Nərgizlərin qoxusu üzərindən sürülən sarı taksilər… - Güneyli Rza Nurinin şeirləri Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

 

Rza Nuri 1991-ci ildə Tehran şəhərində anadan olmuşdur. 10 ilə yaxındır ki, ədəbiyyatla məşğuldur. Şeirləri portallarda yayımlanıb. İngiliscədən Azərbaycancaya çevirdiyi bir neçə psixoanalitik məqalələri sanal dünyada yayımlanmışdır. O, Margurite Durasın “Ölüm xəstəliyi” adlı romanını dilimizə çevirmişdir.

 

 

1.

Çünki mən son nəfəsimi siyirmişdim dişlərimlə

Və onurğamdan uçurmuşdum boylu kəpənəklər sözünü

Gündüzün sarı avtobusuna düzənmiş saçlarını günlərə bölən barmaqların körpülüyünü sürüşən dünyada,

otuz kərə günəşi dolandığım qəlpə başımla ilgidə

Yolları dərələrə yayınır baldırın fikri.

Yarımçıq məktubumun davamını

Postçu düşmüş qalabalığa

Əzilmiş sözlərim

Küçədə

Küçə başını əymiş xiyabanlarda

Başa vurduğum o iti qoxunu

Qəzetdə bıçaqlanmış bir kioskçunun qəzetləri içində bıçaqlanmış bir kioskun içində qəzetlər

Dışında xəbərlər

Sərilincə dışarı

Pəncərədəki avtoyayım dalğalar, qıvrım saçlarını yamsılayırdı

Çatlaq dodağına hopmuş budaqdan

Nəfəsinlə uçurursan quşları

Yalnız açıq havalarda, düşürdün yadıma

Çölə düşmüş öylə bir xəbər ol ki, raketlər ötsün həlqeyi-zülfündən

Gözlərinlə üzünü dişlərinə yığan aynalar sayağı,

aynada çərçivədən düşmüş üzümü içinə çəkdiyin, dibə düşdüyüm uzaqlara bax

Həyatını sözlər sancağıyla tutan birisiyəm

Məni öylə bir sətirdə tut

Köynəyimin yaxasın uçur

Dodağın səkiliyindən.

 

2.

Boğaz yollarına zair düşmüş adını

Göz qapaqlarını rol etdiyin əfyun bir yuxuda

Halqa-halqa üfürdüm

Enib-qalxdım

Ağız boşluğunun çəkməcəsini açıb-bağlayan ağciyərimlə

Səsim azad sulara dağılan adalar

Səsim qafiyə yerinə barmağın ucu, əzilən kağızlar

Səsim izləyicilərini çeynəyən bir səhnə

Səsimdə Urmu ozon qatı dəliyindən qarqara edir

Quş dedikdə

Yuxuların mürəkkəb qabına batmış boyalı-bayğın başım

Göy qursağı sayaq atılır protez dişlərim

Buraq min işarətə bağladığın sözün çərpələng uçuşunu

Həyatımın alt yazısını qatarla sürübsən gözlərinə

Burax təmas xəttini ötmüş bir təyyarənin

Hava limanında yumurtalamasını.

Xiyabanın əli duraqda

Cibində gilə-gilə udmuş avtobusu,

boyununa qol-boyun meydançalarda qalstukunu bağlayan avtobusa udulur İona, udulur Ahab

Sırğa sayağı itmiş, şin saxlamış evini sapmış küçələrə su səpmisən

Çəkib düymələ küçəni

Boyununu süpür yığ qulağına

Murtazlar zurnasına qalxan bağırsağım

Xəyyam parkında bir misra olan skamyada oturan qocanın korluğuna çəlik olur

Boğaz yollarına zair adın

Min qucaq ağaclarda baş yerinə bölünən sözün versiyalarını uzatmış

Asılqandan asladığım ağciyər salxımları söyləmində

Boyununun sayıqlayan döngələri var

Qorxmaz dərəcəsində qıvrıq saçın

Əqrəblərin əks istiqamətdə qət edən dəniz dalğalarının kələfindən bir parçadır

Boğaz yolları zair adına

Əfyun yuxulara bağla gözünü.

 

3.

DUZLU BALIQ RESEPTİ

 

Balığı duzlu suda yatırdırsınız

Barmağınızla yaxşıca yoğurursunuz

Əliniz boğazınızda, əliniz lövbər atmış köksünüzə

Barmaq sındırmaq işləyi göyərti doğramaq yerinə  

Sümük salxımlarını hiss edirsiniz

Suyu günəş qarşısında qurutmaq şərtdir  

Həmən əlin-qolun, ayağın üzülüb qalansın

Sonra duzu ağciyərdən boşaltmaq gərəkir

Ağciyərin duzqabıya çevrilməsi

Burundan keçən iki ip kimi idi nəfəsini qarqara etdiyndə

Xoy günəbaxanı yağına qızardılmış Urmu balığı

Qovrulan gözümüzü limon sıxaraq acılaşdıran qəhvəyi duman

Başımızı harasa tullayacaq gövdə reaksiyası

Börkümüzün dəliyi havada bloklanmamış

Sadəcə gor maskasıdır

Leş yeyən ağzımız...

 

4

Mən kəşf etdim ki, bu gözəl dünyaya bir az da yaxından baxsanız, altında həmişə qırmızı qarışqalar var

«David Linç»

Əziz dostum «Əmin Hacılı» üçün 

Güzgü.

‎ ‏

Burnumla həmən hörəsi olduğum ətrini

Göz qırışı xəttindən sapladım

Xiyaban ayağına yazılmış varikoz döymədən

Səni göstərən linkə keçdim

Nərgizlərin qoxusu üzərindən sürülən sarı taksilərə düzülən baxışım, təsbeh dənələri sayaq ötmüş titrək neonları

(Elə ki, zər dağılar sayaq sıyıq gözüm, səni göstərən linkə keçər-keçməz yaxılıb yapışdı şəkilinə)

Ağzımızdan qulağımıza gedən gizli yollar var

Dayima boşa çıxar səsi

Meylin açılmış dəliyindən ötürdüm

Qanaxma xəttindən təqib etdiyim dolanbac küçələri, başıma bandaj etdim

Çünki qoşmuş qanın şlanqı daşlarla qarançır bağlarda kəsişmiş

Ağzımızın qulağımıza sağanaq olduğunu

Qırmızı və sarı qarışqaların yeraltı qansızmasını

Səninlə düşündük

Sözü qaval səsi arasında əzib

Sükutu ələdiyimiz ağız dəliyi bilərziyindən ötməyən əlimizlə

Quşlar dəstəsinə eləmişdik daşları

Əllərinə dəstə olmuş söz atışı pilləkənindən enən əngim

Bir hıçqırıq daktilodan qoparmış zəncirotu nəhvini

Sən həyatıma toxunan xəyal çubuğu şərtisən

Xəyal edirəmsə, varam demək

Qarışqaları izlə

Xəyal edirsənsə...

 

5

Qulağın bataqlığına saplamayan duman idim

Ucu qucağına gedər yolların kələfi

Gözünə dikdiyim gözlərim

Qəfil barmaqlarının arasından sızan saçların uçurumluğuna yuvarlandı

Onurğanın şəlaləcik zəncirinə hörülən hava idim

Dodağın uçaq limanın qısıb, düyününü sıxan kimi

Atıldı gülüşə sarılmış tellərin

Barmaqlarımın titrəyişindən sürür köynəyin dalğası

Ayağı diş olmuş qırxayaqlı nəfəsim

İlgəyini açan qatardır

Qulağın bataqlığına saplanmayan duman idim

Ucu qucağına gedər yolların kələfi

Qolum Belin qıvrıltısından qucağını sapmış yol.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)