BİRİ İKİSİNDƏ – Səddam Laçının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Səddam Laçınındır.



BİR QARIŞLIQ ADAM

 

Günəşi görmək üçün gecə baxırsan göyə...

Hamı sənə kor deyir, necə baxırsan göyə?

Çox qarışıq adamsan.

Biz isə ağıllıyıq, hər şeyi "düz" bilirik,

Ürəyin dünya boyda olsa da, biz bilirik,

Bir qarışlıq adamsan.

Saçında ağ tellərin qaralarla yarışır,

Belə də davam elə, sənə də bu yaraşır,

Tam yarışlıq adamsan.

Gözlərindən axanlar gözünə bir də baxmır,

Axı niyə baxanlar üzünə bir də baxmır?

Bir baxışlıq adamsan?

Ahın yerdən göylərə heç çatmasın, əzizim,

Səni qara buludlar aldatmasın, əzizim,

Bir yağışlıq adamsan.

 

 

YUXU YOZMA

 

Yum gözünü, bəlkə, hər şey düzəldi?
Bir yuxu ki gerçəyindən gözəldi,
Oyanma.
Oyandınsa, yuxulara inanma.

Bir yuxudu gerçək olan, bir həyat,
Aç gözünü, inanmasan, bir də yat.
Yubanma.
Yubandınsa, əbədi yat, oyanma.

Ölmüşəmmi ağlayasan, gözəlim?
Kim desə ki ağlamaqla düzəlir,
İnanma.
İnandınsa, ağla, qızım, utanma.

Bir eşqi ki qurban verdik bir səhvə,
Yüz dəfə də “gəlmə” desəm, bir dəfə
Gəl, amma
Bil ki, səni gözləyən var,
Yubanma.

 

 

QƏRİBƏ QADIN

 

Sən qəribə qadınsan,

Nəfəsin od kimidir,

Buz kimi görsənirsən.

Sən öz dərdi bir yana,

Hamının dərdin çəkən

Qız kimi görsənirsən.

Sən qəribə qadınsan,

Gözlərində həqiqət,

Dilində yalan yatır.

Ürəyində məhəbbət,

Qoynunda ilan yatır.

Sən qəribə qadınsan,

Yalandan dilin küsüb,

Dodaqların öpüşmür.

Gözlərin açıq qalıb,

Kirpiklərin görüşmür.

Özünü danlamaqla,

Ağlamaqla ötüşmür.
Sən qəribə qadınsan,

Əməlin arzularla

Bir gün üst-üstə düşmür.

 

 

BƏXTSİZ

 

Ay bəxti üzündən qara,
Qısqanırmı kömür səni?
Ömür deyib yaşayırsan,
Öldürəcək ömür səni.

Bu ki, heç kimə sirr deyil,
Ömür ölümlə bir deyil,
Dünya ölməli yer deyil,
Sevdiklərin gömür səni...

 

TREMOR RƏSSAM

Dağınıq otaq...

Fonda Mozart... Reqviem-d minor.

Kətan parça üzərində

Tələskən barmaqlar – tremor.

 

İki dünya bir olur hər səhər,

İki adam qovuşur hər axşam.

 

Səsləri kəsən bəstəkar,

Əlləri əsən rəssam,

Notlara hakim adam,

Rənglərə kəniz qız.

Bir gözü gölməçə,

Bir gözü dəniz qız…

 

 

UNUDULAN QADIN

Göz yaşını qurutmağın yanında
Bir dənizi qurutmağa nə var ki?
Dərd eləmə, qurban olum dərdinə,
Unut məni, unutmağa nə var ki?

 

Mən ki sənin sevmədiyin adamam,

Elədirsə, kimin dərdin çəkirsən?

Get tarının, mizrabının dərdin çək,

Niyə gəlib simin dərdin çəkirsən?

 

Axtardığın mən olsam da, əzizim,

İtirdiyin mən deyiləm, bilirsən.

Mən olsam da, itirdiyim adamı

Axtarmaram, sən deyiləm, bilirsən...

 

Bir bağçada gül olsan da, sonunda

Ləçək-ləçək qurudulan qadınsan.

Unut məni, unutmağa nə var ki?

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)