qıymırdı, onun “heç kəs bilməsin” xahişinə axıracan əməl etməkdə israrlı idi.

Yazıq Nazəndə xanım, özü dünyəvi bir insan olsa da, əlacsızlıqdan, çarəsizlikdən mövhumata da əl atmalı olmuşdu, oğlunun “bağlandığını” zənn edib falçıya, cadugərə də pənah aparmışdı.

Yalnız toylarından iyirmi iki gün keçəndən sonra həmin o zifaf gecəsi baş tutdu. İki gün evdən çıxmayan, içib-çəkməyən, canına qulluq edən Madar həmin gecə işinin öhdəsindən, axır ki, gəldi.

Oraya kimi isə Ülkər tərəddüdlər içində qalmışdı, hətta bakirə qalmasına sevindiyi də olurdu, deyirdi, yəqin, Allahın qisməti beləymiş, mən bakirə qalıb hər halda öz Rüfətimə qismət olacağam.

Ailə həyatı çox cansıxıcı keçirdi, qayınanasının və qayınatasının mehribançılığı Madarın kobudluğu, vecsizliyini heç də sığorta eləyə bilmirdi. Bu adam həyat yoldaşını bir dəfə küçə-bayıra çıxarmır, kinoya-konsertə aparmırdı. Yalnız ailəvi toya, nişana, ad günlərinə gedəndə Ülkər bəzənib-düzənib Mərdanzadə ailəsinin bir üzvünə çevrilirdi.

Madar universiteti bitirib prokurorluqda vəzifə alandan sonra bir az da sərtləşdi, qabalaşdı. Bəzən evə gecəyarısı gəlir, yenə spirt və tütün qoxusu ondan əskik olmur, üzün-gözün şişməsi halları da təkrarlanırdı. Bəzən Ülkər onun ağ köynəyində qadın pomadası izləri görür, ondan qadın ətrinin qoxusunu duyurdu. Bir neçə dəfə bunu ona irad tutmuş, bir dəfəsində ərinin gecə bir qadınla intim danışığına belə şahid olmuş, özünü təhqir edilmiş sanaraq çıxıb Gənclikdəki evlərinə qayıtmışdı. Qardaşı dərhal rayona zəng edib ata-anasını çağırtdırmış, onlar da zorla Ülkəri ər evinə qaytarmışdılar.

Qələndərov sərt şəkildə qızına demişdi:

-- Qulaqlarını aç, yaxşı-yaxşı eşit. Sənin ər evindən ancaq meyidin çıxa bilər!

O dönəmlərdə Ülkərin yeganə təsəllisi universitet idi. Dərslərə gedib-gəlir, eyni xeyli açılırdı. Yenə də ümidliydi ki, bəlkə təsadüfən Rüfətini görə biləcək, yenə də ümidliydi ki, bəlkə tale onu cəzalandırdıqdan sonra, bu qədər bədəl ödədikdən sonra bəlkə necəsə bəxti açılacaq. Hətta bir dəfə küçədə ürəyi döyünərək birinin dalınca qaçıb “Rüfət” deyə çağırmış, həmin şəxs geri qanrılanda səhv etdiyini görüb məyus olmuşdu.

Amma daha pisi baş verdi. Bir dəfə dərsdən qayıdanda Madarevdəydi, kefliydi, onun üzərinə şığıdı. Qışqırdı:

-- Harda sülənirdin?

Madarın ata-anası evdə yox idi deyə Ülkər onun sərtliyinin qabağında əsla dinməz qalmadı:

-- Əvvəla ağzının danışığını bil, mən küçə qadını deyiləm ki, sülənəm. İkincisi də, guya bilmirsən hardaydım? Universitetdən başqa harda olasıyam ki?

Ülkər daha artıqlarını dedi, həyat yoldaşını tərbiyələndirməyin qeydinə qaldı:

-- Kişi öz həyat yoldaşına kölə kimi baxmaz, xanım kimi, dost kimi baxar, lap elə şahzadəsi kimi baxar, ona güvənər, inanar, arxalanar. Onunla məsləhətləşər, gələcəyi birgə qurarlar.

Amma Madarın tərbiyələnmək fikri yox idi, çox azğındı həmin gün. Ülkərə əl qaldırdı, dedi, bu gündən daha universitet-filan yoxdur.

Ülkər bu sözləri ciddiyə almadı, düşündü, yəqin, Madar sərxoşdur deyə deyir, sabah unudacaq bu dediklərini. Amma belə olmadı. Madar ertəsi gün universitetə gedibÜlkərin əyani təhsilini qiyabiyə çevirtdirdi.

Ülkər dörd divar arasında dustaq oldu. Üzü gülmədi, hey fikir çəkdi, xəlvətə düşəndə ağladı.

Oğullarının bivecliyini duyan valideynlər onunla danışır, onu düz yola qaytarmaq istəyirdilər, di gəl, nə illah eləsələr də, buna nail ola bilmirdilər.

Bir dəfə Ülkər ailəvi şam yeməyi zamanı belə bir söhbətin də şahidi oldu. Əflatun müəllim oğluna dedi:

-- Madar, sənə daha demədiyimiz söz qalmadı. Heç inanmazdım ki, sən gəlib bu cür olacaqsan. Bir bax, Rüfət də bir kişinin oğludur, biz atalar uşaq vaxtı onlar rayondan bura gələndə sizi güləşdirərdik, sizə müxtəlif suallar verərdik, öz aramızda mübahisə edərdik ki, kimin oğlu güclüdür. Onda ağlıma belə gəlməzdi ki, Rüfətin axırı hara gedib çıxacaq, sənin axırın hara. Madar Mərdanzadə gərək belə olmayaydı. Sənin haqqın yoxdu belə olmağa.

Söhbət Ülkərin Rüfətindən gedirdi, onun adını eşidəndə Ülkər hıçqıraraq ağladı, Nazəndə xanımla Əflatun müəllim də elə bildilər, ərinin danlanması, valideynlərini yarıtmaması səbəbindəndir onun ağlaması.

Oğullarını tərbiyələndirə bilmədikcə valideynlər tamam ruhdan düşürdülər. Belədə xoş sözlərlə, təsəllilərlə, hədiyyələrlə Ülkərin qəlbini almaq istəyirdilər. Hərdən oğlunun etmədiyini etməyə çalışan Nazəndə xanım Ülkəri bulvara çıxarar, gəlin-qayınana yorulunca gəzər, həyat barədə fikir mübadiləsi aparardılar.

Ülkər bu ali təhsilli, son dərəcə savadlı və mədəni qadınla öz yaşantılarını birəbir bölüşərdi, ailə, kişi-qadın münasibətləri barədə bildiklərini, oxuduqlarını, təxmin etdiklərini danışardı. Onu “Madarı çox ərköyün böyütdük, çox sərbəst böyüdü, indi yığıb-yığışdıra bilmirik, amma bir balanız oldumu, bala şirin şeydir, hər şey yoluna düşəcək” sözləri ilə azacıq da olsa ümidləndirən qayınanasına qız vaxtı özünün düşündüyü “xoşbəxtlik əmsalı”nı da açıqlayırdı:

-- Həmişə toyumu, “Vağzalı” sədaları ilə evdən uzaqlaşmağımı təsəvvür edirdim. Atamla qardaşım mənə göz verib, işıq vermirdilər, hər addımım izlənilirdi, heç bir azadlığım, sərbəstliyim yox idi. Həmin o qadağaların içində yeganə ümidim ağ atlı bir oğlana idi, düşünürdüm ki, həmin ağ atlı oğlan məni zülmün, istibdadın əlindən götürüb aparacaq, xoşbəxt edəcək. Toy günümüzü hər bir xırdalığına kimi təsəvvür edirdim. Toy insan ömrünün ən xoşbəxt günü olsun deyə bəylə gəlin gərək bir çox detalları nəzərə alsınlar. Xoşbəxtliyə atılan addımlar var ki, ondan xəbərdar olmaq vacibdir. Dəbdəbəli toy, yoxsa sadə? Minlərlə insan üçün toy, yoxsa yalnız iki sevən üçün? Hiss-həyəcanlı toy, yoxsa tam təmkinli, sadə? İnanın, mən ən təmtəraqsız, ən sadə toyu seçərdim, o toyu ki, sadəcə mənə xoşbəxtlik gətirsin. Mən kabab, qara kürü yeyən dedi-qodulu ailəni yox, şor-çörəklimehribançılığı seçərdim. Nə yazıq ki, bu mənə qismət olmadı.

Nazəndə xanım Neftçilər prospektində sıralanan brend butiklərdən Ülkərə bahalı geyim-kecim almağı da xoşlayırdı. Bu libaslarda Ülkər özünü tam dəyişilmiş, gözəllikləri bir az da qabardılmış hiss edərdi, di gəl, aldığı həzzin yerini tezcə də Madarın ona qarşı münasibətlərini xatırlamaq tuturdu, səmasının ağ rəngini qara buludlarla qaraldırdı.

Nazəndə xanım fikirlərini açıq-aşkar ifadə edirdi, sanki Madarın deyil, Ülkərin anasıydı, daim ona qahmar çıxırdı, üstəlik, bəzən Ülkərə görə hətta onun günahkar valideynlərini də, öz həyat yoldaşını da suçlayırdı:

-- On altı-on səkkiz yaşlı qızları ərə vermək olmaz. Həyat filmlərdəki kimi deyil. Elə iyirmi-iyirmi iki yaşlı oğlanları da evləndirmək olmaz. Valideynlər toplantı edirlər, uşaqlarının əvəzinə qərar verirlər, öz planlarını reallaşdırırlar, birinin hədəfi özünə arxa tapmaq, birinin hədəfi nəsil-qohum çevrəsindən kənara çıxmamağı təmin etmək, birininki varlanmaq, birininki də, bizimkilərdəki kimi, dostluqlarını qohumluğa çevirmək olur. Nəticədə onlar öz bəsit istəkləri sayəsində övladlarını bədbəxt edirlər. Əksərən bir-biri ilə tanış belə olmayan, bir-birinə heç bir hiss bəsləməyən uşaqları zorla bir-birinə pərçimləyib bədbəxt edirlər. Bilirsən, qızım, indi əlli-altmış il əvvəlki zəmanə deyil. Bəlkə də bu prinsip haçansa məqbul olub, amma indi məqbul ola bilməz. İndiki kompüter, internet əsrində uşaqlar ovaxtkı uşaqlar deyillər. Təfəkkür, məfkurə, bilik, savad, elm – hər şey dəyişib, di gəl, mental qanunlar dəyişməyib ki, dəyişməyib.

Bir ara Madar lap azğınlaşdı, bəzən günlərlə evə gəlmirdi, sorağı gah İstanbuldan, “Reyna” diskotekasından, gah Batumidən, “İveriya” kazinosundan gəlirdi. Valideynləri də Ülkərlə birlikdə kədərə batmışdılar.

Hamiləlik dönəmində Ülkər Madardan hər halda qayğı gözlədi, qışın oğlan çağında alça arzulayan, arzusunu həyat yoldaşına söyləyən, həyat yoldaşının da gedib yerin altından da olsa həmin alçanı tapıb gətirməsindən xoşhal olan bəxtəvər hamilə xanımlar barədə çox eşitmişdi, təəssüf ki, buna bənzər bir şeyi Madarda görə bilmədi. Yalnız hərdən onun günbəgün irilənməkdə olan qarnına baxıb “Hə, oğlum haçan dünyaya gələcək” sualını ünvanlamaqdan başqa Madarda bir dəyişiklik sezə bilmədi.

2005-ci ilin 11 aprelində qızı dünyaya gəldi.

Analıq hissi necə də təkrarsızdır, gözəldir. Körpə qığıltısı onu özündən alıb apardı. Körpənin qoxusu onu necə də məst elədi. Leyla Şıxlinskayanın Doğum evinə Madar yenə də sərxoş halda gəldi, böyük gül dəstəsi və bahalı şokoladla gəlmişdi, sevincək idi, Ülkər xəstəxanadan çıxanda da dostları üçün böyük bir ziyafət təşkil elədi.

Ata olmasının sevincini cəmi bir neçə gün yaşadı, sonra uşaq da onun üçün adiləşdi.

Hətta bir dəfə Ülkəri təhqir də elədi ki, ay ləçər, canın çıxardı oğlan doğsaydın?

Ülkər Rüfətlə sevişdiyi dönəmdə əhd eləmişdi ki, sevgi ilə doğulan oğluna Elvin, qızına Aylin adını qoysun. Əhdinə əməl elədi, Madarın uşağa hansı adın qoyulmasını vecinə belə almadığını görüb Nazəndə xanıma dedi ki, Aylin adından çox xoşum gəlir, istəyirəm qızıma Aylin adını qoyum.

İlk nəvə sevincindən qanad açıb uçmağa hazırlaşan Nazəndə xanımla Ərəstun müəllimin öz qərarları var idi, onlar da özlüklərində gələcək nəvələrinə adlar seçmişdilər, amma onsuz da talesiz olan gəlinlərinin ziddinə getməmək, onu bir az da əzməmək qərarı verib Aylin adıyla razılaşdılar.

Nəvəsini görməyə gələndə Qələndərov Zöhrəyə dedi ki, nəvəm kopya özümə oxşayır. Gör bir necə ciddi və qaraqabaqdır.

Həmin an evliliyindən bəri ilk dəfə Ülkər təklikdə qalanda atasına necə də bədbəxt olduğunu dilə gətirdi, onu əşya kimi satmaqda ittiham elədi. Dedi, dünyada ən gözəl dad sevginin dadıdır. Allah insanı sevgidən yaradıb.

Dedi, bax, sən ev alanda da, maşın alanda da, sevdiyin, bəyəndiyin evi, maşını alırsan. Amma daha önəmli şey ailə qurmaqdır. Sən ata olaraq məni sevgi ilə ailə qurmaqdan məhrum elədin.

Ülkər ilk dəfə ailə həyatının bütün acılarını ətraflı olaraq atasına danışdı, onu qızını bədbəxt eləməkdə ittiham etdi.

Qələndərov həmişə odlu-alovlu, hikkəli görünsə də, bu dəfə qızının üstünə getmədi, onu səbirlə dinlədi, sonda da “Sən daha anasan, balanın xatirinə hər şeyi yoluna qoymalısan, Madar da başı daşdan-daşa dəyəndən sonra sakitləşəcək, ailəcanlı olacaq” deyib qızı ilə xudahafizləşdi.

Bir dəfə isə lap dəhşətlisi oldu. Gecə Ülkərin yuxusu qaçmışdı, Rüfətin verdiyi kitabı götürüb vərəqləyirdi, şeirlərlə baş-başa idi.

 

Başımda tufan var, könlümdə çovğun, 
Arzu da, fikir də qaldı yarıda, 
Gör necə güclüsən, 
sənin yoxluğun 
Mənə ögey etdi doğmaları da.

Fərəhim, sevincim dünəndə qaldı, 
Dərdimdə, qəmimdə yaşarsan mənim. 
Yoxluğun gör necə qələbə çaldı, 
Bugünüm ölüdür, 
yaşar dünənim! 
Çaldım öz könlümü ayrı simdə mən;
İlişib qalmışam dünənimdə mən.

 

Kitabı oxuyub sinəsinə sıxır, göz yaşı axıdırdı. Birdən başının üstündə ərini gördü, Madar onun əlindən kitabı qapdı, açıb Ülkər oxuyan şeirə göz gəzdirdi:

 

Fərəhim, sevincim dünəndə qaldı, 
Dərdimdə, qəmimdə yaşarsan mənim. 
Yoxluğun gör necə qələbə çaldı, 
Bugünüm ölüdür, yaşar dünənim! 

 

Gecənin bir aləmi necə çığırdısa, səsi dərin sükutda əks-səda verdi:

-- Demək, eşqə düşmüsən? Keçmiş sevgilini unuda bilmirsən?! Fahişəymişsən sən, xəbərimiz yox imiş!

Madarın valideynləri də gözlərini ovuşduraraq qaçıb gəldilər. Bu boyda həngaməyə səbəb yalnız Madarın Ülkəri bir kişi ilə tutması ola bilərdi, görəndə ki, Ülkərin kitab oxuması səbəbindən Madar bu cür oyun çıxarır, valideynləri ona dişlərinin dibindən çıxanı dedilər. Amma Madar sərxoşdu, hallı idi, özündə deyildi. Kitabı cırdı, pəncərəni açıb oradan küçəyə vızıldatdı.

Ülkər ərinin çıxardığı bu oyundan daha da əzildi, daha da sındı. Sanki kitabı yox, ürəyini cırdılar, pəncərədən çölə vızıldatdılar.

O arada Ülkərin yeganə təsəllisi balasını sinəsinə sıxıb ağlamaq idi. Bəzən fərqinə varırdı ki, körpənin üst-başını da yamyaş edib gözünün yaşları ilə.

Aylin günlə, ayla yox, sanki saatla, dəqiqə ilə böyüyürdü. Dil açması, yeriməsi də özünü çox gözlətmədi. Baba-nənə, bir də ana sevgisi ilə tam əhatə olunmuş uşağın çarpayısı, kolyaskası, paltarı ən bahalılarından idi. Onun əmziyi belə Amerikadan gətizdirilmişdi, qiyməti iki yüz qırx dollar idi.

Amma nə olsun?! Zahiri xoşbəxtlik arxasında böyük bir daxili nigarançılıq vardı, bu da atanın balaya diqqətsizliyi idi.

 

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)