BİRİ İKİSİNDƏ – Ruslan Dost Əlinin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Ruslan Dost Əlinindir.

 

 

***

 

sənin saçların tökülər,
mənim əllərim, neyləyim?
nə gəlirsən, nə ölürsən,
mən bu gülləri neyləyim?

qaçım qapını bağlayım
və hönkür-hönkür ağlayım:
bir kimsəm yox, qucaqlayım,
bəs bu qolları neyləyim?

yox, bu külək deyil əsən,
bir səs elə, kimsən, nəsən?
bilmirəm ha tərəfdəsən,
gedim? Yolları neyləyim?..

sənin saçların tökülür,
mənim əllərim, neyləyim?
nə gəldin, nə də öldün,
mən bu gülləri neyləyim?

 

 

***

 

siz heç nə bilmirsiz, heç nə bilmirsiz,
mən adam deyildim, adam deyildim.
hara and içim ki, inanasınız.

hardasan, səhərdən səni gəzirəm,
hardasan, bir topa, bir əlçim bulud!
həmişə sən yağırdın, biz islanırdıq,
bu dəfə mən yağdım, di gəl çim, bulud.

yağdım ağaclara, yağdım quşlara,
damdım bu evlərin damınnan, di gör.
bir adam sənintək yağmaqdan ötrü
gör nətər keçirmiş canınnan, di gör.

yağdım, bu kəndi də sel-su apardı,
gördüm ki, atama söyür adamlar.
ay bulud, mən Tanrı qapısıyammı,
məni harda tutdu, döyür adamlar.

nə qədər istəsən, yağım başından,
utanma, utanma, dur gəl, çim, bulud.
yağmaq nə gözəlmiş, ah, nə gözəlmiş,
ay bir topa bulud, bir əlçim bulud.

azca yağ dedilər, söydülər məni,
mən bu yer üzünə boşuna gəldim.
deyəsən, bir Tanrı üzümə baxdı,
deyəsən, bir onun xoşuna gəldim.

dedim, mənə dəymə, yağım, yaşayım,
qoy hamı öyrənsin sulu qalmağa.
gördüm ki, bir yetim uşaq titrədir,
dayandım, yollandım günəş olmağa...

gördüm ki, quruyur bütün ağaclar,
gördüm ki, adamlar su axtarırlar.
gördüm, sususzluqdan ölür adamlar,
bir qurtum suyu da bölür adamlar.

...özün bil, özün bil, özün bil, bulud.
daha mən yağmıram, di get, öl, bulud.

baxdım buludların o nəm cildinə,
günəşə boylandım, baxa bilmədim,
qayıtdım, qayıtdım adam cildinə...

 

 

***

 

orucumu pozaram, and içərəm doyunca,
səni inandıraram bu eşqə yol boyunca.
deyirsən, sevgi nədi, oyuncaqdı, oyuncaq,
olsun, bilməlisən ki, uşaqlar üçün deyil.

baramaqlarını gətir, bir, iki, üç, dörd... sayım,
adını əzbərləyim, gündüzlər sayaqlayım.
yaxın dur, dodağına bir kəlmə pıçıldayım,
mənim deyəcəyim söz qulaqlar üçün deyil.

tərpənməyə qorxuram, bu eşq ki var  canımda,
bircə addım ataram, boğularam qanımda.
bu əlləri bəs niyə saxlamışam yanımda?
ay qız, sənin saçların daraqlar üçün deyil.

mən Tanrıdan nə bir din, nə ayə istəyirəm,
nə azan oxumaqçün minarə istəyirəm.
göy üzünü bir günlük kirayə istəyirəm,
sənə yazacaqlarım varaqlar üçün deyil...

 

 

***

 

bir fikir var, səhər-axşam
içimi didir, İlahi:
görən, dumanlı dağların,
çəkdiyi nədir, İlahi?

heç seçilmir mələyindən,
baş açmıram kələyindən,
bir qız çıxır ürəyimdən,
gör hara gedir, İlahi?

gizli sənsən, əyan sənsən,
bu dünyaya həyan sənsən.
hamıya göz qoyan sənsən,
səni kim güdür, İlahi?!

 

 

***

 

bu birotaqlı evi də satdım,
bilmirəm, vuracam hara şəklini.
saçların gözünün üstünə düşüb,
bəs niyə demirsən: dara şəklimi...

nə Tanrıya açdım, nə sənə dedim:
mənimçün sevmək də bir sənət idi.
mənim ki ürəyim eşq sənədidi,
vurdum o sənədə ara şəklini.

düzəldim özümü gərək sabahdan,
endirim bu şəkil eşqimi taxtdan.
öpüb gözlərimin üstə qoymaqdan
yara eləmişəm, yara, şəklini...

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)