“Cümə günü Əbülfəzqızının 10 sualı ilə"də İntiqam Yaşarla Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

“Cümə günü Əbülfəzqızının 10 sualı  ilə" rubrikasının bu dəfə qonağı gəncliyin sevimli şairi, sətirləri ilə sevən qəlblərdə özünə yer edən İntiqam Yaşardır.

Prezident təqaüdçüsü, AYB- nin üzvü, Azərbaycan Ədəbiyyat Fondunun Gənclər bölümünün rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam bəyin "İlk görüş", "Və susarsan", " Evdə yoxam", “Bütün xatirələr sənə qalacaq" (Təbriz şəhəri) adlı kitabları oxuculara təqdim edilib. "Adını çəkirəm" adlı kitabı isə çapdadır və İnşallah, yaxın günlərdə oxucularına qovuşacaq.

Xoş gördük, dəyərli İntiqam bəy. Bilirəm ki, suallarımıza maraqlı cavablar alacağıq, beləliklə, ilk sırada yer alan "kövrəkbaxışlı" sualımızı səsləyirəm.

 

1)  Sən, ey başdaşından boylanan şəkil,

Dünyaya baxmaqdan yorulmadınmı?

Burdan gəlib keçən haqqa çatmaza,

Dişini sıxmaqdan yorulmadınmı? 

(İntiqam Yaşar)

Dəyərli İntiqam bəy,  "buzvücudlu", "buzqəlbli", başdaşı kimi soyuq, Günəşi görə bilməyib qaranlığın qara rənginə boyun əyənlərə Günəşi anlatmaq üçün nə söyləyərdiniz?

 

- Günəş gözəldir. 

 

2)  İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir. (Əbu Turxan)

İntiqam bəy tez- tez bu səyahətdə olurmu və ən çox səyahətə haradan başlayır?

 

- Mən düşünürəm ki hər kəs öz daxilinə səyahətdə bir dəfə də olsa olub. Əsas o səyahət zamanı nəyi görməkdir. Göz yaxşı şeyi bir dəfə gördükdə bir daha görmək istəyir. Daxilini təmiz saxlayan adamlar o səyahətə tez-tez çıxarlar.  

 

3)Son deyilən nə var ki, 

bu da bir imtahandır,

Bu dünyada əzəldən,

həqiqət adlı nə var,

sən də bildin yalandır,

mən də bildim yalandır.

(İntiqam Yaşar)

İntiqam bəy, dünyanın faniliyini bilə-bilə, bir- birinə əzab verən insanlara, " daş-qaşa aşiq olanlara", "dağın zirvəsinə çıxıb aşağıdakılara qarışqasınız" - deyənlərə tövsiyəniz nədir?

 

- Mənim fikrimcə, bütün məcazi dağlar da, zirvələr də nisbidir. Bəzi məsələlərdə tövsiyəyə ehtiyac görmürəm. Xarakter amilidir. 

 

4)  Hər gün bir az unutmaq,

Hər gün bir az ölməkdir.

İndi gülmək doğrusu,

Xətir üçün gülməkdir. 

(İntiqam Yaşar)

Dəyərli yazarımız, saxta gülüşlər zamanı biz eşitməsək də, gözlər dodaqlara, sizcə, nə söyləyər?

 

-Gözlərin söylədiyi hər zaman həqiqət olur. Yetər ki, o həqiqəti görmək qabiliyyəti olsun insanda.

 

5) İnsana danışmağı öyrənmək üçün iki il, dilini dinc qoymağı üçün isə altmış il lazım gəlir.(Feyxtvanqer)

İntiqam bəy, niyə danışmağı bacarmayanlar daha çox danışır?

Hər zaman xoş olar ki, bildiyindən danışasan. Həm də zəhmət çəkib az danışasan.

 

 -Ümumiyyətlə, hər şey çox olanda əzablı şəkildə yorucu olur mənə görə. 

 

6) Bəxtimin heç sevinc payı yoxuymuş,

Ağrı yan-yanaymış, acı sıxıymış,

Dərd-qəmin qüvvəsi, gücü çoxuymuş,

Çalışdım mən ona bata bilmədim. 

(İntiqam Yaşar)

Əziz Yazarımız, dərdin güclü olması ürəyimizin kövrəkliyi ilə əlaqəli ola bilərmi, ürək daş olsa, dərdin qollarının onu incitməyə gücü çatarmı?

 

-Hər kəsin öz dərdi olur. Düşünmürəm ki, ürəyi daş adamlar dərd çəkmir.  Sadəcə, nəyi dərd etmək məsələsi var. Həssas adamların dərdi çox olur, ətrafda çox şey onlara dərd ola bilir. 

 

7)" Xəyanət ruha hopmuş bir virusdur, əsla yaxa qurtarmaq olmaz." ( Dostoyevski)

İntiqam bəy, xəyanətin cinsi olmur, xəyanət edən insana bircə dəfə də olsun şans vermək düzgündürmü? Yoxsa, Dostoyevski demiş, o xəyanət virusunu yox etməyə heç bir preparatın gücü yoxdur?

 

- Baxır xəyanət hansı yöndə olur. Xəyanətin də digər hərəkətlər kimi çox yönləri, çox aspektləri ola bilər. Hərə öz baxış bucağından yanaşaraq nəyisə xəyanət hesab edə bilər, ya da əksinə. 

 

8) Mənə sual vermə çox,

Ayrılığın dadından.

Hələ ayrılmamışam,

Ayrıldığım qadından.

Elə asan gəlməsin,

Sənə "Əlvida" sözü.

Necə dediyimi də,

Xatırlamıram, düzü.

(İntiqam Yaşar)

  İntiqam bəy, ayrılığın dadı acı olmalıdır ki, sevginin adı həqiqət olsun,  "acı dad həqiqi sevginin nişanəsidir?"

 

- Həqiqi olan, dəyərli olan hər şey bitəndə ağrılı-acılı olur. Acı dad önəmlilik amilinin nişanəsidir. 

 

9) Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; 

bəzən xatırlatmaq lazım gəlir, 

xatırlanmaq üçün;

bəzən ağlamaq lazım gəlir, açılmaq üçün;

bəzən anmaq lazım gəlir, anılmaq üçün;

bəzən də susmaq lazım gəlir, duymaq üçün. (Şəms Təbrizi)

"Səma”, “dəniz”, “tənha", "sevgi" və "nifrət”.

İntiqam bəy, daxilində bu sözlər olan bir obrazlı cümlə istəsək, hansı cümləni eşidərik?

 

-Səma və dəniz tənha adamların sevgisinə də, nifrətinə də şahidlərdir. 

 

10) İçimdə  bir dərin havasızlıq,

Gözlərim önündə yenə sən.

Əlbəttə, yuxudur...

Öyrəşmişəm aldanmağa.

Hərdən həqiqətə tərəf 

addım atmaq keçir ruhumdan... 

(İntiqam Yaşar)

İntiqam bəy, duyğu dənizinin ən dərinində gizlənən və sönməyən köz kimi hər atışında qəlbə dağ basan, hər nəfəs alışında qəlbə batan, ən iti xəncər kimi gizli qalan məhəbbətin ömrü tükənərmi?

 

- Zaman hər şeyin ən vacib ölçü vahididir. Hər şeyə bu prizmadan yanaşmaq lazımdır. Tükənib-tükənməmək də zamana münasib fikir istəyir. Onu da əvvəldən demək çətindir. 

 

Dəyərli yazarımız- İntiqam bəy, gərgin iş rejiminiz olsa da, şair ömrünüzdən bizə pay ayırdığınız üçün sizə minnətdarıq, yaradıcılığınızda, şəxsi həyatınızda Sizə uğurlar arzulayırıq və ənənəvi sualımız- hansı sualı daha çox bəyəndiniz?

 

-Təşəkkür edirəm. Var olun. 5-ci sualınızı daha çox bəyəndim.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)