QİRAƏT SAATInda “Eşq mələyi”

 “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

8-ci hissə

 

Boşanmalar niyə artır?

 

Süleyman kədərli halda kitabı bükdü… Durub yan otağa keçdi, televizora baxan Zərrin xanımın yanında divanda əyləşdi, onu heyran-heyran bir də süzdü… Ailə müqəddəsdir, ləkə götürməz. Ülkəri istədiyindən zorla qoparırlar, başqasına verirlər. O vaxtZərrinlə bir sinifdə oxumuşdular, arxayın idi ki, Zərrinin sevdiyi bir kəs olmayıb. Nə yaxşı tanıdığını, bələd olduğunu alıb. Başqasıyla, öncədən tanımadığı biri ilə ailə qursaydı, bu oxuduğu romandan sonra şübhələrdən əsla qurtula bilməzdi.

Zərrini özünə tərəf çəkib ehmalca yanağından öpdü və yenə çay istədi. Zərrin baxdığı teleserialın maraqlı epizodunu sonacan izləyib sonra tələsik mətbəxə getdi.

Zərrinin nə qədər ürəyincə bir xanım olduğunu düşündü. İndi Azərbaycanda baş verən boşanma hallarının sürətlə artmasının kökünü elə Ülkərin toyu kimi bir toyda, ondan əvvəlki elçilənmədə, valideynlərin ailə qurmağa müdaxiləsində gördü.Zərrin çay gətirdi. Özünə də süzmüşdü. Onlar çay içə-icə serialdakı epizodu müzakirə etməyə başladılar. Türk serialı idi. Yaşlı bir kişinin gənc həyat yoldaşı gizlicə kişinin qardaşı oğluyla eşq yaşayırdı. Süleyman qətiyyətlə bu halı pislədi. Dedi, bəlkə də qızların pozulmalarına bu sayaq filmlər rəvac verir. Dedi, bunların mesajı nədir axı, qadınları ərlərinə xəyanət etməyə sürükləyirlər?

Zərrin Süleyman deyəni təsdiqlədi. Amma mükaliməni bir qədər də dərinləşdirdi. Dedi, olsun ki, mesaj kişilərədir, imkanlı, varlı olan qoca kişilərədir, onlara deyilir ki, pulunuzun gücünə qızınız yaşda birilərini almayın, mütləq xəyanətə tuş gələcəksiniz.

Serial bitdi, Süleyman kanaldəyişəni götürüb kanalı dəyişdi, bir neçə kanalı yoxladı. Kanallardan birində ona universitetdə sosiologiyadan dərs deyən yaşlı professoru gördü. Professor ailə məsələlərindən danışırdı:

-- Təəsüf ki, indiki vaxtda ailələrimizdə tariximizdə görünməyən bir gərginlik yaşanır. Hər yüz nikaha qarşı otuzdan artıq boşanma halları var. Nəzərə alsaq ki, boşananlardan iki dəfə çox da gərginlik halları yaşayan var, o zaman ailələrimizin səksən faizində gərginlik olduğunu deyə bilərik. Bu, təkcə ər və arvadın faciəsi, problemi deyil. Onlar boşanandan sonra bəlkə daha münasib başqa adamla ailə də quracaqlar, yaxud daha maraqlı bir həyata təminat da alacaqlar. Əsas problem bizim yeni nəslin problemidir. İndiki vaxtda bizim qarşımızda duran ən mühüm məsələ daha keyfiyyətli yeni nəslimizin olmasıdır. Ölkənin gələcək taleyi həm də boy atan yeni nəslin keyfiyyətindən asılıdır. Ata-ana ixtilafları arasında yaşayan, yaxud boşanmış valideynlərin zavalına düşən uşaqlar psixoloji travma almırlarmı? Əlbəttə alırlar.

Zərrin professorun dediyini təsdiqlədi. Fikirli-fikirli durub qızlarının otağına keçdi. Müəllimin dedikləri onu bərk həyəcanlandırmışdı. Səkkizincidə oxuyan qız planşetdə yeniyetmə serialına baxırdı. Qızına sorğu-sual elədi, dedi, mama qurban, orda əxlaq pozan bir şeylər ola bilər, hər halda Avropa serialıdır, onların mentaliteti başqadır, bizimki başqa.

Süleyman isə çay içə-icə fikrən Ülkərin yanında idi. Çayını içib qurtarıb Ülkərin yanına getmək hayındaydı.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2023)