POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənlii, “Bənövşə bəndə düşdü” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Bənövşə bəndə düşdü” şeirinin növbəsidir. 

 

Evcik-evcik oynadıq,

Evciyimiz ev oldu.

Sonra evlərdən xəlvət

Sevgimiz də doğuldu.

Ömürdən keçib getdi

O illərin axarı.

Mən qaldım ilk baharda,

Neyləyim tez yetişir

Qızların son baharı...

Bir gün,

Bənövşə bəndə düşdü,

Bu xəbər kəndə düşdü.

Mənimlə var olan qız

Özgə kəməndə düşdü...

Toy səsi, mağar səsi,

Qəlblərin titrəməsi,

Yeniyetmə oğlanın

Yıxılıb çəmən üstə

Var səslə hönkürməsi...

Sonra da bir bayatı:

- Su gələ gölə bir də,

Dərdimi bölə bir də

Payız köçən bənövşə

Yaz ola gələ bir də.

 

Bu qış o gülə dəydi,

Hicran o günə dəydi.

Bu ağac çiçək açmaz

Balta kökünə dəydi.

 

Bu yaz o yazdan deyil,

Soyuq ayazdan deyil,

Təzə məktub almışam

Ancaq o qızdan deyil.

 

Gün təzə,

Ömür təzə, gün təzə.

Təzə bahar gəlibdir

Gətirdiyi gül təzə.

 

Bu da belə bahardı,

O da belə baxardı.

Hicran məni boğurdu

Bu qız gəlib çıxardı.

 

Dağlar çən geyir indi,

Kimsə qəm yeyir indi.

Yıxılıb çəmən üstə

Bayatı deyir indi:

 

- Bənövşə bəndə düşdü,

Bu səda kəndə düşdü,

Mənimlə var olan qız

Özgə kəməndə düşdü.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2023)