Əyyub Türkaydan yeni uşaq şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Əyyub Türkayın uşaqlar üçün yazdığı yeni şeirlərini təqdim edir.

 

 

 

BAĞ EVİMİZ

 

Nə gözəl ətirlidir

Bağçamızdakı güllər.

Məni oyadır səhər

Gözəl səsli bülbüllər.

 

Nənəm deyir, nə xoş ki,

Yaşamırıq binada.

Bülbül yaxın gəlməzdi,

Eşitməzdik onu da.

 

Bağ evimizdən ayrı

Bir ev sevmirəm qəti.

Burda yaşayıb sevdim

Mən "Ana təbiət"i.

 

 

İŞLƏMƏYƏN DİŞLƏMƏZ

 

Arzu babasın görüb

Yaxınlaşdı tez ona.

Əlindəki çörəyi

Yeyib çatdırdı sona.

 

Mən anamdan bu sözü

Eşitmişəm söylədi.

"İşləməyən dişləməz",

Həqiqətən belədi?

 

Anam kimi zavodda

Mən də gedim işləyim?

Sonra gəlib rahatca

Evdə çörək dişləyim?

 

Babası dedi: - Balam,

Sən kömək et anana.

Ev işlərin tez görsün,

İmkan vermə yubana.

 

Uşaqlıqdan zəhmətə

Gərək alışa insan.

Böyüdükcə sözümü

Anlayacaqsan asan.

 

 

UZUNÖMÜRLÜ

 

Nənəmin doxsan yaşı

Yenicə tamam olub.

Uzun ömür yaşayıb,

Sağlıqla yaşa dolub.

 

Maraqlandım, soruşdum

Uzun ömürün sirrin.

Nənəm üzümə baxıb

Tez güldü şirin-şirin.

 

Dedi: - Əvvəl gündən mən

Sağlam qidalanmışam.

Daim hərəkət edib

Çox yerlər dolanmışam.

 

Təmiz dağ havasını

Nəfəsimə almışam.

Sevinclə ömür sürüb

Bu yaşıma dolmuşam.

 

 

HƏR FƏSİLİN ÖZ YERİ VAR

 

Yenə gəldi payız fəsli,

Hər tərəfə yağdı yağış.

Xəzəl olan yarpaqlar da

Torpaq üstə saldı naxış.

 

Dəyişmişdir bu fəsildə

Təbiət öz ahəngini.

Xatırladım mən baharın

Gül-çiçəkli çələngini.

 

Dodaqaltı bu havadan

Gileyləndim yavaş-yavaş.

Deyinərək dolanırdım

Evimizdə o baş-bu baş.

 

Yağan yağış, soyuq külək

Darıxdırdı yaman məni.

Payız fəsli qurutmuşdu

Oynadığım göy çəməni.

 

Babam dedi: - Əziz balam,

İnciməyə səbəbmi var?

Bir az keçsin, qış gələcək,

Yağacaqdır hər yerə qar.

 

Bir neçə ay ötəcəkdir,

Gələcəkdir güllü bahar.

Yay gələndə bağçamızda

Bar verəcək bu gilənar.

 

Gileylənmə, gözəl balam,

Aylar ötər, il dolanar.

İstəyirəm anlayasan,

Hər fəsilin öz yeri var.

 

Əziz valideyinlər, rica edirik, bu şeirləri uşaqlarınınz üçün oxuyun. Sabah isə sizin balalarınız üçün Əyyub Türkayın “Acgöz ağa” adlı mənzum nağılını təqdim edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)